Məmurların “bahalı maşın sevdası” haqqında ilginc fakt
Məmurların “bahalı maşın sevdası” haqqında ilginc fakt
Ölkəyə bahalı avtomobillər neft pullarının daxil olmasından sonra gətirilməsinə başlanılıb

Azərbaycanda əsasını məmurların təşkil etdiyi imkanlı şəxslərin bahalı avtomobillərə həvəsi barədə hamımız bilirik. Bu gün Bakı küçələrində məmurların və onların övladlarının dəyəri ən azı 10 ailənin bir illik xərcindən belə qat-qat yüksək olan maşınlarla şütüdüyünü görmək mümkündür.
Maraqlı burasıdır ki, dünyanın ən aparıcı və bahalı markalarının ölkəmizə axını neft pullarının Azərbaycana daxil olması ilə başlayıb. Dünən bunu çılpaqlığı ilə ortaya qoyan maraqlı bir faktla rastlaşdıq.
Belə ki, rəsmi statistika göstərir ki, Azərbaycanda varlıların ən çox sürdüyü markalar “Mercedes” və “BMW”dir. Rəsmi statistikaya görə, 2013-cü ilin əvvəlinə bu markadan olan minik avtomobillərinin sayı təxminən 170 min ədəd olub.
Rəsmi məlumat olmasa da, peşəkar maşın satıcılarının dediyinə görə, ən yaxşı halda “Mercedes” və “BMW” parkının 25%-i təzə və bahalı maşınlardır - yəni söhbət 35-40 min varlının sürdüyü, qiyməti 70-80 min dollardan- 250-300 min dollaradək yüksələn “Mercedes” və “BMW”lərdən gedir.
Digər bahalı markalar bunlardır: ”Lexus”, “Rolls-Royce ”, ”LANDROVER”, ”İnfiniti”, ” Audi”, “Lincoln”, “Jaguar”. Bu markalardan isə 2013-cü ilin əvvəlinə olan məlumata görə ölkədə cəmi 18 min maşın olub. Bu markaların qiyməti isə 70-80 min dollardan 700 min dollara qədər yüksəlir.
İndi qalır əsas suala cavab: Bahalı maşınların əsasən neft pulu ilə alınması ilə bağlı gümanımızı təsdiqləyən bircə fakt varmı ? Var, özü də rəsmi statistikada.
Azərbaycana böyük neft pulları 2005-ci ildən daxil olmağa başlayıb. Məhz 2005-ci ildən etibarən də Azərbaycana yuxarıda adını sadaladığım bahalı avtomobil markaları (söhbət yalnız minik maşınlarından gedir) gətirilməyə başlayıb. Belə ki:
1) 2005-ci ilədək Azərbaycanda “Jaguar” olmayıb, məhz həmin il bu markadan 43 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə ölkədə 150 “Jaguar” markalı minik avtomobili var.
2) 2006-ci ilədək Azərbaycanda “LANDROVER ” olmayıb, məhz həmin il bu markadan 577 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə ölkədə 3100 “LANDROVER” markalı minik avtomobili var.
3) 2006-ci ilədək Azərbaycanda “İnfiniti” olmayıb, məhz həmin il bu markadan 130 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə ölkədə 1600 “İnfiniti” markalı minik avtomobili var.
4) 2006-ci ilədək Azərbaycanda “Lexus” olmayıb, məhz həmin il bu markadan 470 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə ölkədə 6100 “Lexus” markalı minik avtomobili var
5) 2006-ci ilədək Azərbaycanda “Porsche” olmayıb, məhz həmin il bu markadan 2 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə ölkədə 958 “Porsche” markalı minik avtomobili var.
Neft pullarının ölkəyə axını dövlət qurumlarının büdcəsinin böyüməsinə yol açdı. Elə bundan sonra da büdcədən ayrılan vəsaitlərin məmurların bir çoxu tərəfindən qeyri-şəffaf və təyinatı üzrə olmayan istiqamətdə xərclənməsinə dair KİV-də xəbərlərin, araşdırmaların ardı-arası kəsilməməyə başladı.
Artıq bir neçə ildir bir çox məmurların, onlara yaxın olan vəzifəli şəxslərin və özlərinin qeyri-leqal bizneslərinin qaranlıq yollarla “şişməkdə” olduğu aydın görünür. Belə məmurlar ən dəbdəbəli villalarda oturur, ən bahalı avtomobilləri sürür, xaricdə belə mülklər alır, təmtəraqlı ad günləri və toylar keçirir, bir sözlə pula pul demirlər.
Bir sözlə, neft vəsaitlərinin ölkəyə axını özü ilə şəffaflıq, hesabatlılıq, səmərəlilik kimi ciddi məsələlərlə bağlı da problemlər gətirdi. Bunun isbatı isə elə sizə yuxarıda bahalı avtomobillərlə bağlı rəsmi statistikadan ortaya çıxan faktlardır.
Hesab edirik ki, həmin faktlar reallığı gözlər önünə sərdiyindən bizim bundan artıq əlavə şərh verməyimiz də doğru olmazdı.
Günel Əkbər