“Dini tolerantlıq Azərbaycan xalqının genetik kodunda, mayasındadır”
“Dini tolerantlıq Azərbaycan xalqının genetik kodunda, mayasındadır”

Asim Mollazadə: Bir çox ölkələrdə işgəncələrə məruz qalmış xalqlar Azərbaycana gələrək burada rahatlıq taparaq qorunublar”

Ölkədəki dini tolerantlığın durumu ilə bağlı suallarımızı Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə cavablandırır.
-Asim bəy, ölkədəki milli tolerantlığın səviyyəsi Sizi qane edirmi?
-Azərbaycanda söhbət təkcə milli tolerantlıqdan getməməlidir. Ölkəmiz tarixən fərqli mədəniyyətlərin, fərqli dinlərin, fərqli qüvvələrin hər zaman əməkdaşlıq sistemində və bir-birini zənginləşdirən sistemdə bərqərar olub. Azərbaycan məhz mədəniyyətlərarası, dinlərarası anlaşmanın klassik bir nümunəsi kimi diqqət çəkib. Ona görə də biz qürurla bu təcrübənin dünya səviyyəsində - həm Avropa ölkələrində, həm də Asiya məkanında təbliği və intişarına nail ola bilərik. Çünki Azərbaycan tarixi tamamilə fərqli nümunələr, fərqli fenomenlər ortalığa qoyub. Ən müxtəlif dinlərə mənsub olan xalqlar və etnik qruplar Azərbaycanda tarixboyu yanaşı yaşayaraq bir-birinin mədəniyyətini və dünyagörüşünü zənginləşdirib. Təsəvvür edin, qədim Hindistandan gəlib Abşeron yarımadasında Atəşgah məbədini inşa ediblər. Erkən orta əsrlərdən Azərbaycanda xristianlar yaşamağa başlayıblar. Lap qədim dövrlərdə Qərb ölkələrində və Yaxın Şərqdə təqib və təzyiqlərə məruz qalmış iudaist yəhudilərin bir qismi Azərbaycana sığınıb. Bu qovuşma nəticəsində ölkəmizin tarixində unikal mədəniyyət nümunələri yaradılıb. Bununla belə, bu cür milli-dini rəngarəngliyə, dini zənginliyə baxmayaraq, tarixi mənbələrdə ölkəmizdə məskunlaşmış bu xalqlar və dini konfessiyalar arasında konfliktlərin və yaxud münaqişələrin olması barədə bircə dənə fakta da rast gəlmək mümkün deyil. Çünki dini tolerantlıq Azərbaycan xalqının genetik kodunda, mayasındadır.
-Azərbaycanda İslam, xristian, iudaizm, hətta zərdüştilik kimi dinlər tarixən yanaşı mövcud olub. Sizcə, bu fenomenin başlıca amilləri nədən qaynaqlanır?
-Bu fenomen oradan qaynaqlanıb ki, Azərbaycanda qeyd etdiyiniz belə bir sistemli zənginliyə münbit şərait yaradan dövlət siyasəti və ictimai yanaşma mövcud olub. Bir çox ərazilərdə, ölkələrdə işgəncələrə məruz qalmış xalqlar Azərbaycana gələrək burada rahatlıq taparaq qorunublar və Azərbaycanın zəngin, çoxçeşidli mədəniyyətinin formalaşması prosesində əməkdaşlıq ediblər. Belə nümunələri çox göstərmək olar. Məsələn, Avropada soyqırımlara məruz qalmış yəhudilər, Avropanın fərqli xristian konfessiyaları, təriqətləri, Rusiyanın daxilində olan müxtəlif xristian təriqətləri Azərbaycana sürgün edilib və onlar ölkəmizdə yaşayarkən zəngin mədəni-dini mühitdən bəhrələniblər. Bu hadisənin olduqca mühüm əhəmiyyəti var. Söhbət ondan gedir ki, dini mənsubiyyətindən asılı olmayaraq hər bir ölkənin vətəndaşı özünün hüquqlarına malik olmalıdır. Azərbaycanda tarixən bu ənənələr var və ona görə də müxtəlif dinlərə məxsus şəxsiyyətlər ümummilli mədəniyyətimizin inkişafına öz töhfələrini bəxş ediblər. Zənnimcə, Azərbaycandakı mədəniyyətin rəngarəngliyi məhz müxtəlif mədəniyyətlərdən bəhrələnməklə müvafiq və sosial baxımdan adekvat davranış sistemləri biçimləyib. Mən fikrimi konkret misallarla əsaslandıra bilərəm. Məsələn, musiqi sahəsində. Azərbaycan xalq musiqisini dünyanın klassik musiqi sisteminə qovuşduran dahi Üzeyir Hacıbəyov Şərq dünyasında ilk operanın və simfonik musiqinin ilk yaradıcısı olub. Buna oxşar proseslər Azərbaycanın caz sənətində də müşahidə olunur. Hazırda bütün dünyanın musiqi xadimlərinin böyük ehtiramla andığı dahi pianoçu və bəstəkar Vaqif Mustafazadə üç böyük musiqi fenomenini – Amerika zəncilərinin cazını, klassik Avropa musiqisini və Azərbaycan muğamlarının sintezi əsasında nadir sənət nümunələri yaradıb. Bu yaradıcılıq üslubu, birinci növbədə, Azərbaycanda tarixən mövcud olan dini-milli zənginlikdən, harmoniyadan irəli gəlir. Belə nümunələr Azərbaycan mədəniyyəti tarixində istənilən qədərdir. Mənə elə gəlir ki, bu kimi külli miqdarda faktların unikallığını şərtləndirən amilləri dünyaya təbliğ etməyi bacarmalıyıq.
-Avropadan, Amerikadan və ümumiyyətlə dünyanın əksər ölkələrindən Azərbaycana gələn dövlət rəsmiləri, diplomatlar bizdəki dini tolerantlığın səviyyəsini yüksək qiymətləndirirlər. Amma bir sıra beynəlxalq qurumlar bu mövzuda hesabatlar hazırlayarkən bəzən nədənsə neqativ çalarlara da yol verir, dini tolerantlıqla bağlı problemlərin olduğunu vurğulayır. Sizcə, bu ziddiyyət haradan yaranır?
-Mən belə bir ziddiyyət görmürəm. Həqiqətən də, ölkəmizə rəsmi səfərə gələn dövlət rəsmiləri, xarici qonaqlar haqlı olaraq ölkəmizdəki dini tolerantlığı klassik nümunə, çoxlarının ibrət götürəcəyi örnək kimi dəyərləndirirlər. Qeyd etdiyiniz beynəlxalq təşkilatlar isə Azərbaycanda dini tolerantlıq sahəsində problemlərin mövcud olmasını demirlər. Ola bilsin ki, ölkədə siyasi baxımdan hansısa problemlər var və bu da təbiidir. Çünki Azərbaycan gənc bir dövlətdir və indiyə qədər keçmədiyi tarixi bir yola – ölkədə demokratik dövlət quruluşunu bərqərar etmək kursuna qədəm qoyub. Lakin dinlərarası münasibətlərlə bağlı situasiya, mədəniyyətlərarası dialoqla bağlı Azərbaycanın real təcrübəsi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
-Xarici dairələrə, İrana, Səudiyyə Ərəbistanına, Rusiyaya, Türkiyəyə, Avropa ölkələrinə bağlı olan bir sıra dini konfessiyalar Azərbaycan xalqının qarşılıqlı anlaşmaya və hörmətə əsaslanan həyat tərzini pozmaq üçün hansısa təxribata, davranışa əl ata bilərmi?
-Bu cür təriqətlər hətta məxsus olduqları dinlərin təməl prinsiplərinə zidd fəaliyyət göstərməklə məşğuldur. Bu, bilavasitə siyasətə köklənmiş meyldir və dini siyasi məqsədlər üçün alətə çevirməkdən irəli gəlir. Amma güman etmirəm ki, onlar Azərbaycan mühitində hansısa bir bəd niyyətin gerçəkləşməsinə nail ola bilər. Çünki bayaq qeyd etdiyim kimi, Azərbaycandakı dini tolerantlığın yaşı onilliklərlə deyil, yüz, min illərlə ölçülür və belə bir qədim tarixi ənənələri sarsıtmaq o qədər də asan iş deyil. Bu təriqətlər böyük xərclər çəksələr də, onların fəaliyyəti uğursuzluğa düçar olur. Çünki Azərbaycan mədəniyyətinin dərinliyi və tarixi müdrikliyi bu cür hərəkətlərin qarşısını almağa qadirdir.
-Ölkədəki etniklərin mədəniyyətlərinin, tarixinin, mədəni irsinin öyrənilmə və təbliğ səviyyəsi nə yerdədir? Bu sahədə hansı problemlər var?
-Bu istiqamətdə çox işlər görülüb. Bir məqamı xatırlatmaq istərdim. Azərbaycan keçmiş SSRİ respublikaları arasında ilk ölkədir ki, burada ilk dəfə milli azlıqların hüquqlarının dövlət səviyyəsində müdafiəsi, dini azlıqların inkişafı ilə bağlı müvafiq dövlət proqramları və dövlət tərəfindən maliyyələşən konkret layihələr həyata keçirilir. Hesab edirəm ki, bu istiqamətdəki işlərimizi daha da gücləndirməliyik. Həm elmi araşdırmalar sahəsində, həm də milli mədəniyyətlərin inkişafı sahəsində daha çox işlər görmək mümkündür. Ümidvaram ki, bu yöndə müvafiq dövlət proqramları konkret nəticələr verəcək.
-Ölkədəki dini tolerantlığın xalqlararsı münasibətlərə təsir səviyyəsi nə dərəcədədir? Bu istiqamətdə daha hansı işlər görülməlidir ki, müsəlman talışla müsəlman ləzgi, kürd və yaxud xrsitian pravoslavla molokan arasnda hansısa problemlər yaranmasın?
-Bu sahədə görüləcək işlər birinci növbədə özümüzün və dünya xalqlarının tarixi təcrübəsini öyrənməkdən və təbliğ eləməkdən ibarət olmalıdır. Azərbaycana dini-milli dözümsüzlüyü, dini radikallığı ixrac etmək istəyən beynəlxalq qüvvələr bizdəki dinclikdən və tarixi ənənələrə söykənən qarşılıqlı sayğıdan çox narahatdırlar. Onlar ölkədəki siyasi sabitliyi pozmaq üçün radikal amillərdən istifadə etməyə cəhdlər göstərirlər. Lakin biz də bu yöndə bir çox işlər görməliyik. Bu işlər birbaşa elmlə, təhsillə, dini maariflənmə ilə bağlıdır. Vətəndaş cəmiyyəti qurumları da bu prosesdə fəal şəkildə iştirak etməlidir. Müvafiq etnik və dini təşkilatlar bu proseslərə dəstək verməlidir və əməkdaşlıq tempini yüksəltməlidir. Hal-hazırda bu var, lakin onu daha da genişləndirmək və daha da gücləndirmək üçün xeyli iş görməliyik.
-Sizcə, ölkədəki dini qurumların fəaliyyətini və qarşılıqlı əlaqələrini genişləndirmək üçün daha bir qurumun yaradılmasına ehtiyac varmı?
-Belə bir dövlət qurumu var və dövlətin siyasətini həyata keçirdir. Siz vurğuladığınız yöndə isə daha çox vətəndaş cəmiyyəti qurumları effektli iş görə bilər. Çünki bu yöndə bütün problemləri dövlət strukturları həll edə bilməz. Vətəndaş cəmiyyəti də bu sahəyə öz payını verməlidir.