Nurçular Azərbaycan üçün təhlükədir?
Nurçular Azərbaycan üçün təhlükədir?

Tükiyədəki “böyük həbslər”dən sonra Gülən camaatı ilə Ərdoğan hökuməti arasında gəlişən qarşıdurmanın əks-sədası Azərbaycana da duyulmaqdadır.
Belə ki Nardaran dindarları adından danışan Hacı Hacıağa Nuri deyib ki, son vaxtlar daha da fəallaşan “nurçular” onları narahat edir: “Az qala, bizi idarə etməyə, dövlət orqanlarına təsir etməyə qədər fəallaşıblar. İslamda istədikləri yenilikləri təbliğ edib gənclərimizi əlimizdən alırlar. Qardaş Türkiyədə artıq dövlət strukturlarında onların nümayəndələri ortaya çıxır. Biz çox narahatıq ki, həm “nurçular”, həm də Suriyada bir-birini qıran məzhəblər sabah Azərbaycanı seçsin. Allah bunu göstərməsin! Amma biz bu barədə hər gün siqnallar alırıq”.
Doğrudanmı, nurçular, Hacı Nurinin dediyi kimi, Azərbaycanda da real təhlükəyə çevrilə bilər?
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevin “Unikal”a verdiyi açıqlamaya görə, “Azərbaycanda siyasi sistem kifayət qədər oturuşmadığından və müxalifət qurumları reytinqlərini yetərincə itiridiyindən gənclik dini təriqətlərə daha çox meyllənməyə başlayıb. Nurçular Azərbaycanda da təhsil şəbəkələri qurmağa nail olublar və bu şəbəkəyə savadlı gəncləri daha çox cəlb etməyə cəhd edirlər. Söz yox ki, bu gənclik təhsilini başa vurandan sonra dövlət strukturlarında yer tutmağa can atacaq. Gələcəkdə onların milli dövlətçilik baxımından ciddi bir problem yarada biləcəkləri az ağlabatan olsa da, hakimiyyət qanadlarının lazımi şəkildə möhkəmlənməsi lazımdır ki, bu və ya digər potensial təhlükələri önləmək mümkün olsun”.
Partiya sədrinin sözlərinə görə, “Nurçular deyilən Gülən camaatının bu gün Türkiyədə yürütməkdə olduğu haqq işi göz qabağındadır. Türkiyənin dövlət strukturlarında kök atmış korrupsiya faktları məhz onların sayəsində ortalığa çıxarıldı. Əgər bu addımı qorxulu hesab edənlər varsa, deməli, Türkiyədə iqtidarda təmsil edilmiş qalstuklu dindarlarla bizim əmmaməli dindarları eyni şey - haqsızlığın ifşa edilməsi narahat edir”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Bünyamin Qəmbərlinin “Unikal”a söylədiyinə görə, “Təkcə nurçuluq deyil, xaricdən idxal edilmiş istənilən dini təriqət, dini cərəyan Azərbaycan cəmiyyəti və dövlətçiliyi üçün ciddi təhlükədir. Xarici dini təriqətlər ölkədəki fəaliyyətləri üçün çox asan bir hədəf seçiblər – gənclik və yeniyetmələr. Və bu istiqamətdə geniş təhsil şəbəkələri yaradıblar”.
Sədr müavininin sözlərinə görə, “Onlar ölkənin təhsil sitemində yaranmış böyük boşluğu doldurmağa çalışırlar və buna müəyyən dərəcədə müvəffəq də olublar. Respublikanın təhsil siyasətinin başında duran məsul şəxslər bu barədə ciddi şəkildə düşünməlidirlər. Təəssüfləndirici haldır ki, bu günə qədər Azərbaycanda milli təhsil proqramı işlənib hazırlanmayıb. Orta məktəblərdə və ali təhsil müəssisələrində dinlər tədris edilməlidir ki, gəncliyin və yeniyetmələrin dinə olan böyük marağı təmin edilsin. Həm də təkcə İslam dini deyil, dünyanın bütün böyük dinləri – xristianlıq, iudaizm, induizm və s.-lə bağlı təhsil proqramları işlənib hazırlanmalıdır. Bizim bunu etmədiyimizi görən xarici missionerlər dərhal həmin boşluğu zəbt etməyə çalışırlar”.
Məzahir Avşar