Əhaliyə eşşək əti yedizdirən məmurlar

Əhaliyə eşşək əti yedizdirən məmurlar

Dünən Xaçmazda aşkarlanan at-eşşək qəbiristanlığı hansı mətləblərdən xəbər verir?
Artıq unudulmaqda olan at və eşşək ətinin bazarlara yol açması mövzusu dünən aşkarlanan bir fakta görə yenidən gündəmin əsas müzakirə mövzularından birinə çevrildi. Ötən ilin ortalarında at ətini Bakıda restoranlara satan dəstənin ifşası və həbsindən sonra bu məsələ sanki unudulmuşdu. Amma dünən yayılan xəbər bir daha təsdiqlədi ki, arxayınlaşmaq üçün heç bir əsas yoxdur və arxasında çox böyük güclərin dayandığı “ət mafiyası” heç nə olmayıbmış kimi iş başındadır. Bu haqda daha təfərrüatlı bir qədər sonra, hələliksə ötən gün aşkarlanmış və ölkədə böyük səs-küyə səbəb olmuş məlum olay haqda...

Meşədə “at-eşşək
qəbiristanlığı”:
bu necə olur?

Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisində meşə massivində xeyli sayda heyvan cəsədi tapılıb. Cəsədləri kənd sakinləri avtomobil yolundan 250-300 metr aralıda aşkar ediblər. Meşə massivində təxminən 1000-dən çox at və eşşək cəsədi aşkar edilib. Kənd sakinləri bu heyvanların ətindən kolbasa istehsalında istifadə olunduğu ehtimal edirlər. Kənd sakinləri bu barədə lazımı orqanlara məlumat veriblər.
Hadisə yerindən çəkilmiş fotolardan da göründüyü kimi, həmin ərazidə kəsilmiş at və eşşəklərin baş-ayağı ilə doludur. Təxmini hesablamalara görə burada mindən artıq heyvanın cəsədi var. Bu isə haqlı olaraq belə bir sualı aktuallaşdırır: Əcaba, bundan rayonun hüquq-mühafizə orqanları doğurdanmı xəbərsiz olublar? Axı bu bir – iki günün işi deyil. Hər halda mindən artıq at və eşşəyin xüsusi dəstə tərəfindən bir günün içərisində kəsilməsi və baş-ayaqlarının əraziyə atılması fiziki baxımdan belə mümkün deyil. Bütün bunlar isə bu işi törədən dəstənin arxasında böyük qüvvələrin dayandığına şübhə yeri qoymur.

Nazirlik sözçüsü:
“Cəsədləri
bura gecələr atıblar”

“Bu tullantıları meşə ərazisinə böyük ehtimalla gecə saatlarında atıblar”. Bu açıqlamanı isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova verib. Onun sözlərinə görə, meşələrin ətrafı hasarlanmadığından hər bir vətəndaşın meşəyə girmək hüququ var: “Bu faktla bağlı hüquq-müahfizə orqanları araşdırma aparır. Ümumiyyətlə, bu cür hallarda araşdırmanı nazirlik apara bilməz. Məsələn, bir ağac kəsilən zaman təqsirkar məlum deyilsə, araşdırmanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi apara bilmir. Bu səbəbdən də araşdırma hüquq mühafizə orqanlarına tapşırılıb. Meşə sahəsində bu fakt aşkarlanan zaman akt tərtib edilib və hüquq mühafizə orqanlarına müraciət edilib. Çünki təqsirkar bilinmir. Ümumilikdə, meşə sahəsindən bu cür istifadə edilməsi bizi narahat edir. Bu etik olaraq da düzgün deyil. Bioloji olaraq isə bunun heç bir zərəri yoxdur. Çünki həmin tullantı torpağa qarışaraq gübrə olacaq”.

Bəs, əhaliyə eşşək əti yedizdirənlər kimdir?

Bu əməli törədənlərin kimliyi isə bəlli deyil. Verilən rəsmi açıqlamalara görə, müvafiq orqanlar baş vermiş olayla bağlı araşdırmalara başlayıb. Hələlik isə bəlli olan bir şey var: Hər halda həmin mütəşəkkil dəstə bu heyvanları əyləncə xatirinə kəsməyiblər, hazırda baş-ayaqları Xaçmaz meşələrində olan at və eşşəklərin əti Azərbaycan vətəndaşlarına yedizdiriləcək və ya artıq yedizdirilib. Bu isə xalqın heysiyyatının təhqiriylə yanaşı həm də konkret olaraq cinayətdir.
Amma məsələnin digər mühüm tərəfi də ondan ibarətdir ki, həmin cinayətin başında çox böyük ehtimalla güclü məmurlar dayanıb. Yoxsa, necə düşünürsünüz, minlərlə at və eşşəyi kəsib, sonra da əlini – qolunu sallayaraq onların ətini bazarlarda və restoranlarda təhlükəsiz qaydada satdırmaq adi adamın işi ola bilərmi? Sualın cavabı aydındır; YOX. Bəs, həmin görünməz qüvvələr kimlərdir və onlar da ifşa olunacaqmı? Yoxsa elə ötən il olduğu kimi 1-2 nəfəri həbs etməklə yenə baş qatacaqlar? Açıq qalan bir sual da var və hesab edirik ki, buna da cavab verilməlidir....

At-eşşək əti
bazarlara, restoranlara
necə ayaq açır?

Axı, bu əti qəbul edənlər yaxşı bilir ki, aldıqları nə ətidir. Deməli, şəbəkə daha genişdir və onlar həm murdar ət satışıyla, həm də restorançılıqla məşğuldurlar. Əks halda kimsə güvənmədiyi obyekt sahiblərinə “sizə eşşək əti gətirmişəm, alın” deyə bilməz axı.
Xatırladaq ki, ötən ilin ortalarında Abşeron rayonunda Güzdək və Müşfiqabad yaşayış sahələrində aşkar edilmiş at əti ilə əlaqədar faktlar, dünənki olay da onu göstərir ki, bu növ cinayətlər davam etməkdədir. Qeyd edək ki, həmin vaxt Abşeron rayon Polis Şöbəsinin əməkdaşları cinayətkar dəstənin xeyli sayda üzvlərini yaxalayaraq məsuliyyətə cəlb ediblər. Həmin şəxslərin istintaqa verdiyi ifadədə bildirilirdi ki, at və eşşək ətləri adını çəkdiyimiz yaşayış sahələrindəki sexlərin birində kəsilərək çeşidlənir, qablara doldurulur və selefon torbada lazımi ünvanlara göndərilir. Cinayət əməlində iştirak edən şəxslər onu da ifadələrində qeyd edirlər ki, bu at əti Bakı şəhərindəki dönərxanalara və bir çox restoranlara paylanıb.
Aydındır ki, mənşəyi bilinməyən ətin müxtəlif satış mərkəzlərinə göndərilməsi və onun istehlakçılara satılması özü də bir cinayətdir. Qeyd etməliyik ki, bunları bilə-bilə bir çox cinayətkar ünsürlər küllü miqdarda pul qazanmaq naminə həmin addımı atıblar. Təəssüf doğuran həm də odur ki, əhaliyə xidmət etməli olan dönərxana və restoran müdirləri də bu cinayətdə iştirak edir, ucuz qiymətə aldıqları at və eşşək ətlərini bişirərək insanlara satırlar.
Artıq aparılan istintaq hərəkətləri və araşdırmalar zamanı o da aydınlaşıb ki, Bakı şəhərində bir neçə dönərxana və restoran at ətinin istifadəçisidir. Burdan belə bir məntiqi sual doğur: Nə üçün indiyə kimi at və eşşək ətlərinin dönərxanalara və restoranlara paylanmasına və satışına kimlərsə göz yumublar?!

Bəs, nə etməli?

Belə getsə, ölkə ərazisində mənşəyi bilinməyən ətlərin satışı daha da geniş vüsət alacaq. Hamıya gün kimi aydındır ki, kolbasa sexlərinə və eləcə də yarmarkalara, əhalinin sıx olduğu yerlərdə fəaliyyət göstərən iaşə müəssisələrinə mənşəyi bilinməyən ətlər verilir. Xüsusən də kolbasa sexlərinə ölmüş iribuynuzlu heyvanların ətləri, eləcə də at və eşşək əti satılır. Onda siz deyin, bu əhali və insanlar hardan bilsin ki, aldıqları ət və yedikləri yemək mənşəyi bilinməyən məhsuldur?! Axı müvafiq dövlət qurumları, konkret olaraq Standartlaşma və Patent üzrə Dövlət Komitəsi həmin məhsulları istehsal edən müəssisələrə sertifikat və ya müvafiq icazə verir? Bəs, onlar həmin müəssisələrin nə istehsal etdiyini yoxlayırmı, yoxsa rüşvət almaqla işlərini bitmiş hesab edirlər?
Ancaq mütəxəssislər qeyd edirlər ki, bazarda mal ətinin kiloqramı 8 manat və daha artıq olduğu halda, necə olur ki, kolbasa sexlərində hazırlanan məhsulun 1 kiloqramını əhaliyə 4 manata və 5 manata satılır?! Bax, onda qaranlığın üstünə bir işıq düşür və yavaş-yavaş məlum olur ki, o ucuz qiymətə satılan kolbasanı ya ölmüş heyvanın ətindən istehsal ediblər, ya da mənşəyi bilinməyən digər heyvanların. Deməli, burdan belə bir nəticə çıxır ki, bizim həyatımız çox böyük təhlükə qarşısındadır.
Orxan Həsənli