Müxalifətin birliyi mümkünsüzdür
Müxalifətin birliyi mümkünsüzdür

Yaranan birliklər müxalifətin parçalanması ilə sona çatır

Son zamanlar diqqəti cəlb edən məsələlərdən biri və bəzi hallarda birincisi müxalifət daxilində baş verənlər oldu. Müsavat Milli Şuradan getdi, AXCP Müsavatı, Müsavat isə AXCP-ni hakimiyyətə işləməkdə ittiham etdilər. İttihamlar hətta küçə söyüşləri həddinə çatdı və belə rəy yarandı ki, artıq bu iki partiyanın bir arada olması sadəcə mümkünsüzdür. Bu azmış kimi, bundan sonra da Milli Şura daxilində “agent” oynuna start verildi.

Professor Hacıbala Əzimov Milli Şurada talış separatizmin olduğunu bəyan etdi və buna görə Eldəniz Quliyevi ittihamladı. Qarşı tərəf isə professoru hakimiyyətə işləməkdə günahlandırdı. Bununla da Milli Şura daxilində növbəti qalmaqal başladı. Ekspertlər isə düşünür ki, bu qalmaqallar nəticəsində yaxın iki ay ərzində Milli Şura tamamı ilə çökəcək. Məhz bu ərəfədə növbəti açıqlama “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlundan gəldi. Bu dəfə müsavatçı bəyan etdi ki, artıq İctimai Palatada ömrünü başa vurmuş sayılmalıdır. Belə olan halda ortaya maraqlı bir sual çıxır. Nədən müxalifət 20 ildir ki, bir birlik yarada bilmir? Siyasi analitiklər bunun bir neçə səbəbinin olduğunu bildirirlər. İlk növbədə ciddi səbəb budur ki, birliklərin formatı olmur və tərəflər bu birliklərə daha çox özlərinin yedək qurumu kimi görməyə çalışırlar. Məsələn, İctimai Palata yaradılanda Müsavat gücünü səfərbər edərək bu birlikdə üstünlüyü ələ aldı. Nəticədə İctimai Palata daha çox müsavatçıların meydanı kimi qəbul olundu və AXCP demək olar ki, küncə sıxışdırıldı. Və yaxud Milli Şura yaradılan zaman, AXCP imkanlarını səfərbər edərək Milli Şurada əsas söz sahibinə çevrildi Nəticə isə göz qabağındadır, Müsavat qurumdan ayrıldı. Buna görə analitiklər hesab edir ki, müxalifət ilk növbədə birliyin formatında ciddi yanlışlıq edirlər. İkinci ciddi qüsur isə yaradılan birliklərin ideoloji prinsiplərdən kənarda qalmasıdır. Bunu Milli Şuranın formalaşması zamanı daha aydın şəkildə gördük. Gəlin detallara baxaq. Müsavat partiyası müsavatçılıq,AXCP isə daha çox Rəsulzadə-Elçibəy siyasi baxış sisteminə üstünlük verirdi və bunların kökündə demək olar ki, loyal millətçilik dayanırdı. Təşkilatın sədri isə Rəsulzadə-Elçibəy siyasi sisteminə nifrət edən, daha çox sosialist baxışları ilə tanınan Rüstəm İbrahimbəyov idi. Və yaxud donuz əti yeməsi ilə fəxr edən Rüstəm İbrahimbəyovun rəhbəri olduğu təşkilata həm sələfi təriqətinin, həm də şiə təriqətinin üzvləri də daxil olmuşdu. Bu isə ideologiyasız bir qurum ovqatından başqa bir şey deyildi. Bəs nəticə nə oldu? Seçkilərdən öncə parçalanmalar başladı və nəticə göz qabağındadır. Başqa ciddi bir qüsur isə yaranan birliklərin konkret məqsədlərinin olmamasıdır. Məsələn, İctimai Palata o zaman parlament seçkiləri ilə bağlı yaranmışdı. Amma parlament seçkiləri sona çatsada,üzərindən illər keçsədə yenə də bu təşkilatın qorunması üçün müxalifətdaxili savaş başladı. Halbu ki, bu təşkilat məhz parlament seçkilərinə hesablanmışdı. Bəs onda nəyə görə bu qədər zaman itirildi?Ona görə ki, hədəflər düzgün müəyyənləşdirilməmişdi və nəticədə nəticəsizlikdən başqa heç nə olmadı. Və çox qəribə bir məqamda ondan ibarətdir ki, bu birliklər yaranandan sonra müxalifətdaxili parçalanmalar daha çox artır. Bunun isə ən başlıca səbəbi bir araya gələn qüvvələrin ilk gündən bir-birinə qarşı səmimi olmamasıdır. Gəlin Milli Şurada parçalanma yaranan zaman səslənən ittihamlara baxaq. Əksər müsavatçı bəyan etdi ki, ilk gündən bilirdilər ki, Milli Şura Rusiyanın projesidir və AXCP bu projenin oyunçusuna çevrilmişdi. AXCP rəhbərliyi isə bəyan etdi ki, ilk gündən bilirdilər ki, Müsavat Milli Şuraya zərbə vuracaq və bunun qarşılığında 2015-ci il parlament seçkilərində azından 5 mandat əldə edəcəklər. Gördüyünüz kimi Milli Şuranın yarandığı zamanda artıq bu siyasi qüvvələr bir-birinə inamsız yanaşıblar və nəticədə ortadadır. Ekspertlər bütün bunları cəmləyərək hesab edirlər ki, müxalifət əslində bu gün böyük koalisiyalarda təmsil olunmaq iqtidarında deyil. Çünki buna mənəvi baxımdan da hazırlıqlı deyillər. Gəlin bir nümunəyə baxaq. Bu gün Ukrayna müxalifəti hakimiyyətə qarşı koalisiya
yaradıblar və demək olar ki, ciddi uğurlarda əldə etmək üzrədirlər. Bu birliyi hansı formada yaratdılar? Konkret məqsəd ortaya qoyuldu. Daxili çəkişmələr bir kənara qoyulur, siyasi iddialar unudulur, partiya maraqları dondurulur və tək məqsəd hakimiyyəti güzəştə məcbur etməkdir. Bu məqsədə nail olandan sonra isə daxili rəqabətə keçid ola bilər. Məhz bu amil müxalifət liderlərinin formalaşmasından xəbər verir. Azərbaycan müxalifəti isə heç bir halda firqə maraqlarından kənara çıxa bilmir.
Fuad Əliyev