“Aqrolizinq”in “kombayn siyasəti”ndə yanlışlıq
“Aqrolizinq”in “kombayn siyasəti”ndə yanlışlıq

Əli Bayramovun rəhbərlik etdiyi səhmdar cəmiyyət nəyi səhv edir?

Ötən ilin yayında Azərbaycanda taxıl yığımının necə müşkülə çevrildiyi hamıya məlumdur. Bu mövzuda mətbuat da kifayət qədər yazdı; əsas günahkarlar kimi isə Kənd Təsərrüfatı Nazirliyinin o vaxtki rəhbərliyi ilə nazirliyin tabeçiliyində fəaliyyət göstərən, Əli Bayramovun rəhbəri olduğu “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi göstərildi.

Həmin vaxt Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev də açıqlamasında ölkədə kombayn çatışmazlığı olduğunu etiraf etdi, “Aqrolizinq” ASC-dən isə bildirdilər ki, respublikada mövcud olan 2660 kombaynın bir hissəsi köhnəldiyinə görə 1352 kombayn ölkənin taxıl sahələrinə çatmır. “Bu ilin sonuna kimi isə ölkə prezidenti tərəfindən ayrılan 15 milyon manatla 150 yeni taxılyığan kombayn alınacaq. Amma ekspertlər hesab edirlər ki, alınacaq kombaynlar gələn il taxıl yığımında yenə kifayət etməyəcək. Çünki fermerlərin ehtiyacını tam ödəmək üçün 4 min kombayna ehtiyac var” deyə Əli Bayramovun səhmdar cəmiyyətindən bildirilmişdi.
Ekspertlər isə qeyd edirlər ki, taxıl yetişən kimi onu biçmək lazımdır. Əks halda yağmaq ehtimalı olan yağış fermerin aylarla qulluğunda dayanaraq becərdiyi taxılı məhv edərək fermerin həm zəhmətini, həm də ailəsinin dolanışığını hədər edə bilər. Ötən il də məhz kombayn çatışmazlığı ucbatından fermerlər taxılı zəmilərdən vaxtında biçmədilər və yağış məhsulun bir hissəsini məhv etdi. Digər tərəfdən isə vaxtı ötdüyündən buğdalar dağılaraq yerə tökülüb zay olmaq təhlükəsi ilə üz-üzə qaldılar.
İqtisadçılar təəssüflə bildirirlər ki, fermerlər hər il kombayn problemi yaşayırlar: “Bu, artıq fermerlərin ənənəvi probleminə çevrilib. Kombaynların çatışmazlığı bir sıra hallarda taxılın tarlada qalması və taxıl sahələrinin yararsız hala düşməsinə səbəb olur. Bu il də kombayn çatışmazlığı Azərbaycanda taxıl istehsalına mənfi təsir göstərəcək. Çünki fermerlərin kombaynla təmin edilməsində problemlər var. Fermer təsərrüfatlarının ayrıca kombayn almaq və ayrıca kombayndan istifadə etmək imkanları yoxdur. Fermerlər kombayn problemini bu texnikanı icarəyə götürməklə həll edirlər. Təəssüflər olsun ki, hazırkı durum onların kombaynı icarəyə götürməsinə də imkan vermir” deyə onlar vurğulayırlar.
Kombayn çatışmazlığının taxıl yığımının ən ciddi problemlərindən biridir, vaxtında biçilməyən taxıl məhv olur, gec biçilməsi həm də onun keyfiyyətinə mənfi təsir göstərir. Belə ki, tarlada çox qalan taxıl keyfiyyətini itirir.
Azərbaycanda Dövlət “Aqrolizinq” Şirkətinə hər il kombaynların və digər avadanlıqların alınması üçün vəsait ödənildiyini deyən iqtisadçıların fikrincə, yaxşı olardı ki, lizinq şirkətləri fermer təsərrüfatlarının tələbatını öyrənsinlər və buna uyğun olaraq çatışmayan texniki avadanlıqları nəzərə alaraq lizinq xidmətləri təklif etsinlər. Əks halda bu cür problemlər yaranır. Lizinq xidməti ilə alınan vəsaitlərin artırılmasına ehtiyac var. Tələbatların düzgün qiymətləndirilməsi və fermerlərin zamanında texniki avadanlıqlarla təmin olunması olduqca vacibdir.
Sonuncu dəfə kombaynların alınmasına 15 milyon manat ayrılıb və çoxluq hesab edir ki, kombaynların alınması üçün həmin vəsait də kifayət etməyəcək, belə ki, fermerlərin kombaynla tam təminatı üçün 15 milyon manatdan artıq vəsaitə ehtiyac var. Fermer təsərrüfatları həm dolayı, həm də birbaşa dövlət dəstəyindən istifadə edir. İl ərzində dövlət büdcəsindən 100 milyon manata yaxın subsidiya birbaşa fermer təsərrüfatlarına ayrılır. Eyni zamanda, dolayı dəstək də var. Amma daha yaxşı olardı ki, texniki bazanın möhkəmləndirilməsi ilə bağlı ayrılan vəsaitlərin həcmi artırılsın.
Amma burada incə bir məqam da var. Belə ki, bəzi ekspertlərin fikrincə, “Aqrolizinq”in birdən-birə ölkəyə çox sayda kombayn gətirməsi mənfi nəticələr verə bilər: Çünki kombaynları gətirən kimi, gərək fermerlər onu lizinqə götürsünlər. Amma reallıq ondan ibarətdir ki, hazırda Azərbaycanda kombaynları lizinqə götürənlərin sayı da azdır. Ona görə ki, bir kombaynın qiyməti təxminən 100 min manatdırsa, fermer onu götürmək həvəsində olmur. Çünki həmin 100 min manatı qazanıb qaytarmaq lazımdır. Bu isə hazırki şərtlər altında olduqca qeyri-realdır.
“Aqrolizinq” rəhbərlyi hazırda məhz bu məqamı diqqətdən yayındırır. Bu cür yanlış yanaşma isə dövlət vəsaitlərinin israfçılığından başqa heç nəyə yaramayacaq. Ona görə də problemə kompleks yanaşma tələb olunur. Bunu adıçəkilən səhmdar cəmiyyətin rəhbərliyi bacaracaqmı, bax bu müəmmalıdır.

Ülviyyə Qasımlı