Şəkər kimi ölüm...
Şəkər kimi ölüm...

Azərbaycanda diabet xəstələri niyə artır?

"Əvvəllər ikinci tip şəkərli diabet 40 yaşından sonra tapılırdısa, indi 30 yaşlı insanda da onun əlamətlərinə rast gəlinir". Həkim qohumlardan birilə etdiyimiz söhbətdən sonra bu araşdırmanı aparmaq qərarına gəldim.

Axı necə ola bilər ki, 30 yaşında gənc bir insan ikinci tip şəkərli diabetə tutulsun? Həkim müsahibəyə razılaşmasa da, onunla söhbət əsnasında bu suala da cavab alıram: "Görünür, bu, insanlarımızın daha stresli həyat tərzindən, müharibə faktorundan asılı olan məsələdir. Bu xəstəliyə düzgün qidalanmama, eləcə də oturaq həyat tərzi keçirilməsi də səbəb olur. Şəkər genetik olaraq da keçir, lakin bu tip çox az faiz təşkil edir". Həkimlə söhbət əsnasında o da aydın olur ki, müharibə illərində döyüşən, qaçqınçılıq həyatı yaşayan insanlarımızın əksəriyyətində indi şəkər xəstəliyi yaranıb: "Bu da onların keçirdiyi qorxu və həyəcandan irəli gəlir".
Bəs bu vəziyyət rəsmilərə məlumdurmu? Azərbaycanda şəkərli diabetə qarşı hansı tədbirlər görülür? Bu xəstəliyə tutulmuş insanlar lazımı dərmanlarla təmin edilirmi? Və xəstəliyə tutulduqdan sonra hansı pəhrizlər saxlanmalı, necə qidalanmalı?
Qeyd edək ki, Səhiyyə Nazirliyi bu xəstəliklə mübarizədə artıq ikinci proqramı reallaşdırır. Belə ki, birinci "Şəkərli diabet üzrə Dövlət Proqramı" 2006-2010-cu illəri əhatə edib və proqram reallaşdırılan dövr ərzində şəkərli diabet xəstələrinin dərmanla təmin olunması xeyli yaxşılaşıb, onların şəkərsalıcı dərman preparatları ilə təminatında mövcud olan gərginlik əsasən aradan götürülüb. Eyni zamanda, xəstələrin əksəriyyəti özünənəzarət vasitələri - qlükometrlərlə təmin edilib, qeydiyyata götürülən xəstələrin sayı təxminən 2 dəfə artıb. Bütün dünyada olduğu kimi, Azərbaycanda da şəkərli diabetə düçar olan şəxslərin sayı durmadan artır və bu tendensiya davam edir. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, şəkərli diabetin profilaktikasına ayrılan maddi vəsait onun gələcəkdə fəsadlarının aradan qaldırılmasına qoyulan xərclərdən dəfələrlə azdır. Qeyd olunanları nəzərə alaraq, 2011-2015-ci illəri əhatə edən növbəti Dövlət Proqramı qəbul edilib və reallaşdırılmasına başlanıb. Proqramda profilaktik tədbirlərə xüsusi yer verilib, əsas diqqət xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə və xəstəlik nəticəsində meydana çıxan fəsadların qarşısının alınmasına yönəlib.
Reallaşdırılan bu tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşıb, qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artıb və 182 minə çatıb. Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib.
Qeyd etmək yerinə düşər ki, 2005-ci ildən başlayaraq səhiyyənin prioritet sahələri üzrə 11 proqram qəbul olunub. Ötən ilin əvvəlinə olan məlumata görə, ümumilikdə proqramların icrasına 387,7 milyon manat vəsait sərf olunub.

Şəkərli və şəkərsiz insanlar nələrə fikir verməlidirlər?

Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova deyir ki, şəkərli diabet xəstələrinin sayının artması dövlət proqramının işə düşməsi ilə bağlıdır: "Proqram reallaşdırılmağa başlayandan sonra əvvəllər diabet olduğunu bilib müalicəyə getməyən şəxslərin hamısı siyahıya alındı. Təminatın olması onların rəsmi qeydiyyata alınmasına yol açdı. Yeni aşkarlanma halları artdı". Mütəxəssisin sözlərinə görə, yaxın qohumlarında bu xəstəlik olan adamlar risk qrupuna aiddirlər: "Eyni zamanda o adamlar risk qrupuna daxildirlər ki, onlar düzgün qidalanmır, idmanla az məşğul olurlar, çəkiləri normadan artıqdır, xüsusilə abdomenal piylənməsi (bel ölçülərinə nisbətən qarın nahiyəsində yığılan piy) var. Zərərli vərdişləri olan insanlar da risk qrupuna daxil olan insanlar sırasındadır. Genetikanın qarşısını ala bilməsək də, qarşısını ala biləcəyimiz faktorlar var. Məsələn, düzgün qidalanmaq, pis vərdişlərdən imtina etmək, sağlam həyat tərzi sürmək insanı risk qrupundan uzaqlaşdırar. Azərbaycan Diabet Liqası da fəaliyyətini bu istiqamətdə qurub. Fiziki aktivlik və sağlamlıq mövzusunda bizim seminarlarımız keçirilib. Hər bir sağlam və normal insan gündə heç olmasa, 30 dəqiqə aktiv fiziki hərəkətlə məşğul olmalıdır. Məsələn, çalışmaq lazımdır ki, yuxarı mərtəbəyə qalxmaq üçün pilləkəndən istifadə edilsin, işə gedəndə bir dayanacaq tez düşüb piyada getmək lazımdır, ev işi görmək də öz yerində. Gün ərzində 30 dəqiqə dayanmadan fiziki hərəkətlə məşğul olmaq lazımdır. Əgər vaxtınız yoxdursa, onu 15 dəqiqəyə də bölmək olar. Amma bu dəqiqələr ərzində dayanmadan məsələn, velosiped sürmək kimi aktiv hərəkətlə məşğul olmaq, həmçinin piyada gəzmək lazımdır. Bunların hamısı çox vacib şərtlərdəndir. Qidalanmaya gəldikdə isə şəkərdən və şəkər tərkibli qidalardan çox istifadə etmək olmaz. Karbohidratı meyvə və tərəvəz şəklində qəbul etmək daha məsləhətdir. Bu, sağlam, diabeti olmayan insanlara aiddir. Diabetdən əziyyət çəkən insanlar isə artıq ciddi pəhriz saxlamalıdırlar. Şəkər və şəkərdən hazırlanan məhsullar, bal, meyvə şirələrindən istifadə qadağandır. Müəyyən yaş həddindən sonra yağlı qidalara məhdudiyyət qoyulmalıdır. Tez mənimsənilən karbohidratlardan az istifadə edilməlidir. Bunların hamısı profilaktik məqsəd daşıyır".

Şəkərdən necə qaçaq?

Qeyd edək ki, şəkərli diabet xəstəliyinin 2 tipi var. 1-ci tip - insanın özündən asılı olmayaraq virus mənşəli immun xəstəliyi adlanır. Bu o deməkdir ki, müəyyən səbəblərdən mədəaltı vəzin insulin hazırlayan hüceyrələri sıradan çıxır və bədəndə kəskin insulin çatışmazlığı nəticəsində 1-ci tip şəkərli diabet yaranır. Bu, ümumi şəkərli diabet xəstələrinin 5-10 faizini təşkil edir. Digər 90 faiz isə 2-ci tip diabet xəstələridir. 2-ci tip - diabet xəstəliyi hazırda bütün dünyada çox güclü şəkildə epidemiya şəklində yayılır. Araşdırmalar göstərir ki, Azərbaycan da şəkərli diabetin geniş yayıldığı ölkələrdəndir.

Necə olur ki, şəkər yaranır? Bu xəstəliyə tutulmamaq üçün nə etməliyik? Endokrinoloq Sevinc Kazımova deyir ki, əgər orqanizmdə 50-60 vahid insulin ayrılırsa, bu bədəni təmin edə bilir: "Nəzərə alsaq ki, hər bir çörək parçasına iki vahid insulin gedir, bir çörəyin yarısı və bir qab bol kalorili yeməyi qəbul edən insana nə qədər insulin ifrazı lazım olduğunu görmək olar. Yəni başlıca məsələ qidalanmamıza diqqət yetirməliyik ki, sonra insulin çatışmazlığı ilə üzləşməyək". Yatana yaxın qidalanmamaq, axşam olanda ağır qidalar qəbul etməmək həm şəkərə tutulmamaq üçün profilaktika, həm də şəkərə tutulduqdan sonra yüngülləşdirici haldır.
S.Kazımovanın sözlərinə görə, şəkərli diabet xəstələri üçün bir sıra qidaların qəbulu məsləhət görülmür. Bu sırada ilk növbədə bütün xəmir xörəklərinin adını çəkmək lazımıdır: "Əriştə, xəngəl, müxtəlif şirniyyatlar, satışda olan şirin sular da məsləhət deyil. Bəzən xəstələr hesab edir ki, üzərinə "dietik" sözü yazılan içkilər onlar üçün heç bir təhlükə yaratmır. Ancaq yadda saxlamaq lazımdır ki, bu şirələr heç də hamısı dietik deyil və şəkərli diabet xəstələrinə mənfi təsir edir. Biz şəkər xəstələrinə düyü yeməyi də tövsiyə etmirik. Amma bunun əksinə olaraq paxlalı bitkilərlə qidalanma daha məqsədəuyğun hesab olunur. Bu sırada kələmi, pomidoru, xiyarı, kökü, bibəri də qeyd etmək olar. Ət məhsullarına gəldikdə isə yağsız dana, quzu və quş ətini qəbul etmək olar, ancaq sonuncunu dərisiz. Lakin bu, o demək deyil ki, bu qidalar zərər vermir deyib, artıqlaması ilə yemək olar. Şəkər xəstələri az-az tez-tez yesələr özlərini daha yaxşı hiss edərlər".
Həbibə Abdulla