Müharibə başlayarsa...
Müharibə başlayarsa...

Son günlər mətbuatda Ermənistanla Azərbaycan arasında müharibənin başlaya biləcəyi barədə ehtimallar səslənməkdədir. Belə bir durumda Rusiya Ermənistana hərbi dəstək verə bilərmi?. “Unikal”ın suallarını cavablandıran hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, “Müharibə gözlənilmir. Ona görə də mən düşünmürəm ki, Azərbaycanla-Ermənistan arasında hansısa bir müharibə başlasın və Rusiyada ona müdaxilə etsin.
Azərbaycan yalnız və yalnız öz ərazisi ilə bağlı məsələləri düşünür və ərazisinin işğaldan azad olmasını istəyir. Mən həmişə demişəm və bu gündə deyirəm ki, Rusiyanın bu məsələlərə qarışmasına heç bir ehtiyac yoxdur. Baxmayaraq ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, hesab edirəm ki, ajiotaj yaratmağa dəyməz. Milli Məclisin Təhlükəsizlik Komitəsinin üzvü Zahid Orucun açıqlamasını oxuyuram. O qədər də dərin olmayan açıqlamadı. Yəni Milli Məclisin Təhlükəsizlik Komitəsinin üzvü əgər belə danışırsa, adi vətəndaşdan nə gözləməyə dəyər? Hər halda yenə də deyirəm, heç bir ajiotaja ehtiyac yoxdu. Sözsüz ki, müharibəyə başlamaq Azərbaycanın haqqıdır. Çünkü torpaqlarımız işğal altındadır və bu işğalçılıq missiyası da Ermənistan tərəfindən 20 ildən artıqdır ki, davam edir. Və o işğalçılıq missiyasına son qoymaq Azərbaycanın həm mənəvi, həm də hüquqi haqqıdır. Mənəvi haqqı odur ki, biz illərdir, dözmüşük. Hüquqi haqqı odur ki, BMT-nin 4 məlum qətnaməsi var və o qətnamələrdə də açıq şəkildə bildirilib ki, Ermənistan silahlı birləşmələri ərazidən qeyd-şərtsiz çıxmalıdırlar.”.
Politoloq Qabil Hüseynlinin “Unikal”a dediyinə görə, “Əməliyyat Dağlıq Qarabağ ərazisində aparılırsa, Kollektiv Əməkdaşlıq Müqaviləsi Təşkilatı hərəkətə keçə bilər. Çünki bu təşkilat üzvləri arasında razılaşma var və razılaşmaya görə, bu ölkələrdən birində müharibə olarsa, digər ölkələr həmin dövlətə dəstək olmalıdırlar. Bu baxımdan Ermənistan Dağlıq Qarabağ müharibəsini bu ərazidən kənara çıxartmaqla hiyləgərlik də edə bilər”.
Abbas Qəmli