İcra başçısının 4 mərtəbəli villasını sökdülər


İcra başçısının 4 mərtəbəli villasını sökdülər
Xətai rayonunun icra başçısı Razim Məmmədov Novxanıda "xarüqələr yaradır"

Məmurların tutduqları dövlət vəzifəsindən sui-istifadə edərək özləri üçün dəbdəbəli həyat şəraiti yaratması inkarolunmaz Azərbaycan reallığıdır. Bu kimi hallara qarşı ən üst səviyyədə mübarizənin aparılmasına, dövlət başçısının belə məmurlara qarşı amansız münasibəti belə situasiyanı dəyişmir. Nəinki iri məmurlar, hətta icra başçıları və onların müavinləri belə bəzi hallarda özləri üçün elə təmtəraqlı lüks həyat şəraiti yaradırlar ki, təəccüblənməyə bilmirsən. Bu kimi hallar eyni zamanda vətəndaşların haqlı narazılığına səbəb olur ki, bu da nəticə etibarı ilə hakimiyyətin xalq arasındakı reytinqinə də təsirsiz ötüşmür.
Özü üçün belə dəbdəbəli həyat şəraiti yaradan məmurlardan biri də Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovdur. İcra başçısının hansı səviyyədə maddi imkanlara malik olması isə indi təqdim edəcəyimiz faktlardan da bəlli olacaq. Bir qrup Novxanı sakini tərəfindən "Unikal" qəzetinə verilən informasiyada qeyd olunur ki, adıçəkilən qəsəbədə icra başçısına məxsus 4 mərtəbəli villa yerləşir. Amma bu yaxınlarda Razim Məmmədovun göstərişi ilə həmin 4 mərtəbəli dəbdəbəli villa sökülüb. Səbəbi isə icra başçısının həmin villanın yerində 7 mərtəbəli yeni bina inşa etdirmək istəyilə bağlıdır.
Villanın 2 hektar ərazini əhatə etdiyini iddia edən sakinlərin sözlərinə görə burada söküntü tikinti işlərinin aparılması onların dincliyini də əlindən alıb: "Artıq neçə müddətdir ki, bura əsl tikinti meydançasını xatırladır. Əvvəlcə 4 mərtəbəli böyük bir villanı sökdülər. İndi isə onun yerində daha nəhəng bir bina tikilir. Eşitdiyimizə görə Xətai rayonunun icra başçısı Razim Məmmədova məxsus olan həmin villa 7 mərtəbəli olacaq. Başa düşə bilmirik ki, icra başçısında bu qədər pul haradan ola bilər ki, villasını sökdürərək yenidən tikdirsin".
Biz isə "Unikal" qəzeti olaraq mövzunu diqqətdə saxlayacaq və icra başçısının bütün Novxanıda dillər əzbəri olan yeni villa projesi ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
İlkin Rzazadə