Hacıbala Abutalıbovun taxtı laxlayır
Hacıbala Abutalıbovun taxtı laxlayır

Bu il bələdiyyə seçkilərində Bakı meri postuna da seçki olacaq?

Azərbaycanda yeni bələdiyyə seçkiləri 2014-cü ilin dekabr ayında keçiriləcək. Yəni bu ilin sonunda ölkəmizin müstəqillik tarixində dördüncü bələdiyyə seçkilərinin keçirilməsi ilə əlamətdar olacaq.

Hələ ötən ilin oktyabrında məlum oldu ki, Azərbaycanda bələdiyyə seçkilərinin təşkilinə büdcədən 34 milyon 63 min 286 manat vəsait ayrılacaq. Bu rəqəm Azərbaycan Respublikasının 2014-cü il üçün dövlət büdcəsinin layihəsində əksini tapmışdı və sonradan da təsdiqləndi.
Son vaxtlar isə belə iddialar səslənməyə başlayıb ki, bu ilki bələdiyyə seçkilərində həmçinin Bakı meri postuna da ilk dəfə olaraq seçki təşkil oluna bilər. Əvvəlki illərdə də analoji xəbərlər yayılsa da, o təsdiqini tapmadı. Amma bu il bələdiyyə seçkiləri ilə bağlı büdcə vəsaitinin kifayət qədər iri həcmdə olması Bakı meri seçkilərinin də təşkil olunacağına dair ehtimalları qüvvətləndirir.
Qeyd edək ki, Bakı Avropa Şurasına üzv olan ölkələrin baş şəhərləri arasında yeganə paytaxtdır ki, mer seçkisi keçirilmir, idarəçilik seçki ilə formalaşmır. Azərbaycan Avropa Şurası qarşısında bununla bağlı öhdəlik götürsə də, indiyədək icra etməyib. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi dəfələrlə məsələni müzakirə edib, Azərbaycan hökumətinə Bakıda böyük şəhər bələdiyyəsinin yaradılması və mer seçkisinin keçirilməsi tövsiyə olunub. Amma hökumət bu tövsiyələrə müsbət yanaşmayıb.
2014-cü ilin dekabrında baş tutacaq bələdiyyə seçkisinə qədər Bakının böyük bələdiyyəsi yaradıla və mer seçkisi keçirilə bilərmi? Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə bununla bağlı dünən rəsmi açıqlama verib. Mərkəz rəhbəri deyib ki, Bakıda mer seçkisinin nə zaman olacağı məlum deyil: "Hər bir ölkədə hakimiyyət bölgüsü konstitusiyaya uyğun həyata keçirilir. Azərbaycanda da bu məsələ konstitusiya və bələdiyyə qanunvericiliyi əsasında icra olunur. Başqa ölkələrdə olan təcrübəni dərhal tətbiq edə bilmərik. Gərək məsələni dərindən araşdıraq, mənfi və müsbət tərəflərini öyrənək. Yalnız bundan sonra qərar verilə bilər. Yəqin ki, aidiyyəti orqanlar bununla bağlı düşünürlər".
"Bakının böyük şəhər bələdiyyəsinin yaradılması və mer seçkisinin keçirilməsi Azərbaycanda bələdiyyələrin nüfuzunun artmasına səbəb ola bilərmi" sualına Mehdi Səlimzadə belə cavab verib: "Böyük şəhər bələdiyyəsi olacağı halda bələdiyyələrin nüfuzunun, hörmətinin artacağını, yaxud azalacağını deyə bilmərəm. Bələdiyyələrin hörmətli, nüfuzlu olması böyük-kiçiklikdən asılı deyil. Bu, görülən iş, əhali ilə münasibətlər, fəaliyyətini qanunvericiliyə uyğun təşkil edilməsindən asılıdır".
Göründüyü kimi, Ədliyyə Nazirliyinin rəsmisi bu il Bakı Böyükşəhər bələdiyyəsinin yaradılması və mer seçkisinin keçirilməsi barədə qəti danışmayıb. O, bunu təsdiqləməsə də, hər halda təkzib də etməyib.
Belə iddialar var ki, hökumət Avropa Şurasının Bakıda mer seçkisinin keçirilməməsi ilə bağlı tənqidlərindən və təzyiqlərindən azad olmaq üçün bu qurum qarşısında öhdəliyini yerinə yetirməyə sıcaq baxır. Amma belə bir seçkinin keçirilməsi hazırda paytaxtın İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov üçün arzuolunmaz sayılır və elə bu səbəbdən də onun mer seçkisinin təşkilinə mümkün yollarla əngəl törətdiyi deyilir.
Avropa Şurasında hesab edirlər ki, Azərbaycanın 2001-ci ildə AŞ-yə üzv olarkən Bakı meriyasının yaradılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ciddi problemdir. "Dünyanın bütün qabaqcıl ölkələrində mer seçkisi keçirilir. Azərbaycanın qonşularında da mer seçki yolu keçirilir. Həm İran, həm Rusiya, həm Gürcüstan, həm də bizdən hər bir şeydən geridə qaldığını iddia etdiyimiz Ermənistanda da paytax meri seçki yolu ilə keçirilir. Cənubi Qafqazda ilk olaraq Gürcüstan bu istiqamətdə ciddi addım atıb. Ermənistan isə AŞ-nin israrlı tələblərindən sonra bu öhdəliyi yerinə yetirib. Azərbaycanda isə hələ də Bakı rəhbərliyi icra hakimiyyəti strukturundan asılı vəziyyətdədir və bu, müsbət hal sayılmır" deyə mövzu ilə bağlı əməkdaşımıza danışan adının çəkilməsini istəməyən ekspert bildirib.
Ekspert xatırladıb ki, ötən il may ayının 24-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov keçirtdiyi toplantıda maraqlı çıxış edib. O, icra başçıları ilə keçirtdiyi toplantıda deyib: "Bilirəm ki, tezliklə sizdən kimsə mənim yerimdə əyləşəcək. Arzum budur ki, məndən sonra başçı təyin olunacaq şəxsin yanına gedəndə məni ən azından qəbul etsin". O vaxt bu belə izah edilirdi ki, Abutalıbov yaxın zamanlarda vəzifəsindən uzaqlaşdırılacaq. İstisna deyil ki, paytaxtın icra başçısının bu "uzaqgörənliyi" əslində məhz bu il Bakıda mer postuna seçkilərin keçirilmə ehtimalının yüksək olması ilə əlaqədardır. Yəni Hacıbala müəllim 2014-də Böyükşəhər bələdiyyəsinin yaradılması və mer seçkisinin keçirilməsi ilə bağlı siyasi qərar olduğunu bildiyi üçün həmin sözləri deyə bilərdi".
Göründüyü kimi, bu il yuxarıda qeyd edilən məsələnin reallaşma ehtimalı xeyli çoxdur. Hər şeyi isə zaman göstərəcək. Odur ki, prosesləri qabaqlamayaq və gözləyək.

Ülviyyə Qasımlı