Mikayıl Cabbarov hansı rektorları "divara dirəyir"?
Mikayıl Cabbarov hansı rektorları "divara dirəyir"?

Təhsil naziri bəzi ali məktəb rektorlarına xəbərdarlıq etdi

Təhsil naziri Mikayıl Cabbarov ali məktəb rəhbərlərinə xəbərdarlıq edib. Xəbərdarlığın məzmunu isə başlamaqda olan qış semestr imtahanlarıdır.
"Təhsil Nazirliyi qış imtahan sessiyasına hazırdırmı" sualına cavab olaraq, Cabbarov deyib ki, nazirlik tərəfindən "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə" əmr imzalanıb: "Əmrdə 2013-2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və gedişi ilə bağlı ali təhsil müəssisələrinin və nazirliyin müvafiq struktur bölmə rəhbərlərinə tapşırıqlar verilib.
Ötən ay təhsil nazirinin imzaladığı əmrə əsasən payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalanıb. Həmin əmrə necə əməl olunur? Bununla bağlı araşdırmalar aparılıbmı? Bu suala cavabında Mikayıl Cabbarov deyib ki, Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq, 2013-2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı ali təhsil müəssisələri tərəfindən müvafiq əmrlər hazırlanaraq struktur bölmələrə çatdırılıb və imtahan qərargahları təşkil olunub. İmtahanlara nəzarət qrupları və appelyasiya komissiyaları yaradılıb; "Sessiya dövründə şəffaflığı təmin etmək üçün ictimaiyyət nümayəndələrinin və valideynlərin imtahanlarda iştirakı ilə bağlı müvafiq tədbirlər görülüb. Tələbələr üçün imtahanqabağı məsləhət saatları təşkil edilib".
Bu il də ötən illərdə olduğu kimi, "Qaynar xətt" xidməti fəaliyyət göstərəcəkmi? Tələbələr "Qaynar xətt" xidməti ilə necə əlaqə saxlaya bilərlər? Suala cavabında nazir deyib ki, Təhsil Nazirliyində mütəmadi olaraq, bütün ali təhsil müəssisələrində isə əsasən imtahan sessiyası müddətində "Qaynar xətt" xidməti fəaliyyət göstərir: "Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti ilə əlaqə saxlamaq üçün 146 telefon nömrəsinə zəng etmək və ya nazirliyin internet saytının "Qaynar xətt" bölməsinə daxil olaraq elektron müraciət göndərmək mümkündür".
Neqativ hallara rast gəlinərsə, həmin universitetlərin rektorlarına xəbərdarlıq olunacaqmı? Bu suala Mikayıl Cabbarovun cavabı isə belə olub: "Təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə müəssisənin rəhbərləri birbaşa məsuliyyət daşıyır. Şikayətlər araşdırılacaq və onların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək".
Mikayıl Cabbarovun bəzi rektorlara belə kəskin xəbərdarlığı ötən ilin son günlərində "Unikal"ın yazdıqlarını təsdiqləyir. Xatırladaq ki, qəzetimizdəki "Bəzi rektorların 2014 narahatçılığı" başlıqlı yazıda bildirilirdi ki, Azərbaycanda dövlət ali məktəblərinin bəzilərində də rektor dəyişikliklərinə gedilməsi gözləniləndir. Elə ötən dekabr ayında qısa fasilələrlə iki rektorun dəyişdirilməsi də bunun bariz göstəricisi hesab edilirdi. "Bəzi rektorların 2014-cü ildə vəzifələri ilə vidalaşacaqlarına dair narahatlıqları var. Söhbət adı ictimai rəydə, KİV-də rüşvət və korrupsiya məsələlərində daha çox hallanan ali təhsil müəssisələrinin rəhbərlərindən gedir. Onlar son bir ayda iki rektorun əvəzlənməsindən sonra növbənin özlərinə yetişə biləcəyindən əndişəlidirlər. Bu arada Milli Məclisin bəzi deputatlarının həm rektor, həm millət vəkili olan ali təhsil müəssisə rəhbərləri ilə bağlı tələblər səsləndirməsi, bir çox universitet rektorları ilə bağlı müxtəlif KİV-lərdə davamlı şəkildə tənqidlər səsləndirilməsi və ifşaedici materialların intensivləşməsi də təsadüfi hesab olunmur. İddia edilir ki, bütün bunlar ölkədə ali təhsilin vəziyyətinin yaxşılaşdırılması üçün bəzi dövlət ali təhsil müəssisələri rəhbərlərinin əvəzlənməsi prosesinin davam etdirilməsi üçün ictimai rəyi hazırlamaq məqsədi daşıyır" deyə qəzetimizdəki sözügedən materialda vurğulanırdı.
Təhsil nazirinin dedikləri də bəzi ali məktəblərin rektorlarının başı üzərində "qşara buludların" dolaşdığını və qış semestr imtahanlarının bunun üçün vasitə rolu oynaya biləcəyini təsdiqləyir. Cabbarovun ""Təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə müəssisənin rəhbərləri birbaşa məsuliyyət daşıyır. Şikayətlər araşdırılacaq və onların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək" sözləri məhz bu mənada xeyli ilgincdir.
Belə ki, indiyədək ali məktəb rəhbərləri semestrlərdə rüşvətin tüğyan etməsinin məsuliyyətini üzərlərindən atmağa çalışırdılar, amma belə görünür ki, təhsil naziri bu cür izahatlara əhəmiyyət verməmək, universitetlərdə yaşanacaq rüşvət hallarına görə birbaşa ali məktəb rəhbərlərini cəzalandırmaq barədə qərar verib.
Bu isə qəzetimizin yeni ilqabağı təxmininin kifayət qədər real olduğunu, qış semestrinin bəzi ali məktəb rəhbərləri üçün "məhşər ayağına" çevriləcəyini göstərir.
Ülviyyə Qasımlı