Elman Rüstəmov arayışsız kreditlərə qadağa qoydu
Elman Rüstəmov arayışsız kreditlərə qadağa qoydu

Mərkəzi Bank ölkənin kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara nağd pul kredit verilməsini yasaqladı

Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkənin kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara nağd pul kredit verilməsini, eləcə də kredit xəttinin açılmasını qadağan edib.

Bu barədə bakupost.az -a banklardan məlumat verilib. Qadağaya səbəb kimi, problemli kreditlərin məbləğinin sürətlə artması göstərilir.
Bundan başqa, avtomobillərin kreditlə satışına da məhdudiyyət qoyulduğu bildirilir. Bank mütəxəssisləri deyir ki, son illər salonlardan kreditlə götürülən avtomobillərə görə ödənişlərdə ciddi problemlər yaranıb, buna görə də, Mərkəzi Bank avtomobillərin əsasən nağd şəkildə satılmasını və yaxud lizinq yolu ilə əldə edilməsini stimullaşdırmaq qərarına gəlib.
Ötən ilin oktyabrına olan məlumata görə, Hazırda Azərbaycanda verilən 14 milyard manatdan artıq kreditlərin 764 milyon manatını problemli kreditlər, yəni ödənilmə vaxtı keçmiş, amma qaytarılmayan kreditlər təşkil edir.
Qeyd edək ki, ekspertlər Azərbaycanda problemli kreditlərin həcminin artmasını həm bankların yüksək faiz dərəcələri, həm də əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşı olmaması ilə izah edirlər. Çünki banklardan götürülən kreditlərin əhəmiyyətli hissəsi istehlak kreditləri ilə bağlıdır ki, bu da əhalinin problemlərinin ertələnməsi və vaxt udması üçün ekstremal situasiyaları ilə bağlıdır. Verilən kreditlərin isə 55%-dən çoxu ev təsərrüfatlarının payına düşür. Bu o deməkdir ki, götürülən kreditlər əsasən avtomobil və istehlak kreditlərindən ibarətdir.
Əhalinin gəlirlərindəki əhəmiyyətli artımların olmaması və ya gəlirlərin ədalətli bölüşməsi mexanizmindəki qeyri-müəyyənlik onların götürdükləri kreditlərin qaytarılmasında problemlərin yaranması ilə müşahidə olunur ki, bu da problemli kreditlərin artmasına səbəb olur. Beynəlxalq normalara görə, əgər ölkədə problemli və ya gecikən kreditlərin həcmi ortalama olaraq 10%-i keçirsə, bu artıq kritik hədd hesab olunur.
Vurğulamaq yerinə düşər ki, problemli kkreditlərin bir qismi avtomobil kreditləridir. İnsanların bir qismi öz gəlirlərini və ödəniş qabiliyyətini düzgün hesablamadan bahalı avtomobil sahibi olmaq istəyir və sonradan pulu ödəyə bilmədiyinə görə aldığı maşını da itirir. Bəs banklar girov kimi geri qaytarılan avtomobilləri necə satır?
Son zamanlar ölkəmizdə avtomobillərin sayında artım müşahidə olunur. Əgər əvvəllər ölkədə Rusiya istehsalı olan maşınlar çoxluq təşkil edirdisə, indi artıq daha müasir və bahalı xarici avtomobillər üstündür. Amma bu avtomobillərin heç də hamısı nəğd alınmır. İnsanların çoxu istədiyi avtomobili əldə etmək üçün banklara müraciət edirlər. Onların bəziləri isə krediti qaytara bilmədiyinə görə, aldığı avtomobili banka təhvil verməli olur. "Əgər bank görəndə ki, kredit vaxtlı- vaxtında ödənilmir, onda bir müddət vaxt verir və bu hər bankda müxtəlifdir. Daha sonra yol polisinə müraciət edilir və maşın saxlanılır, daha sonra iş məhkəməyə verilir və maşın təkrar olaraq satışa çıxarılır" - ekspertlər belə deyirlər.
Əsas məsələ isə girovun satışıdır. Məsələn, bir sıra xarici ölkələrdə banklar girov kimi əldə etdikləri əşyaları hərracda satır. Burda qiymət nisbətən ucuz olduğundan insanlar bu əşyaları almağa həvəs göstərir. Bəs bizdə bu sistem necə işləyir. Avtomobil hərraca çıxarılır, hərracda avtomobil satıldıqdan sonra həmin vəsait kreditin qalığının ödənilməsinə gedir. Vəsait artıq olduqda qalan məbləğ müştərinin özünə qaytarılır. Çox vaxt problem yarandıqda həmin hərracda ki məbləğ bəs etmir. Bu vaxt vəsaiti ödəmək üçün müştərinin digər əmlakına yönəldilir.
Sənan Mirzə