Oqtay Şirəliyevin müdhiş narahatlığı
Oqtay Şirəliyevin müdhiş narahatlığı

Səhiyyə Nazirliyindəki korrupsiya müşavirəsinin pərdəarxası

Səhiyyə naziri Oqtay Şirəliyev son vaxtlar özünün və rəhbərlik etdiyi nazirliyin ictimai və mətbu qınaq hədəfinə çevrilməsindən narahat olub. Bu barədə “Unikal”a məlumatlı qaynaq bildirib.

Qaynağın dediyinə görə, Səhiyyə Nazirliyində müşavirə keçirilib. Belə bir müşavirənin keçirilməsini Şirəliyevin nazirliyi rəsmən təsdiqləyib. Müşavirəyə rəhbərlik edən nazir müavini Elsevər Ağayev ölkə rəhbərinin xüsusi diqqət yetirdiyi korrupsiyaya dair mübarizə işi, habelə acıq hökumətin təşviqi məsələlərinə dair hər il Səhiyyə Nazirliyində müxtəlif tədbirlərin həyata keçirildiyini və görülmüş işlərlə əlaqədar müvafiq plan hazırlanaraq dövlətə hesabat verildiyini qeyd edib. Şirəliyevin müavininin sözlərinə görə, istər korrupsiya ilə mübarizə məsələlərində, istərsə də tədbirlər planına salınmış digər məsələlərlə əlaqədar dövlət qurumlarına hər il müvafiq tapşırıqlar verilir, hesabatlar tələb olunur və çatışmazlıqlarla əlaqədar tədbirlər görülür. Səhiyyə sektoru da bu mövzudan kənarda qalmayıb: “Görülən çoxsaylı işlərə rəğmən bəzi çatışmazlıqlar var. Bu baxımdan da hər ilin əvvəlində, yaxud da ilin sonunda görülmüş və görüləcək işlərə dair Səhiyyə Nazirliyi iş planını dövlətə təqdim edir”. Hazırda “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı”nın icrası üzrə Səhiyyə Nazirliyinin 2014-cü il üçün iş planı hazırlanır. Müşavirə iştirakçılarına müvafiq tapşırıq və tövsiyələr verilib, plandan irəli gələn bir sıra məsələlər müzakirə olunub. Qeyd edək ki, son vaxtlar Oqtay Şirəliyevin nazirliyinin adı olduqca mühüm qalmaqallarda hallanır. Bunun biri və bəlkə də birincisi ölkədə həkim terrorunun baş alıb getməsidir. Həkimlərin səhlənkarlığı ucbatından ölüm halları çoxalıb və KİV belə hesab edir ki, «Səhiyyə Nazirliyi hələlik “həkim terroru”nu seyr etməklə məşğuldur və konkret tədbirlərin görülməsinə tələsmir. Oqtay Şirəliyevin nazirliyi bir qayda olaraq, ölkə səhiyyəsinin inkişafı haqqında danışmağa üstünlük verir, halbuki yaranmış mənzərə tam əksini deyir. Artıq ictimai rəydə yerli səhiyyəyə olan-qalan etimad da kəskin şəkildə zəifləməkdədir və bu həm Şirəliyevi, həm də onun nazirliyini dərindən düşündürməli, narahat etməlidir. Açıq görünür ki, “həkim terroru”na qarşı təsirli addımların atılmasında Səhiyyə Nazirliyi çox gecikir. Belə bir gecikmə isə başda Şirəliyev olmaqla, nazirlik rəhbərliyinə ciddi baş ağrısı yarada bilər. İllər ərzində əsgər ölümlərinin qarşısını almaqda yubanan sabiq müdafiə naziri Səfər Əbiyevin “vurulmasında” bu məqamın da həlledici rollardan birini oynadığını nəzərə alsaq, səhiyyə naziri və ətrafı dərs çıxarmalı, vətəndaşların həkim səhlənkarlıqlarının qurbanına çevrilməsini dayandırmalıdır. Sonra daha da gec ola bilər. Səhiyyə Nazirliyi il bağlı daha bir mühüm qınaq Azərbaycandan müalicə və müayinə üçün xaricə axınla bağlıdır. Hazırda ölkə əhalisinin maddi baxımdan müəyyən imkanlara malik olan hissəsi bu məqsədlə yaxın ölkələrə əsasən İran və Türkiyəyə, maddi imkanları yaxşı olan hissəsi Avropa ölkələrinə, daha yaxşı maddi imkanlara malik hissəsi isə hətta okeanın o tayına - ABŞ və Kanadaya üz tutur. Bu da Azərbaycan səhiyyəsinin mövcud durumu ilə bağlı kəskin narazılıqlara və narahatlıqlara yol açır. Tənqidlərin və qınaqların bir nömrəli hədəfi isə Oqtay Şirəliyevin nazirliyidir. Çoxluq əmindir ki, rüşvət və korrupsiyanın bu sektorda dərin kök salması dövlətin səhiyyə sisteminin inkişafı ilə bağlı meylləri əngəlləyir. Görünür, elə bu da səhiyyə naziri Oqtay Şirəliyevi hərəkətə keçirməyə və korrupsiya ilə bağlı müşavirə keçirməyə sövq edib. Əlbəttə, belə bir müşavirənin səhiyyə sahəsindəki köklü problemlərin həlli istiqamətində ciddi nəticələrə yol açacağını demək çətindir. Amma hər bir halda ictimai və mətbu qınaq qarşısında Şirəliyevin nazirliyinin hərəkətə keçməsi təqdirəlayiqdir. İndi bu və buna bənzər müşavirələrin nəticələrini gözləmək lazımdır. Ona görə də bir müddət gözləmək və ondan sonra təfsilatı ilə danışmaq daha doğru olardı.

Ülviyyə Qasımlı