Milli Şurada daha bir insident
Milli Şurada daha bir insident

Qurum üzvləri bir-birini özəl xidmətlərə işləməkdə ittiham edir

Son günlər Milli Şurada münasibətlər o dərəcədə gərginləşib ki, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri professor Hacıbaba Əzimov Mehdibəy Səfərovu və EL hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevi özəl xidmətlərə işləməkdə ittiham edir.
Milli Şurada yaranmış bu qarşılıqlı ittihamları politoloq Zərdüş Əlizadə “Unikala” şərh edib. Əlizadə açıqlamasında Milli Şuranın seçkidən sonra öz funksiyasını itirdiyini bildirib. Onun sözlərinə görə, Milli Şuradakı siyasi qüvvələr xalqla səmimi işləmək istəmir: “Milli Şura seçkidən sonra öz funksiyasını itirdi. Qaşıq şorba yeyəndə lazım olur. Şorba olmayanda qaşıq nəyə lazımdır. Ümümən bu qurumda cəmləşənlər real iş görmürlər. Onların cəmiyyətə demək istədikləri söz yoxdur. Elə qalmaqallarla başlarını girələyirlər. Sizə məsləhət görərdim ki, xəbəri sadə insanların arasında axtarın. Hətta bir bədbəxt azərbaycanlının özü daha maraqlı xəbərdir, nəinki heç bir əhəmiyyəti olmayan bir şuranın”.
Z. Əlizadənin sözlərinə görə, ”Milli Şuranın sonu məsləhət şuralarına, dəyirmi-masalara gedib çıxır.Yəni başqa şey yoxdu axı. Əgər bir şuranın fəaliyyət proqramı yoxdursa, ondan nə gözləmək olar?”
Əlizadə onu da bildirdi ki, “Açığı burada mənim hörmət etdiyim insanlar var. Burada ziyalı, ağıllı adamlar var. Cəmil müəllim, Əli müəllim, Mirzəfər müəllim belə insanlardandır. Onları tanıyıram, çox ağıllı və savadlı insanlardır. Fəqət bu ağılları, beyinləri işə salmaq üçün hansısa bir qüvvə lazımdır. Mən onu görmürəm. Bir də ki, oradakı siyasi qüvvələrin heç biri xalqla ciddi bir səmimiyyətlə işləmək istəmir. Bunlar Əbülfəz Əliyev dövrünün törəmələridir və Əbülfəz Əliyevin əbasından qalan ikibaşlı adamlardır. “
Milli Şuranın üzvü, El hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev isə “Unikal”a bildirdi ki, “Milli Şurada heç bir qarşıdurma yoxdur və öz fəaliyyətini davam etdirir. Arzu olunduğu qədər güclənib, hətta onun fəaliyyət proqramı da təsdiq olunub. Qurumda heç bir qarşıdurma da yoxdur”.
E. Quliyevin sözlərinə görə, “Bu cür məlumatları yayanlar Milli Şuranı istəməyən adamlardır. Bununla onlar Milli Şuraya zərbə vurmaq istəyirlər. Milli Şura vahid və monolit qurum kimi faliyyət göstərir və kimin nə deməyindən asılı olmayaraq Azərbaycanda demokratik dəyişiklik etmək istəyən insanların idarəçiliyini həyata keçirir”.
BAXCP sədirinin müavini Niyaməddin Orduxanlı isə “Unikal”a açıqlamasında Milli Şuranın, demək olar ki, dağılmış bir qurum olduğunu bildirib: “Bu qarşıdurmalar elə bir həddə çatıb ki, özlərinin son iclasda verdikləri məlumata görə, 130 nəfərlə təsis olunan bir qurum 60 nəfərlə sessiya keçirir. Yəni göründüyü kimi, 40 nəfər istefa verib. 60 nəfərlə sessiya keçirdirlər və həmin sessiyada yenə də El hərəkatının üzvlərindən iki nəfər istefa verdi. Bu da onu göstərir ki, qurumda münasibətlər ürəkaçan deyil.Yenə də tezliklə istefalar gözləniləcək. Demək olar ki, bu qurum dağılmış bir vəziyyətdədir, bir neçə partiyanın qaldığı bir quruma çevrilib”.
Niyaməddin Orduxanlının sözlərinə görə, müsavatçıların “Cəmil Həsənlini Əli Kərimli idarə edir” iddiası özünü doğrultdu:
“Belə bir təəssürat yaranır ki, sanki bu qurumda Cəmil Həsənliyə diqtəni Əli Kərimli edir. Cəmil Həsənli daha çox Əli Kərimlinin yanında olan biri kimi görsənir. Bilirsiniz ki, Əli Kərimli Müsavatla onların arasında olan təhqirlərə, konfiliktlərə Cəmil Həsənlini də cəlb edib. Yəni bu münasibətlər Müsavatla Əli Kərimli arasında yaranmışdı. Cəmil Həsənli açıqlamasında Müsavata və “Yeni Müsavat” qəzetinə açıq münasibətini göstərdi və mövqeyini ortaya qoydu ki, Əli Kərimlinin yanındadır. Bu da onu sübüt etdi ki, müsavatçıların ittihamı öz təsdiqini tapdı. Mən düşünürəm ki, yaxın zamanlarda o təşkilatdan Mirmahmud Mirəlioğlu və onun ətrafındakı insanlar da istefa verəcək. Çünkü inanmıram ki, Əli Kərimli ilə Mirmahmud Mirəlioğlu uzun müddət birgə fəaliyyət göstərə bilsinlər”.
Abbas Ələmdaroğlu