“Azərbaycan kənardan heç bir asılılığı olmayan ölkədir”
“Azərbaycan kənardan heç bir asılılığı olmayan ölkədir”
Əli Həsənov Azərbaycanın enerji təhlükəsizliyindən yazdı
Prezident Administrasiyasının İctimai Siyasi Şöbəsinin müdiri, professor Əli Həsənov “Azərbaycanın enerji təminatı və təhlükəsizliyi siyasəti” adlı məqalə yazıb. “Unikal.org” "Geostrategiya" jurnalına istinadən həmin məqaləni təqdim edir:
Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.
Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə - iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Odur ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır.
Geosiyasi ədəbiyyatda hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin mühüm tərkib hissələrindən biri kimi dəyərləndirilir. Enerji təhlükəsizliyi dedikdə, bütün ölkənin, onun vətəndaşlarının, cəmiyyətin, iqtisadiyyatın yanacaq və enerji təchizatı vasitəsilə xarici və daxili təhdidlərdən müdafiəsi nəzərdə tutulur. Xarici təhdidlərə geosiyasi, xaricdən qaynaqlanan makroiqtisadi xarakterli problemləri, daxili təhlükəsizliyə isə ölkənin milli enerji sektoru ilə birbaşa bağlı olan məsələləri aid edirlər.
Enerji təhlükəsizliyinin təmin olunmasının əsas prinsipləri aşağıdakılardır:
• strateji və mühüm obyektlərin enerji ilə etibarlı təmin olunması;
• sərf edilmiş yanacaq ehtiyatlarının yerinin doldurulması;
• yanacağın və enerji növlərinin diversifikasiyası (şaxələndirilməsi);
• ekoloji tələblərin nəzərə alınması;
• enerji ehtiyatlarından səmərəsiz istifadənin qarşısının alınması;
• daxili və xarici bazarlarda enerji ehtiyatlarının lazımi gəlir gətirməsi və səmərəli ixrac üçün azad iqtisadi şəraitin yaradılması və s (1).
Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları, onun təmin olunması prinsipləri öz əksini “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanan və 1994-cü ildən həyata keçirilən yeni neft strategiyasında tapmışdır. Bundan başqa, Azərbaycanın transmilli və daxili enerji siyasəti, bu sahədə həyata keçirilən tədbirlər, reallaşdırılan vəzifələr və enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı digər məsələlər 2003-2014-cu illərdə qəbul olunmuş bir çox rəsmi dövlət sənədlərində də əks olunmuşdur. Bunların sırasında “Energetika haqqında” Azərbaycan Respublikasının Qanununu, “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə” Dövlət Proqramını, “2005-2015-ci illərdə ölkənin yanacaq-enerji kompleksinin inkişafı” Dövlət Proqramını, “Şahdəniz 2” təbii qaz layihəsini və s. göstərmək olar (2).
Azərbaycan dövləti hazırda kənar təsirlərdən asılı olmayan milli enerji sektorunun yaradılması və davamlı iqtisadi inkişafının təmin edilməsi məqsədilə çevik enerji siyasəti həyata keçirir. Bu siyasətin prioritet vəzifələri ölkənin təbii enerji ehtiyatlarının qorunması və səmərəli istifadəsi, milli energetika sektorunun inkişafı, əhalinin və iqtisadiyyatın neftə, qaza, elektrik enerjisinə və digər enerji daşıyıcılarına olan daxili tələbatının tam və davamlı təminatı, xarici ölkələrin Xəzər bölgəsindəki beynəlxalq, regional və yerli enerji maraqlarının və təhlükəsizliyinin respublikanın milli maraqları ilə əlaqələndirilməsi, ölkənin enerji təhlükəsizliyindən irəli gələn digər strateji məsələlərin həllindən ibarətdir.
Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması məqsədilə son illərdə ölkə daxilində bir sıra təşkilati-texnoloji tədbirlər həyata keçirilmiş və bu gün də keçirilməkdədir. Onların sırasına yanacaq-enerji kompleksinin texnoloji bazasının və infrastrukturların modernləşdirilməsi, yanacaq-enerji ehtiyatlarının mənimsənilməsi və istismarının dünya standartları səviyyəsinə qaldırılması, neft-qaz istehsalının ekoloji təmizliyinin və iqtisadi səmərəliliyinin artırılması və s. daxildir. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində həyata keçirdiyi daxili siyasətin əsas vəzifələrini aşağıdakı kimi qruplaşdırmaq olar:
• yanacaq-enerji kompleksinin müasir tələblərə uyğun inkişafını müəyyənləşdirmək və təmin etmək;
• yanacaq-enerji kompleksinə daxil olan sənaye sahələrinin fəaliyyətində səmərəliliyin artırılması üçün müvafiq elmi-texniki və təşkilati tədbirlər həyata keçirmək;
• enerji ehtiyatlarının istehsalı, emalı, nəqli, saxlanması, uçotu və istehlakı üzrə mütərəqqi texnoloji tədbirlərin həyata keçirilməsini təmin etmək;
• yanacaq-enerji sektorunda sağlam rəqabət mühiti formalaşdırmaq;
• yanacaq-enerji kompleksinin inkişafına cəlb edilən sərmayələrin həcmini artırmaq;
• yanacaq-enerji kompleksində ekoloji təhlükəsizliyi təmin etmək;
• yanacaq-enerji ehtiyatlarının istehlakına görə ödənişlərin daha dolğun yerinə yetirilməsini təmin etmək və s.
Enerji təhlükəsizliyini təmin etmək üçün ötən illərdə Azərbaycan hökuməti həm də xarici siyasət sahəsində, transmilli və regional aləmlə sistemli iş aparmış, bu istiqamətdə aşağıdakı əsas tədbirləri həyata keçirmişdir:
• Xəzərin Azərbaycan sektorunda xarici investorların imkanlarından istifadə etməklə, enerji ehtiyatlarının istehsalı və satışı sahəsində səmərəli fəaliyyətin təşkil edilməsi, dünya yanacaq-enerji bazarında layiqli yer tutmaq üçün rəqabətə davamlı məhsul çıxarılması;
• ölkənin neft-qaz istehsalı və ixracının regional təhlükəsizliyinin təmin edilməsi və bu istiqamətdə beynəlxalq aləmin təminatının alınması;
• Azərbaycanın milli yanacaq-enerji tarazlığının yaradılması və daxili enerji təminatının xarici asılılıqdan çıxarılması;
• enerji sektorunda çevik elmi-texniki və innovasiya fəaliyyətinin təmin edilməsi, dünyada mövcud olan qabaqcıl texnoloji yeniliklərin tətbiq olunması və s.
Azərbaycanın son illərdə nümayiş etdirdiyi dinamik iqtisadi inkişaf ölkənin enerji ehtiyatlarına olan məxsusi tələbatını əhəmiyyətli dərəcədə artırmışdır. Bu isə öz növbəsində iqtisadi baxımdan səmərəli və dinamik inkişaf edən, ekoloji standartlara uyğun, qabaqcıl texnologiyalarla və yüksək ixtisaslı kadrlarla təchiz olunmuş yanacaq-energetika kompleksinin formalaşdırılmasını və modernləşdirilməsini tələb edir.
İqtisadiyyatın və ölkə əhalisinin enerjinin bütün növləri ilə uzunmüddətli və sabit təmin olunması elmi cəhətdən əsaslandırılmış enerji siyasəti ilə sıx şəkildə bağlıdır. Bu siyasətin əsas məqsədi həm də təbii yanacaq-enerji ehtiyatlarından iqtisadiyyatın inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün səmərəli şəkildə istifadə olunmasına yönəlmişdir.
Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması ölkə səviyyəsində davamlı şəkildə aşağıdakı vəzifələrin həyata keçirilməsini nəzərdə tutur:
• ölkə iqtisadiyyatının və əhalinin uyğun qiymətlərlə enerji ehtiyatları ilə davamlı təmin olunması;
• ölkənin enerji təminatı sahəsində risklərin azaldılması və baş verə biləcək böhran hallarının qarşısının alınması;
• enerji ehtiyatlarından faydalı istifadə olunması və itkilərə yol verilməməsi;
• enerji daşıyıcılarının istehsalı, neft-qaz məhsullarının çıxarılması, emalı və nəqli zamanı itkilərin azaldılması;
• enerji sektorunun potensialından istifadə zamanı səmərəliliyin artırılması;
• müasir texnoloji vasitələrdən istifadə etməklə energetikanın ətraf mühitə texnogen təsirinin azaldılması və s.
Hazırda neft-qaz sənayesi ölkəmizin makroiqtisadi göstəricilərinə, xüsusilə iqtisadi artım sürətinə, sənaye istehsalının, ixracatın və investisiyaların həcminə, büdcə gəlirlərinə böyük təsir göstərməkdədir. Neft-qaz gəlirlərindən qaynaqlanan iqtisadi inkişaf regional infrastrukturların yeniləşməsinə, qeyri-neft sektorunun tərəqqisinə və yeni iş yerlərinin açılmasına güclü stimul verir. Azərbaycan ildə istehsal etdiyi təxminən 28 milyard kub metr qazın yarıdan bir qədər azını, 50 milyon tondan çox neftin beşdə birini daxili ehtiyacların ödənilməsinə, qalanını isə xarici ölkələrə ixraca yönəltmişdir. Hər iki istiqamətdə mövcud vəziyyət ölkənin tamamilə nəzarəti altındadır və xarici geoiqtisadi amillərdən asılılıq, demək olar ki, yox dərəcəsindədir.
Qeyd etmək lazımdır ki, Azərbaycan ərazisində indiyədək 71 neft və qaz yatağı istifadəyə verilmişdir. Onlardan 43-ü quruda, 28-i Xəzərdəki milli sektorda yerləşir. Hazırda 54, o cümlədən quruda 36, dənizdə 18 yatağın dövriyyəyə daxil edilməsi ilə bağlı işlər davam etdirilir, 9 yataq isə kəşfiyyat mərhələsindədir. Azərbaycanda yataqların işlənməyə başlanmasından hazırkı dövrədək 1,5 milyard ton neft (kondensatla birlikdə) və 480 milyard kub metrdən artıq qaz hasil edilmişdir, o cümlədən dəniz sahəsindəki yataqlardan 0,5 milyard ton neft (kondensatla birlikdə) və 352 milyard kub metr qaz çıxarılmışdır.
Ölkənin yanacaq-enerji kompleksini daha da inkişaf etdirmək məqsədilə neft və qaz hasilatı sahəsində qarşıdakı illərdə aşağıdakı işlərin aparılması nəzərdə tutulur:
• yeni yataqların axtarışı və kəşfiyyatı;
• aşkar edilmiş yataqların tammiqyaslı işlənməyə cəlb edilməsi;
• işlənməkdə olan yataqlarda yeni quyuların qazılması və fəaliyyətsiz quyuların bərpası;
• işlənməkdə olan yataqlar üzrə neftvermə əmsalının artırılması məqsədi ilə yeni texnika və texnologiyaların tətbiqi;
• neft-qaz hasilatı, nəqli və emalı sistemlərinin tikilməsi, yenidən qurulması və modernləşdirilməsi;
• elm və texnikanın nailiyyətlərindən və qabaqcıl təcrübədən geniş istifadə edilməsi və s.
Azərbaycanın enerji təhlükəsizliyinin əsas istiqamətlərindən biri də ölkənin elektrik enerjisinə olan daxili ehtiyacının fasiləsiz təmin edilməsindən ibarətdir. Bu məqsədlə son illərdə qarşıya qoyulmuş əsas vəzifələr milli elektrik enerjisi sisteminin yenidən və müasir texniki tələblərə uyğun şəkildə qurularaq Avropa standartları səviyyəsinə çatdırılması, daxili enerji tələbatının tam ödənilməsi və qonşu ölkələrə elektrik enerjisi satışının artırılmasından ibarətdir.
Müstəqillik illərində, xüsusən də 2001-ci ildən başlayaraq Azərbaycanın milli elektrik enerji sistemi, enerji istehsal edən əksər strukturları yenidən qurulmuş, ölkədaxili və Azərbaycanı xarici ölkələrlə birləşdirən magistral elektrik xətləri yeniləşdirilmiş, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyaları tikilmişdir. Bu da nəinki ölkənin elektrik enerjisinə olan illik təxminən 18 milyard kvt/saat daxili tələbatını ödəməyə, eyni zamanda qonşu ölkələrə 2 milyard kvt/saata yaxın enerji ixrac etməyə imkan vermişdir (3).
Azərbaycanın elektrik enerjisi sisteminə hazırda 13 istilik və 6 su elektrik stansiyası (ümumi elektrik istehsalının 90%-i istilik, 10%-i isə su elektrik stansiyalarının payına düşür) daxildir. “Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”na uyğun olaraq, 2005-2015-ci illərdə respublikada ümumi gücü 3000 meqavata yaxın daha bir neçə elektrik stansiyasının istismara verilməsi nəzərdə tutulmuşdur ki, bu da Azərbaycanın həm daxili enerji təchizatını, həm də ixrac potensialını ciddi şəkildə artıracaqdır.
Azərbaycan özünün elektrik enerjisi təminatı ilə bağlı problemini (generasiya gücünü) həll etsə də, enerji sisteminin dayanıqlığını və etibarlılığını təmin edə biləcək digər sahənin - enerji ötürücü və paylayıcı sisteminin yenidən qurulmasını hələ də başa çatdıra bilməmişdir. Rəsmi məlumata görə, respublikanın enerji sisteminin əsas ötürücü xətlərinin (təxminən 100 min km. ötürücü xətlərinin) çoxu, 200-dən artıq yarımstansiyanın böyük əksəriyyəti sovet hakimiyyəti dövründən qalır və respublikanın etibarlı enerji təhlükəsizliyi tələblərinə cavab vermir (3).
Azərbaycan Respublikasının enerji siyasətinin əsas vəzifələrindən biri də ölkənin Cənubi Qafqaz və Xəzər hövzəsinin elektrik enerjisi ixrac edən əsas dövlətlərindən birinə çevrilməsidir. Bu məqsədlə, bir tərəfdən, ölkədə elektrik enerjisi istehsalının artırılması, digər tərəfdən həmin enerjinin xarici ölkələrə çatdırılması sisteminin yenidən qurulması və yaxud da yaradılması nəzərdə tutulur. Hazırda Azərbaycanın elektrik enerjisi sisteminin xarici ölkələrə əsas bağlantıları - Rusiya (330 kv-luq “Dərbənd-Yaşma” xətti), Gürcüstan (500 kv-luq “AzDRES-Muxranis Veli”, 330 kv-luq “Ağstafa-Qardabani” xətləri), Türkiyə (154/220 kv-luq “İqdır-Babək” xətti) və İran (230 kv-luq “İmişli-Parsabad”, 220 kv-luq “Astara”, 132 kv-luq “Araz”, 132 kv-luq “Culfa” yüksək gərginlikli hava xətləri və 11 kv-luq kabel xətti) vasitəsilə həyata keçirilir. Ölkənin elektroenergetika sistemində 2003-cü ildən çoxsaylı yeni istilik və su elektrik stansiyalarının tikintisi, mövcud enerji bloklarının müasirləşdirilməsi, alternativ enerji mənbələrindən (kiçik SES-lər, külək, günəş, termal sular və s.) istifadə edilməsi hesabına hazırda fəaliyyətdə olan generasiya güclərinin 2015-ci ildə 6500-7000 meqavata çatdırılması gözlənilir. Bu da həm daxili ehtiyacları tam ödəyəcək, həm də xaricə satılan enerji miqdarını bir neçə dəfə artırmağa imkan verəcəkdir (4).
Müasir dünyanın inkişaf etmiş ölkələrində ənənəvi enerji mənbələrinin getdikcə tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə külli miqdarda ziyan vurulmasını nəzərə alaraq, ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən (su, günəş və külək enerjisi, termal sular, biokütlə enerjisi) istifadəni günü-gündən genişləndirirlər. Bu sahədə ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Yaponiya və Çin daha qabaqcıl mövqe tutur. Qeyd edək ki, inkişaf etmiş ölkələrdə bərpa olunan enerji mənbələrinin payına (su elektrik stansiyaları daxil olmaqla) ümumi istehsal olunan enerjinin 13,5 faizi düşür. Yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da ekoloji cəhətdən təmiz, alternativ (bərpa olunan) enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Bu, istilik elektrik stansiyalarında yandırılan böyük miqdarda yanacağa qənaətlə yanaşı, ətraf mühitə atılan zərərli tullantıların miqdarının xeyli azaldılması deməkdir. Ölkənin təbii potensialından istifadə etməklə, alternativ enerji mənbələrinin elektrik və istilik enerjisi istehsalına cəlb olunması elektroenergetikanın inkişafında mütərəqqi dəyişikliklər etməyə imkan yaradır. Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisi ilə müqayisədə özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə daha sərfəli hesab olunur.
Təcrübə göstərir ki, Azərbaycanın bir çox rayonlarında külək və digər bərpa olunan enerji mənbələrindən istifadə edilməsinin, bu yöndə müasir qurğuların qurulması və tətbiqinin böyük perspektivi vardır. Həmin perspektivi və mövcud imkanları nəzərə alan Azərbaycan hökuməti 2008-ci ildə “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə” xüsusi Dövlət Proqramı qəbul etmiş və hazırda onun reallaşdırılmasına başlamışdır. Hesablamalara görə, Azərbaycan özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Həmin ehtiyat ildə 2,4 milyard kVt/saat elektrik enerjisinə bərabərdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə külli miqdarda tullantıların, o cümlədən atmosfer üçün zərərli maddə olan karbon dioksidin qarşısının alınması deməkdir (5).
Azərbaycanın transmilli dünya ilə enerji tərəfdaşlığı münasibətlərinin yaradılması
Keçən müddətdə Azərbaycanın Xəzər dənizində ona məxsus zəngin karbohidrogen ehtiyatlarını dünyanın aparıcı ölkələrinin qabaqcıl şirkətləri ilə birgə yeni texnologiya əsasında istehsal etməsi və müstəqil marşrutlarla dünya bazarlarına çıxarması onun enerji təhlükəsizliyinə beynəlxalq dəstəyi artırmış, dünya enerji sistemindəki rolunu yüksəltmişdir. Bütün bunlar ölkənin enerji təhlükəsizliyinin qorunmasına və təmin olunmasına həm də beynəlxalq dəstəyi gücləndirmişdir. Bakı-Tbilisi-Ceyhan əsas neft və Bakı-Tbilisi-Ərzurum qaz ixracı kəmərləri dünya dövlətləri ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətlərinin yaranmasına və müvafiq olaraq onun iqtisadi cəhətdən inkişaf etməsinə təkan vermişdir.
Lakin Xəzər hövzəsində qlobal enerji layihələrinin reallaşması təkcə Azərbaycanın deyil, həm də bütövlükdə Avrasiya regionunun, beynəlxalq aləmin və transmilli dünyanın enerji təhlükəsizliyinə müsbət təsir etmiş, neft-qaz ixracı sahəsində uğurlu beynəlxalq tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət göstərmişdir. Azərbaycanın ciddi səyləri nəticəsində Xəzər bölgəsinin zəngin enerji ehtiyatlarından səmərəli istifadə, onun üzərində transmilli nəzarətin təmin olunması, neftin və qazın təhlükəsiz marşrutlarla dünya bazarlarına çatdırılması sistemi yaranmışdır ki, bu da qloballaşan dünyanın geosiyasi müstəvisində təkcə Azərbaycanın deyil, həm də bütöv Xəzər bölgəsinin geoiqtisadi rolunu artırmışdır. Azərbaycan Avropanın müasir enerji təhlükəsizliyi sistemində mühüm yer tutaraq yeni-yeni transmilli layihələrin hazırlanması və həyata keçirilməsində arzuolunan və etibarlı tərəfdaşa çevrilmişdir. Həmin tərəfdaş ölkələrlə birgə reallaşdırılan layihələr, çəkilən neft və qaz kəmərləri ona öz ixrac və təchizat marşrutlarını şaxələndirməyə, əhalinin iqtisadi, sosial və s. tələbatlarını daha dolğun ödəməyə lazımi imkanlar yaratmışdır.
Xəzər hövzəsindən hasil edilən neft və təbii qazın Qara, Aralıq və Baltik dənizlərinin limanlarına, ətraf regionlara, habelə Mərkəzi Avropaya çatdırılması üçün transmilli enerji ixracının şaxələndirilməsi siyasətini həyata keçirən Azərbaycan hazırda çoxvariantlı ixrac marşrutlarının və kəmərlərinin yaradılmasına çalışır. Bu onun müstəqil enerji siyasətini və ixrac təhlükəsizliyini təmin etməklə yanaşı, həm də regionun neft-qaz ölkələrinin maraqlarına, Avropanın enerji təhlükəsizliyinə xidmət edir.
Azərbaycan bu gün regionda kənardan heç bir enerji asılılığı olmayan, bütün sahələr üzrə öz enerji tələbatını daxili imkanları hesabına tam ödəməyə qadir olan iki ölkədən biridir. Hazırda onun həyata keçirdiyi enerji siyasətinin məqsədi ölkənin dünya bazarlarına çıxış imkanlarını daha da artırmaqdan və dünya ölkələri üçün alternativ enerji mənbəyi yaratmaqdan ibarətdir. Son illərdə dünya enerji satışı bazarında çəkisini və rolunu xeyli dərəcədə gücləndirməsi Avropa dövlətlərinin Azərbaycanla əməkdaşlığa marağını daha da artırmışdır. Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması dünyanın inkişaf etmiş dövlətləri və aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə etiraf olunur.
2006-cı ilin noyabrında Brüsseldə “Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması həm Azərbaycanın, həm də Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə oldu. 2007-ci ilin may ayında Krakov şəhərində təşkil olunmuş enerji sammiti bu sahənin təhlükəsizlik məsələlərinin Avropa üçün getdikcə daha qlobal səciyyə daşıdığını, mühüm geosiyasi reallıqlarla şərtləndiyini növbəti dəfə təsdiqlədi. Polşa, Azərbaycan, Gürcüstan, Litva və Ukrayna prezidentlərinin, eləcə də Qazaxıstanın dövlət nümayəndələrinin iştirak etdiyi bu sammitdə enerji sahəsində yeni subregional inteqrasiya modeli yaratmağın vacib olduğu vurğulandı. Sammit çərçivəsində müzakirə olunmuş Odessa-Brodı-Qdansk marşrutu Qara dənizə çıxarılan neftin Baltik dənizi sahilinə çatdırılmasını, oradan Avropa və dünya bazarlarına daşınmasını nəzərdə tutur. 2007-ci ilin oktyabrında Litvanın paytaxtı Vilnüs şəhərində “Vilnüs enerji təhlükəsizliyi konfransı - 2007: məsul tərəfdaşlar üçün məsul energetika” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən dövlətlər Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropa bazarlarına daşınması üçün milli şirkətlərin iştirakı ilə yeni konsorsiumun - “Sarmatiya”nın yaradılması barədə razılığa gəlmişlər. Bu konsorsiumun əsas məqsədi Azərbaycan, Gürcüstan, Ukrayna və Polşanın ərazisindən keçməklə, Xəzər dənizindən Avropaya və beynəlxalq bazarlara gedən daşınma sistemlərinin reallaşdırılmasını təmin etməkdən ibarətdir. Tədqiqatçıların fikrincə, belə bir konsorsiumun yaradılması Avropa Birliyinin enerji təhlükəsizliyi maraqlarına tam cavab verir. 2008-ci il noyabrın 13-14-də Bakıda keçirilən enerji sammitində Nabukko qaz layihəsinin reallaşmasında Azərbaycanın əsas söz sahibi olduğu bir daha aydınlaşdı.
Azərbaycan dövlətinin neft-qaz kəmərlərini şaxələndirməsi təkcə ölkənin enerji təhlükəsizliyinə xidmət etmir, eyni zamanda transmilli enerji ixracının daha səmərəli və məqsədyönlü təşkilinə müsbət təsirini göstərir. Hazırda Azərbaycan nefti üç istiqamət üzrə - Bakı-Tbilisi-Ceyhan vasitəsilə Aralıq dənizinə və dünya bazarlarına, Bakı-Supsa və Bakı-Novorossiysk xətləri vasitəsilə Qara dəniz limanları və Avropa bazarlarına çıxarılır. Növbəti layihə kimi, Bakı-Supsa xəttinin Odessa-Brodı-Plotsk-Qdansk marşrutu ilə Şərqi Avropaya qədər uzadılması nəzərdə tutulur. Bu məqsədlə “Sarmatiya” adlı müştərək şirkətin təsis edilməsi də prosesin yaxın perspektivdə sürətlənəcəyinə dəlalət edir. Bundan sonra Xəzər dənizinin enerji ehtiyatlarının nəqli üçün Avropa bazarlarına əlavə marşrutların reallaşdırılması yönündə əməli addımlar atılması nəzərdə tutulur.
Bu gün Xəzər hövzəsindən neftin və qazın dünya bazarlarına çatdırılması yollarının şaxələndirilməsi ABŞ və Qərb dövlətlərinin geosiyasi maraqlarına da tam cavab verir. Onlar Avropa bazarlarına neft göndərilməsi üçün Avrasiya neft nəqli dəhlizi sistemində Odessa-Brodı neft kəmərinin işə salınmasını, bölgənin karbohidrogen ehtiyatlarının etibarlı və təhlükəsiz nəqli üçün Xəzər-Qara dəniz və Xəzər-Baltik dənizi Enerji Tranziti Məkanının yaradılması təşəbbüslərini davam etdirməyi vacib sayırlar. Bundan başqa, Qərb tərəfdaşları hesab edirlər ki, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Avropa bazarlarına nəqli regional əməkdaşlığın daha da möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsir göstərir, dünyada enerji ehtiyatlarının hasilatçı, istehlakçı və tranzit ölkələrinin qarşılıqlı faydalı maraqlarını təmin edir. Bu dövlətlər Azərbaycanın Avropa və dünyanın enerji bazarlarına alternativ marşrutlar axtarma və ixracı şaxələndirmə siyasətini, Nabukko da daxil olmaqla, Gürcüstan, Türkiyə, Rumıniya, Bolqarıstan və s. kimi etibarlı, qeyri-asılı tranzit ölkələrinin ərazisi ilə yeni-yeni neft və qaz ixracı marşrutlarının yaradılması səylərini dəstəkləyirlər.
Qərbin Azərbaycanı özünün enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qəbul etməsi Avropa İttifaqı - Azərbaycan əlaqələrini strateji səviyyəyə yüksəltmişdir. Bunun nəticəsidir ki, yuxarıda qeyd edildiyi kimi, 2006-cı il noyabrın 7-də Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair xüsusi Anlaşma Memorandumu imzalanmışdır.
Azərbaycan qazını Avropa bazarlarına çatdıracaq Türkiyə-Yunanıstan qaz kəmərinin 2007-ci il noyabrın 18-də istismara verilməsi ölkəmizlə Avropa İttifaqı arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın, həmçinin enerji tranzitinin yeni istiqamətini yaratmışdır. Bu kəmər Azərbaycan, Türkiyə və Yunanıstan üçün böyük geosiyasi əhəmiyyət daşımaqla bərabər, həm də enerji sahəsində bölgədə yeni transmilli iş birliyinin əsasını qoyur.
Türkiyə-Yunanıstan qaz kəmərinin işə salınması ilə Avropa İttifaqı - Azərbaycan əməkdaşlığı bəhrəsini verməyə başlayır. Yunanıstan Avropa İttifaqının üzvü olaraq enerji sahəsində Azərbaycanla əməkdaşlıq edir. Yaxın gələcəkdə bu əməkdaşlığa digər Avropa İttifaqı ölkələrinin də qoşulacağı gözlənilir. Çünki bu məsələ enerji təhlükəsizliyinin təminatı baxımından ilk növbədə Avropa İttifaqına daxil olan dövlətlərin geosiyasi maraqlarına cavab verir. Artıq kəmərin Yunanıstandan İtaliya sərhədlərinə qədər uzanması barədə sənəd də imzalanmışdır.
Bundan başqa, 2010-cu ilin aprel ayında Buxarestdə, sentyabr ayında isə Bakıda Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın dövlət və hökumət başçılarının imzaladıqları müqaviləyə uyğun olaraq, AGRİ layihəsi çərçivəsində Azərbaycan qazının boru vasitəsilə Gürcüstanın Qara dəniz limanlarına çatdırılması, sonra sıxılaraq gəmilər vasitəsilə Rumıniya ərazisinə daşınması və oradan da Macarıstana, Bolqarıstana və digər Avropa ölkələrinə nəqli marşrutu yaradılmışdır. Bu marşrutla və 2012-ci ildə Azərbaycanla Türkiyə arasında inşası və ixrac şərtləri razılaşdırılmış Transanadolu (TNAP) qaz kəməri vasitəsilə gələcəkdə Avropa ölkələrinə ildə, təxminən 20 -30 milyard kubmetr maye qazın ixracı nəzərdə tutulur.
Nəzərə alınsa ki, Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə 2005-ci ildən Türkiyə və Gürcüstana, Bakı-Mozdok və Bakı-Astara kəmərləri ilə 2009-cu ildən həm də qonşu Rusiya və İrana qaz ixrac edir, o zaman xarici bazarlara sərbəst çıxmaq və öz qazını müstəqil şəkildə ixrac etmək istiqamətində Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunubdur.
2013-cü ilin dekabr ayında Bakıda dünyanın aparıcı neft-qaz şirkətləri və bir çox Avropa ölkələri ilə “Şahdəniz-2” layihəsi üzrə təbii qazın istehsalı, bölüşdürülməsi və ixracı üzrə yekun investisiya qərarının imzalanması isə XXl əsrdə nəinki təkcə Azərbaycanın, o cümlədən Avropa və dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayacaqdır. “Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq (6).
Avropa ölkələri və aparıcı şirkətlərlə enerji sahəsindəki mövcud tərəfdaşlıq münasibətləri Azərbaycanın özünün böyük qaz ehtiyatlarını dünya enerji bazarlarına çıxarmaq imkanı yaradır. Mütəxəssislərin fikrinə görə “Mərhələ-2” çərçivəsində işlənilməsi planlaşdırılan “Şahdəniz”in əlavə ehtiyatlarından, bu yaxınlarda Xəzərdə kəşf edilmiş “Abşeron” və “Ümid” yataqlarının, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı dərin qaz ehtiyatlarının, olduqca perspektivli “Şəfəq-Asiman”, “Babək”, “Zəfər-Məşəl” və başqa strukturların potensialından tam istifadə ediləcək.
Əli Həsənov
Tarix elmləri doktoru, professor