Təhsilin bu günkü səviyyəsi bizi qane edə bilərmi?
Təhsilin bu günkü səviyyəsi bizi qane edə bilərmi?

Yanvarın 28-də Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında maraqlı statistika ortaya çıxdı. Belə ki, 2012 ci-ildə abituriyentlərin 4-8 faizi “5” qiyməti almışdısa, 2013 –ci ildə bu göstərici 5-6 faizə bərabər olub. Bu azalmanın fonunda 2012-ci ilə nisbətən “2” alanların sayı artıb. 2012-ci ildə “2” alan abturiyentlər 64,7 faiz təşkil edirdirsə, 2013 –cü ildə bu rəqəm artaraq 65,2 faiz olub. Belə olan təqdirdə ortaya bir sual çıxır: təhsilimizin səviyyəsi ildən-ilə aşağı düşməkdədir?
Təhsil eksperti Etibar Əliyev “Ünikal”a açıqlamasında ölkədə orta təhsilin kefiyyətinin dəfələrlə aşağı düşdiyini bildirib: “Bu, müxtəlif səbəblərə görə yaranır. Bu hallar müəllim hazırlığının keyfiyyəti, müəllimlərin dərsə münasibəti və dərsə davamiyyətin aşağı səviyyədə olmasından qaynaqlanır. Bütün bunlar təhsilin kefiyyətini aşağı salır. 9-11-ci siniflərdə buraxlış imtahanında şagirdlərin yaxşı nəticə göstərə bilməməsi də Azərbaycan təhsilinin zəif səviyyədə olmasından xəbər verir. Düzdür, neçə illərdir ki, bu problemlərin çözülməsinə çalışırlar. Amma hələ ki nəticə göz qabağındadır. Birmənalı şəkildə demək olar ki, təhsilimiz get-gedə bərbad hala düşür. Hesab edirəm ki, çox ciddi islahatlar aparılmalıdır. Şübhəsiz ki, indi ölkə başçısının sərəncamı əsasında “İnkişaf Srategiyası” qəbul olunub. Buna çox ümüdlər var ki, bu strategiya ilə hansısa irəliləyişə nail olaq.”
Millət vəkili Zahid Oruc “Unikal”a açıqlamasında bildirib: “ Əminəm ki, Təhsil Nazirlriyinin yeni rəhbərliyi ilk növbədə bunu nəzərə alacaq ki, Azərbaycan insanlarının gözləntiləri kifayət qədər böyükdür. Həqiqətən də, məktəblərin işi qəbul imtahanlarında abituriyentlərin bilik səviyyəsi ilə ölçülür. Bu insanlar sabah cəmiyyətə vəsiqə alırlar və sonrakı dönəmdə əmək bazarında ölkənin ictimai-siyasi həyatında yer tutacaqlar və belə savadsız insanlar milli həyatımıza ciddi ziyan vura bilər. Biz hətta ideologiyasını bölüşmədiyimiz, totalitar adlandırdığımız sovet quruluşu dönəmində vətəndaşlarımızın yüksək bilik əldə etməsini nailiyyət kimi xarakterizə edirdik. Bu, həqiqətən də, belə idi. Əslində, o, sovet dövlətinin ixtirası deyildi, alman təhsil modelini tətbiq etmişdilər və çox uğurla da tətbiq olunmuşdu. Lakin bu sfera daim yeniləşirdi, zənginləşirdi, təkmilləşirdi, insanların daha mükəmməl təhsilə qovuşması üçün yeni -yeni yollar yaradılırdı. Bu cəhətdən Azərbaycan dövləti də həmin tədbirlərə açıqdır. Azərbaycanda ailmlərin sayı əhalinin hər on mininə düşən nisbətinə görə kifayyət qədər azdır, 1 nəfərdir. Bu fonda biz orta məktəblərin baza təhsilinin güclü olması üçün çox mühüm tədbirlər həyata keçirməliyik. Məktəblər daha da müstəqilliyə qovuşmalıdır. Hər hansı icra orqanlarının və kənar müdaxilələrin təziqindən uzaq olmalıdır. Biz, əlbəttə, qeyd etməliyik ki, müəllimlərimizin sayı orta məktəblərdə 180 minə yaxındır. Avropa dövlətlərindəki orta normadan üç dəfə çoxdur. Bu statistikanı çox uzadmaq istəmirəm. Əlbəttə, qəbul imtahanlarındakı göstərilən nəticələr real bilikdirmi? Belədirsə, sonrakı dövrdə nədən bu testdən keçənlər köklü şəkildə bazanı saxlamırlar? Elə hesab edirəm ki, bu bütövlükdə təhsilimizin qiymətidir”.

Abbas Qəmli