Ramiz Həsənovun komitəsindən müəmmalı addım
Ramiz Həsənovun komitəsindən müəmmalı addım

Dövlət Komitəsi üzərində "halal" yazılmış kolbasaları niyə satışdan çıxarmayıb?

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun "Azərbaycanda heç bir müəssisə halal kolbasa və sosis istehsal etmir" açıqlaması vətəndaşlarda kolbasa məhsullarının halallığına şübhə yaradıb. Halbuki satışda olan bütün kolbasa və sosis məmulatlarının hamısının üzərində "halal" sözü qeyd olunub.

Komitə sədri Ramiz Həsənovun verdiyi açıqlamaya inansaq, ölkədə tərkibində donuz əti və piyi olmayan kolbasa məhsulu yoxdur. Belə olan halda üzərində "halal" yazılan kolbasa məhsulları niyə satışdan çıxarılmır?
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bununla bağlı bildirib ki, üzərində "halal" yazılan məhsulları reklam xarakteri daşıyır. Bundan başqa "halal" standartı məcburi şəkildə tətbiq olunmadığından həmin məhsulların satışdan çıxarılması mümkünsüzdür. "Məcburi şəkildə tətbiq olunan məhsulun təhlükəsizliyinə, keyfiyyətinə cavab verən standartlar var. "Halal" standartı isə könüllülük əsasında tətbiq olunur. Müəssisə həmin standartda göstərilən bütün tələbləri yerinə yetirmək gücündədirsə, bu standart ona veriləcək. Bu günə kimi isə bir müəssisə "Halal" standartı almaq üçün Komitəyə müraciət edib. Amma araşdırmalar aparılanda müəyyən olunub ki, "Halal" standartında göstərilən tələblərinin hamısı icra oluna bilməz. Bu səbəbdən də həmin müəssisəyə "halal" standartı verilməsindən imtina olunub".
Fazil Talıblının sözlərinə görə, Komitənin üzərində "halal" yazılan, lakin tərkibində donuz əti olan məhsulları satışdan çıxarmaq ixtiyarı var: "Məsələn, məhsul "halal nemət - min bərəkət" bu əmtəə nişanı kimi qeydiyyatdan keçibsə, bu, reklam xarakteri daşıyır. Amma üzərində "halal standartı" yazılan və tərkibində donuz əti olan məhsullar satışdan çıxarılır".
Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov deyib ki, bu qurum 2012-ci ildən müvafiq standart qəbul edib: "Lakin bu günə qədər bizdən halal standartı alan bir dənə də olsun müəssisə olmayıb".
R. Həsənov deyib ki, bu gün bir çox şirkət istehsal etdiyi kolbasa və sosislərin üzərində "halal" sözü yazır: "Biz də onlara məsləhət görürük ki, belə etməsinlər və istehsal etdikləri ət məhsullarının üzərinə "halal" sözü yazmasınlar. Çünki bu məhsullar halal deyil".
Açığı, nə Həsənovun dediklərini, nə Komitədən bu barədə əlavə izahatı anlayışla qarşılamaq olmur. Əvvəla, bir halda ki, ölkədə heç bir müəssisə "halal" standartından yararlanmayacaqdısa, onun ətrafında hay-küy yaratmaq, cəmiyyətdə ciddi polemikalara yol açmaq nəyə lazım idi? Bu bir daha "halal" standartının müvafiq qurumların istehsal müəssisələrini "sıxma-boğmaya" salmağın bir vasitəsi olacağına dair xeyli əvvəldən mövcud olan ehtimalları təsdiqləmirmi?
İkincisi, bir məhsulun üzərində "halal standartı" yazmaqla "halal nemət" yazmağın fərqi nədir? Onsuz da həmin standart qəbul edilənədək məhsullar üzərində "halal nemət", "halal kəsim" və s. kimi sözlər yazılırdı, halal standartı da məhz bunu önləmək üçün qəbul edilmişdi. Əgər indi istehsal müəssisələrinin "halal nemət" kimi yazılardan istifadə etməsi "reklam xarakterli" sayılırsa, bəs əvvəllər buna etiraz nə üçün idi?
Göründüyü kimi, Ramiz Həsənovun komitəsi məlum standartı qəbul etməklə, problemi aradan qaldırmadı. Əksinə ortaya yeni müəmmalar və suallar çıxdı.
Günel Əkbər