Alimlərimiz də yaş senzinə düşdü
Alimlərimiz də yaş senzinə düşdü

Azərbaycan Milli Elmlər Akademiyası Akademiyada alimlər üçün yaş senzinin tətbiq olunmasına aydınlıq gətirib.
AMEA Rəyasət Heyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səid Hüseynovun verdiyi məlumata görə, bu, AMEA RH-nin ötən il dekabrın 25-də Akademiya işçilərinin attestasiya ilə bağlı verdiyi qərarla əlaqədardır. Belə ki, həmin qərara əsasən, AMEA-da çalışan 18-60 yaş arası şəxslərlə əmək müqavilələri 4, 60 yaşdan yuxarı şəxslərlə isə 1 il müddətinə bağlanacaq. Fevralın 1-dən aprelin 30-dək isə AMEA işçilərinin attestasiyası keçiriləcək.
Şöbə müdirinin sözlərinə görə, yeni işçilərin işə qəbulu bir qayda olaraq Əmək Məcəlləsinin tələblərinə uyğun, müddətli əmək müqavilələri əsasında həyata keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi elm müəssisələrində çalışanlar üçün yaş həddi tətbiq etməsi birmənalı qarşılanmır. Artıq akademiya rəhbərliyi AMEA-nın inistitunun rəhbərlərinə müraciət də ünvanlayıb.
Bəs, görəsən, bu yenilik Azərbaycan elminə nə qazandıracaq?
AMEA Folklor İnstitutunun elmi işçisi Fəxrəddin Salim "Ünikal"a açıqlamasında bu mövzuya paradoksal yanaşmağın düzgün olmadığını bildirdi:
"Elə düşünürəm ki, bunun faydası və ziyanı haqqında danışmaq bir az çətindir. Amma nəzərə almaq lazımdır ki, yaşlı elim adamlarını təqaüdə göndərməklə bu yeri gənc nəsill ötürmüş oluruq. Bu addım gənc alimlərin yetişməsinə də yardımçı olar. Əsas odur ki, faydalı olsun".
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov "Ünikal"a açıqlamasında alimin yaşının olmadığını bildirib:
"Bu qərar 65 yaşına qədər ciddi bir nailiyyəti olmayan və akademiyaya boş gəlib vaxtını keçirən insanlar üçün çox yaxşı qərardır. Amma gözəçarpaçaq elmi nailiyyətlər qazanan insanların hansı yaşda olması elə də önəmli deyil. Çünkü alimin yaşı olmur. Alim hər yaşda alimdir".
Abbas Qəmli