Təmas xəttində nə baş verir?
Təmas xəttində nə baş verir?

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri hərəkətə keçib

Yayılmış məlumatlardan da məlum olduğu kimi, son günlər ərzində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib. Artıq hər iki tərəfdən həlak olanlar və yaralılar qeydə alınıb. Hətta müdafiə naziri Zakir Həsənovun birbaşa göstərişi ilə Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri hərəkətə keçib. Belə ki HHQ-nin təyyarələri cəbhə boyu uçuşlar həyata keçirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 24-də saat 06.00 radələrində erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Tərtər rayonu istiqamətində, Qapanlı və Seysulan yaşayış məntəqələri arasında, qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşmaq cəhdi qabaqcadan aşkar edilərək qarşısı alınıb. Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri geri çəkilməyə məcbur edilib. Ön xəttə yerləşən bölmələrimiz tərəfindən aparılan müşahidələrdə düşmənin geri çəkilməsi zamanı verilən əmr və komandaların yalnız erməni dilində deyil, qeyri-erməni dilində də səsləndirilməsi qeydə alınıb.
Cəbhənin Tovuz rayonu istiqamətində isə Azərbaycan hərbçiləri düşmənin hərbi maşınını sıradan çıxarıblar.
Maraqlıdır, cəbhə xəttində yaranmış bu gərginlik 1994-cü ildən bəri vərdiş etdiyimiz adi atəşkəs rejimin pozulması hallarından biridir, yoxsa sözügedən hərbi əməliyyatların alt qatında başqa motivlər durur?
Azərbaycan Demokrat Partriyasının sədri Sərdar Cəlaloğlu “Unikal”a açıqlamasında bildirdi ki, “Zənnimcə, qoşunların təmas xəttində son günlər ərzində baş verən gərgin hadisələr mahiyyət etibarilə əvvəlki atəşkəsin pozulması hallarından ciddi şəkildə fərqlənir. Bu faktlar, çox güman ki, Ukraynada baş verməkdə olan və gündən-günə güclənən Avromaydan hərəkatı ilə birbaşa bağlıdır. Məsələ burasındadır ki, Ukrayna Qərb üçün strateji baxımdan olduqca önəmli bölgədir. İkinci yerdə isə Azərbaycan durur. Hazırda Qərb dövlətlərinin Azərbaycana yatırdığı milyardlarla sərmayə ölkəmizi mühüm strateji nöqtəyə çevirib. Rusiya Ukraynadakı proseslər nəticəsində geopolitik mövqelərini itirə biləcəyini hiss etdiyindən Qərbə ibrət üçün Ermənistanın əliylə Azərbaycanı sıxışdırmağa başlayıb”.
Partiya sədrinin sözlərinə görə, “Dağlıq Qarabağ münaqişəsinin tarixindən məlumdur ki, bu prosesin müəllifi və körükləyəni həmişə Rusiya olub. Ermənistan heç zaman bu müstəvidə müstəqil addım atmayıb. Ermənilər elə indiki situasiyada da Moskvanın diqtəsi ilə cəbhə bölgəsində durumu kritikləşdirməyə başlayıblar. Buna görə də Müdafiə Nazirliyimiz cəbhə xəttində vəziyyətin daha da ağırlaşa biləcəyi ehtimalına hazır olmalıdır. Rusiya Ukraynada itirdiklərini Güney Qafqazdakı qazanclarla kompensasiya etməyə qalxışa bilər. Ehtimal etmək olar ki, Ukraynada Rusiyayönlü siyasət nümayiş etdirən prezident Yanukoviçin hakimiyyətinə qarşı təhlükələr çoxaldıqca Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki durum daha da gərginləşəcək”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli də hesab edir ki, cəbhə xəttindəki gərginliyi ermənilərin növbəti avantüerası kimi dəyərləndirmək yanlışlıq olardı. Onun “Unikal”a söylədiyinə görə, “Hazırda Rusiyanın düşdüyü vəziyyət o qədər də xoşagələn deyil. Bu ölkə Soçidə keçiriləcək Olimpiadaya hazırlıq görür. Lakin Soçi Şimali Qafqaza yaxın bölgə olduğundan terror təhlükəsini əngəlləməyin yollarını axtarır. Digər tərəfdən isə Suriyadakı proseslərlə bağlı keçirilən Cenevrə sülh konfransı Moskvanın arzuladığı şəkildə yekunlaşmadı. Suriyaya münasibətdə Rusiyanın yaxın tərəfdaşı olan İranın həmin konfransa dəvət edilməməsi Moskvanın mövqeyini bir qədər də zəiflətdi.Üçüncü ən mühüm faktor isə Ukraynada baş verən proseslərlə bağlıdır. Qərb Ukraynanı sistemli şəkildə Rusiyanın əlindən çıxartmaqla məşğuldur və son günlərin hadisələri bu üstünlükləri bir qədər də möhkəmləndirib. Hətta rus rəsmiləri Ukraynanın bölünməsindən də danışmağa başlayıblar. Zənnimcə, cəbhə bölgəsindəki gərgin vəziyyət yuxarıda sadaladığım geopolitik proseslərlə bağlıdır və bu məqamda dövlət strukturlarımız xüsusilə diqqətli olmalıdır”.
Nurlan Gündüzlü