Səfər Əbiyev üçün kritik 15 gün
Səfər Əbiyev üçün kritik 15 gün

Sabiq müdafiə nazirinin yanvarın sonunadək vaxtı var

Son günlər sabiq müdafiə naziri Səfər Əbiyevin həsb ediləcəyinə dair məlumatlar yenidən yayılmaqdadır. Srağagün Ali Hərbi Məktəbin rəisi, polkovnik Mirzəli Yusifovun həbs edilməsi bu ehtimalları bir daha gündəmə gətirib.

Məsələ burasındadır ki, M.Yusifov S.Əbiyevin yaxın adamı kimi tanınırdı. Bundan öncə də Səfər Əbiyevlə birgə işləyən bir neçə vəzifəli şəxs yeni nazir tərəfindən tutduğu postdan uzaqlaşdırılıb.
Təcrübəyə əsasən deyə bilərik ki, sabiq vəzifəlilərin həbsindən əvvəl onların yaxın kadrları məsuliyyətə cəlb olunur. Bəs bu dəfə də eyni vəziyyət təkrarlana bilərmi?
Bəzi ekspertlər diqqəti ona çəkirlər ki, bu yaxınlarda Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə Səfər Əbiyevlə birlikdə illərlə çalışan Vaqif Dərgahlı rəis təyin olundu. Bundan başqa, general-mayor Qorxmaz Qarayev Səfər Əbiyevin yaxın adamlarından biridir və bu yaxınlarda yeni müdafiə naziri onu nazirliyin Maddi Texniki Təminat idarəsinin rəisi vəzifəsinə təyin etdi. Ona görə də Səfər Əbiyevin həbsinə hazırlıq getməsi barədə iddialar bir o qədər də ağlabatan hesab edilmir.
İstisna edilmir ki, Mirzəli Yusifovun həbsinin Səfər Əbiyevin fəaliyyəti ilə qətiyyən hər hansı əlaqəsi yoxdu: “Onu rüşvət almağa görə həbs ediblər. Amma Mirzəli Yusifovun üzərində vaxtikən Hərbi Prokurorluğun apardığı bir istintaq işi var idi. O təyin olunduqdan sonra Murovdakı hərbi hissəyə getmədi və bir müddət Rusiya ərazisində gizləndi. Amma sonra vəzifəyə qayıtdı. Bunun səbəbi Səfər Əbiyevlə yaxınlığı deyildi. O Nazirlər Kabinetində çalışan yüksək rütbəli bir şəxsin sayəsində vəzifəyə qayıtdı. Mirzəli Yusifov ötən həftənin 4-cü günü həbs edilib, amma dünən ictimailəşdirilib. Yaxın zamanlarda Mirzəli Yusifova vəzifə səlahiyyətlərini aşma və fərariliyə görə cinayət işi açılacaq” - deyə hərbi ekspertlər bildirirlər.
Hazırda Səfər Əbiyev ölkə daxilində çox sərbəst şəkildə hərəkət edir. Bundan başqa yaxınlarda icazə ilə xarici ölkələrin birində olub. O hələ ordu sıralarından tərxis edilməyib, sadəcə vəzifədən uzaqlaşdırılıb.
Səfər Əbiyev sərəncamdadı. Qanunvericiliyə görə, zabit 3 aya qədər sərəncamda qala bilər. Bu müddət başa çatana kimi ya ordudan tərxis edilməli, yaxud da yeni vəzifəyə təyin olunmalıdır. Yanvarın sonuna kimi Səfər Əbiyev haqda qərar verilməlidi, çünki həmin 3 aylıq müddət başa çatır.
Bu günədək Səfər Əbiyev məzuniyyətdə idi. Məzuniyyət artıq başa çatıb. Hazırda rütbəsinə və sonuncu tutduğu vəzifəsinə görə müavinət alır. Belə iddialar var ki, ölkə rəhbərliyi Səfər Əbiyevlə bağlı müsbət fikirdədir, onunla bağlı narahatçılıq yoxdur və yeni hərbi vəzifəyə təyin edilməsi də tamamilə realdır.
Amma bütün bu ehtimalların nə qədər reallaşıb-reallaşmayacağına dair qəti söz demək çətindir. Qarşıdakı 15 gün Əbiyev üçün çox kritikdir. Bu müddətdə onunla bağlı hansı gəlişmələrin yaşanacağı qətiləşəcək. O ya hərbi sistemdən birdəfəlik uzaqlaşdırılacaq (hansı ki, keçmiş nazirin hökumət içindəki əleydarları məhz bunu istəyir), ya da karyerasına başqa bir önəmli postda davam edəcək.
Odur ki, gözləyək.
Azər Aslan