Rusiya Azərbaycana qarşı ənənəvi "silahını işə saldı"
Rusiya Azərbaycana qarşı ənənəvi "silahını işə saldı"

Kremlin rəsmi Bakıya qurduğu "miqrantlara qadağa" oyununa sözardı

Rusiya ölkəmizə qarşı hər zaman ənənəvi təzyiq üsullarından istifadə edib. Bunlardan biri isə Rusiyada çalışan soydaşlarımıza sünü əngəllərin yaradılmasıdır. Diqqət yetirin, Rusiya rəsmi Bakının atdığı hansısa adımdan narazı qalması ilə bu ölkədəki miqrantlara və o cümlədən soydaşlarımıza qarşı qadağalar və təzyiqlər işə düşür. Rusiya bu günlərdə qəbul etdiyi daha bir mürtəce qanun layihəsi ilə bu xəttə nə qədər sadiq qaldığını bir daha sübut etdi.
Belə ki, Rusiya Federal Miqrasiya Xidmətinin xətti ilə miqrasiya qanunvericiliyi ilə bağlı 30-a yaxın qanun layihəsi hazırlanıb. Bu barədə FMX-nin mətbuat katibi Zalina Kornilova İTAR-TASS İnformasiya Agentliyində keçirilən brifinqdə bildirib. O deyib ki, miqrasiya sahəsində mövcud qanunvericiliyə ciddi dəyişiklik edilib.
FMX-nin departament rəhbərinin müavini Dmitri Demidenko isə çıxışında keçən il Rusiyaya 17,5 milyon miqrantın gəldiyini söyləyib. O, 2014-cü ildən etibarən miqrasiya qanunvericiliyi sayəsində tətbiq olunan yeniliklərdən danışıb. D. Demidenkonun sözlərinə görə, yeniliklərdən biri xarici tələbələrlə bağlıdır: "Belə ki, bundan sonra xarici tələbələr icazə almadan işləyə biləcəklər. Əvvəllər onların işləməsi üçün müvafiq qurumlardan icazə tələb olunurdusa, bu ildən bu tələb aradan qaldırılıb. Yeniliyə əsasən tələbələr təhsil aldıqları müddət ərzində (yay tətilləri də daxil olmaqla), Rusiya ərazisində çalışa biləcəklər. Digər tətbiq olunan yenilik isə xarici vətəndaşların əmək fəaliyyəti ilə məşğul olması sahəsindədir. Belə ki, xarici vətəndaşlar əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazə ilə yanaşı, tibbi arayış da təqdim etməlidirlər. Bundan başqa, onlar vergi ödəyicisi kimi qeydiyyata alınmalıdırlar. Onlara patent və vergi ödəyicisi kartı verilməlidir. Bütün bunları əldə etdikdən sonra xarici vətəndaş əmək fəaliyyəti ilə məşğul ola bilər".
D. Demidenko qeyd edib ki, tətbiq olunan yeniliklərdən biri Rusiya ərazisində qalma müddəti ilə bağlıdır. Belə ki, xarici vətəndaş icazə olmadan 90 gündən artıq Rusiya ərazisində qalarsa, həmin şəxsin ölkəyə girişi 3 il qadağan olunacaq. Bundan başqa, hazırda xarici vətəndaşa 6 ay ərzində Rusiya ərazisində 90 gün qalmağa icazə verilir, əgər xarici vətəndaş fasiləsiz olaraq 90 gün Rusiya ərazisində qalırsa və daha sonra Rusiyanı tərk edirsə, həmin şəxsin ölkəyə girişinə 90 gün müddətinə qadağa qoyulur. Yəni bu vaxta kimi miqrantlar 3 ay Rusiya ərazisində qalıb, bu müddət tamam olan kimi qonşu ölkələrin birinə gedib sərhədi keçirdilər və daha sonra yenidən Rusiyaya qayıdaraq 90 günlük icazədən istifadə edirdilər. Miqrantlar artıq bu yoldan istifadə edə bilməyəcəklər. 6 ay ərzində Rusiya ərazisində yalnız 90 gün qalmaq mümkündür. Təbii ki, bütün bunlar işləmək üçün rəsmi icazəsi, patenti olan xarici vətəndaşlara aid edilmir.
FMX-nin qeydiyyat-pasport departamentinin rəhbəri Aleksandr Aksenov isə çıxışında miqrantların qeydiyyata alındığı "rezin evlər"dən danışıb. Onun sözlərinə görə, "rezin evlər"in sahibləri 3 il müddətinə qədər azadlıqdan məhrum ediləcəklər. Rusiya ərazisində hazırda 11 min "rezin evlər"in aşkarlandığını söyləyən FMX rəsmisi hər bir "rezin ev"də 600 nəfər miqrantın qeydiyyata alındığını bildirib.
Buradan da göründüyü kimi, artıq Rusiya miqrantlarla bağlı xüsusi təzyiq strategiyasını detalları ilə işləyib. Amma təcrübə də göstərib ki, Rusiya bir qayda olaraq bu kimi təzyiq üsulları ilə hədələsə də bunları tam ciddiyyətilə heç zaman tətbiq etməyib. Bu isə həm də onunla bağlıdır ki, Rusiyada da anlayırlar ki, miqrantlara qarşı tamamilə təcridetmə siyasəti nəticə etibarilə elə Rusiyanın öz maraqlarına qarşıdır. Odur ki, Rusiyada müzakirəyə çıxarılan son yenilikləri Kremlin qonşu ölkələrə növbəti təzyiq göstərisi kimi dəyərləndirmək lazımdır.
Orxan Həsənli