Bir ayda 25 intihar
Bir ayda 25 intihar

Artıq bu dəb halına düşüb

“Ən ağrılı məsələ budur ki, hazırda intihar edən şəxslərə qəhraman kimi baxır və intihara məhşurlaşmağın ən sadə yolu kimi yanaşırıq”

Bu ay Azərbaycanda əslində intihar ayı kimi qeyd olunsa daha yaxşı olar. Çünki indiyədək heç bir ayda özünə qəsd edənlərin sayı bu qədər çox olmayıb. Məsələn, 2013-cü ilin yanvar ayında ölkədə cəmi 21 nəfər intihar edib, 12 nəfər isə buna cəhd göstərib. Hazırda isə rəsmi mənbələrin açıqladığı məlumata görə, ötən müddətdə Azərbaycanda 25 nəfər həyatına qəsd edib.
Canlarına qıyanların 16 nəfəri kişi, 2-si qadındır. Bundan əlavə, intihar edənlərin 3-ü məktəbli (hamısı oğlandır) olub, 4 nəfər hərbçi də müxtəlif səbəblərdən özlərini həyatdan məhrum edib. Qeyd edək ki, intihara cəhdləri uğursuz nəticələnənlər də az deyil. Belə ki, 2014-cü ilin yanvar ayının ötən 22 günündə 2 məktəbli (bir qız, bir oğlan), 2 hərbçi özlərini öldürməyə cəhd göstərib. Digər intihara cəhd edənlərin 8-si qadın, 7-si kişi olub. İntihar halının bu qədər artması isə artıq real təhlükədən xəbər verir. Ekspertlər bunu bir sıra məqamlarla əlaqələndirirlər. İlk məqam budur ki, Qarabağ əlili Zaur Həsənovun intihar olayı kifayət qədər ciddi rezonans yaratdı və hadisə lazım olandan çox ictimailəşdi. Hətta özünü intihar edən zaman video rolik şəkilində çəkilərək sosial şəbəkələrdə yayılması iradəcə zəif insanlarda intihara marağı artırdı. Təsəvvür edin ki, bu intiharın səhərisi günü bir nəfər sərxoş halda özünü yandırmağa cəhd etdi. Bu isə artıq onun psixoloji təsir altında olduğunu açıq şəkildə nümayiş etdirirdi. Diqqəti cəlb edən məqamlardan biri də budur ki, intihara cəhdin məzmununda dəyişiklik olub. Çünki öncələr adətən iki məsələy görə intihar halları ilə rastlaşırdıq. Birinci halda adətən gənclərin uğursuz sevgi məcaraları, ikinci halda isə hansısa sosial problem əsas götürülürdü. Amma sonuncu intihar halı durumun fərqli olduğunu göstərdi. Azad LGBT (Lezbiyan, Gey, Biseksual və Transseksual) təşkilatının sədri İsa Şahmarlı özünü asaraq intihar edib.Qeyd edək ki, gənc intihar etmədən öncə facebook hesabında dostları ilə vidalaşıb:“Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil... Mən xoşbəxt olmağa gedirəm...Anama da deyərsiniz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsız. Bu dünya mənim rənglərimi daşıyacaq qədər rəngli deyil. Əlvida”.Xatırladaq ki, İsa Şahmarlı homoseksual olub. Gördüyünüz kimi bu intiharda artıq hədəf olaraq cəmiyyət seçilib. Bu isə təsadüfi deyil. Ona görə ki, artıq belə bir fikir formalaşıb ki, bütün problemlərin çarəsi məhz intihardır. “Unikal”a açıqlama verən psixoloq Türkan Azad bildirir ki, sonuncu intihar artıq həyacan siqnalı kimi qəbul edilməlidir:-“İntihar edən şəxs gördüyünüz kimi öz hüquqlarını bilən,hətta təşkilat rəhbəri olan bir şəxsdir. Bu cür şəxs özünü intihar edirsə bu artıq sübutlayır ki, problem heç də şəxsin rastlaşdığı problemlə bağlı deyil. Bu cəmiyyətin yaşadığı gərgnlikdən və psixoloji basqılardan asılıdır. Son bir ayda bu qədər intiharın baş verməsi də yuxarıdakı fikri təsdiqləyir və deyərdim ki, mən burada daha çox kütlə psixologiyasının elementlərini görürəm. Daha sadə şəkildə desək bu artıq bir dəb halını alıb və bunun qarşısını almaq üçün təcili addımlar atılmalıdır. Bu addımlar nədən ibarət ola bilər? İlk növbədə KİV bu cür faktları çox nümayiş etdirməməli və bunu hadisə kimi təqdim etməməlidirlər. Bir maraqlı məqamada toxunmaq istiyərdim. Öncələr bir şəxs intihar edəndə əksəriyyət o şəxsi qınayırdılar və deyirdilər ki, İslamda intihar qadağandır və bu şəxslər cəhənnəmlikdir. Hətta intihar edənin yaxın çevrəsi bu intihara görə utanc hissi keçirirdilər. Amma indi vəziyyət dəyişib. Son intihar hadisəsinin rezonansına sosial şəbəkələrdə baxdım. Mütləq əksəriyyət az qala bu intihara görə mərhuma haqq qazandırır, onun intiharını sanki bir qəhramanlıq hərəkəti kimi dəyərləndirirdilər. Bunu görən 16-20 yaşlı gənc də istər-istəməz belə bir qəhramanlığa can atacaq.Bunu da xüsusi olaraq qeyd edim ki, artıq beşinci intihar hadisəsidir ki, intihar edən şəxs intihardan öncə facebook sosial şəbəkəsində ya vida məktubu yazır, ya hansısa romantik bir mənzərə yaradıb sonra intihar edir.
Sanki intihar həm də məhşurlaşmaq üçün bir vasitəyə çevrilib. Buna görə biz ilk növbədə intihar hadisələrinə özümüzün verdiyimiz reaksiyaya baxmalıyıq. Bəlkə bizim bu cür yanaşmamız intihar hallarını daha da artırır? Sözsüz ki, bu hal var və bunun qarşısı alınmasa intihar dalğası yaxın bir neçə ay ərzində artmaqda davam edəcək ”. Bunu da qeyd edək ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, intihar halları zamanı daha çox özünü asmaq və yandırmaq kimi ağır üsullardan istifadəyə meyl çoxdur. Öncələr isə əksər intiharlar həddindən artıq çox dərman qəbul etməklə həyata keçirilirdi.
Toğrul Əliyev