Riyaziyyatdan nəşriyyata, qələmdən "QƏLƏM"ə
Riyaziyyatdan nəşriyyata, qələmdən "QƏLƏM"ə

Bu yazı sadəcə bir vəfa borcu deyil, insanlığa ehtiramımdır!
(Çingiz Eyyuboğlunun 60 yaşına!)

Yazdıqlarımız bir yana qalsın, bəzən elə mətləblərdən yazmırıq ki, sonra adam bunu özünə heç zaman bağışlamır. Nə yaxşı ki, uca Tanrı, indiyəcən yazmadığıma görə özümü bağışlamayacağım bu yazını qələmə almaq fürsətini mənə verdi. Nə yaxşı ki, bu borcdan çıxmaq zamanı gəldiyini mənə xatırladan bir adam tapıldı. İlk öncə adını çəkməyə ehtiyac duymadığım həmin adama - gənc bir dosta təşəkkürlərimi bildirirəm.
Bəlli oldu ki, mən 50-ni haqlayanda naşir dostumuz, eloğlumuz Çingiz Eyyuboğlu da 60-ı yaxalayıbmış. Cazibəsində olduğum elə bir adam yoxdur ki, bu ismi duymamış olsun, bu ada sayğıyla yanaşmamış olsun, Çingiz Eyyuboğluna hörmət və ehtiram bəsləməmiş olsun. Çingiz müəllim bu dəfə də xarakterinə uyğun hərəkət elədi, bu əlamətdar günün də yanından sükutla keçdi. Dostlar bu mübarək gündən vaxtında xəbər tutmadılar. Çingiz müəllim özü buna şərait yaratmadı. Dostlardan birciyinin xəbər tutması yetərliydi ki, həmin gün ətrafında bütün dostlar peyda olsunlar, ünvanına layiq olduğu xoş sözləri desinlər. İstənilən halda bunun babalı biz dostların boynunda qalır. Biz gərək bir az diqqətli olaydıq...
Çingiz Eyyuboğlu 1953-cü ildə, oktyabr ayının 10-da Qazaxda - "hər daşı, hər qayası bir kitabə" olan İncə dərəsinin Astanbəyli obasında dünyaya göz açıb, hələ orta məktəbdə oxuyarkən biliyinə və əxlaqına görə sayılıb-seçilən şagird kimi tanınıb. Riyaziyyatı sevib, riyaziyyatçı olmaq arzusuyla o zaman Azərbaycan Pedaqoji İnstitutu adlanan - indiki ADPU-nun riyaziyyat fakültəsinə qəbul olunub. Riyaziyyat müəllimi olaraq bitirib institutu. Riyaziyyat müəllimi olan ömür-gün yoldaşı Tərlan xanım öz həmkəndlisi olsa da onu da məhz tələbəlik ilərində sevib-seçib. Bu günəcən qoşa və xoşbəxt bir ömür sürmədədirlər.
Eyni kənddə doğulub boya-başa çatsaq da aramızdakı 10-luq imkan verməmişdi bizim yaxından tanış olmağımıza. Mən 90-cı illərdə Çingiz müəllimi naşir kimi tanıdım. Onun timsalında ilk naşir xeyirxahımla rastlaşdım. Görüşlərimizin birində atam Musa müəllimin orta məktəbdə ona fizikadan dərs dediyini xatırlatdı, sevdiyi müəllimlərdən biri olduğunu söylədi: "İndi də kəndə gedəndə həmişə fürsət tapıb Musa müəllimlə görüşürəm, hal-əhval tuturam..." Təbii ki, atam haqqında deyilən xoş sözlər məni də sevindirirdi. Orta məktəbdə atamın dərs dediyi insanlardan zaman-zaman bu cür xoş sözlər eşitmişdim. Çingiz müəllim bu dəfə söhbətin məcrasını dəyişib, mənim şeir yazmağımdan danışdı. Hələ kitabımın çap olunmadığını bildiyini dedi və tez də qərar verdi: "Əlyazmalarını hazırla, bir qovluğa yığ ver mənə. Qalanıyla işin yoxdur..." Ona dərin təşəkkürümü və razılığımı bildirdim. Evə dönüncə vaxtilə "Yazıçı" nəşriyatında plana salınmış, sonra oraya yeni direktor təyin edilmiş Əkrəm Əylislinin göstərişi ilə hamının kitabı kimi plandan çıxarılmış kitabımın əlyazmaları yığılmış qovluğu yenidən varaqlayıb yerinə qoydum. Qovluq bir müddət də masamın siyirməsində qalmalı oldu. Növbəti görüşlərimizin birində Çingiz müəllim yenə də məlum mətləbin üstə gəldi. Kitabın nəşri üçün lazım olan vəsaitin olmadığı üçün müxtəlif bəhanələr uydurmağa başladım. Aradan bir neçə gün keçmişdi ki, Çingiz müəllim Sumqayıta gəldi və əlyazmaları məndən alıb getdi: "Qafara mən demişəm, özün də bir görüş. Kitabın üz qabığını o işləyəcək". Bildim ki, rəssam dostumuz, eloğlumuz Qafar Sarıvəllini nəzərdə tutur. Çox keçmədi ki, kitabın üz qabığı da, korrektura variantı da hazır oldu və tezliklə "Ağrıdağ" nəşriyyatında çapa imzalandı.
Bir neçə aydan sonra "Hamı bir körpüdən keçir" adlı ilk kitabımın sevincini yaşadım. Bu hadisənin hansı hisslərlə müşaiyət olunduğunu şair dostlar yaxşı bilirlər. Axşam Məmməd İlqar evə zəng vurub, sabah onunla Bakıya getməli olacağımı dedi. Sabahısı gün Bakının zəngin restoranlarından birində zəngin də bir ziyafət düzənlənmişdi. Başda Akif Səməd olmaqla İncənin dəyərli oğulları Çingiz Eyyuboğlu, Alhüseyn Cavadoğlu, Məmməd Dəmirçoğlu, Nəvai Məmmədoğlu artıq orada idilər. Kitabın titul səhifəsində "müəllif bu kitabın nəşrinə kömək etdiyi üçün Nəvai Məmmədoğluna təşəkkürünü bildirir" sözlərini oxuyanda isə tutulub qaldım. Axı Nəvai ilə də vaxtaşırı görüşürdük və o, bu barədə mənə heç nə demirdi. Sən demə, kitabın xərclərini Çingiz müəllim və Nəvai birlikdə qarşılayıblarmış və özləri bilərəkdən bu haqda söhbət açmırlarmış...
Dəyərli oxuciya xatırlatmaq istəyirəm ki, Çingiz müəllimin yaxın ətrafında olan yazarların çoxu eynən bu cür və buna bənzər sürprizlərlə zaman-zaman qarşılaşıblar. İndilərdə ədəbi camiədə adı tez-tez gündəmə gətirilən İncə Dərəsinin poeziya ensklopediyasının - "Mən aşıq İncədənəm..." kitabının araya-ərsəyə gətirilməsinin təşəbbüsçüsü və naşiri də məhz Çingiz Eyyuboğludur. İncə Dərəsinin övladları olan görkəmli şairlərimiz Ağamalı Sadiq Əfəndinin, Akif Səmədin, dünyasını cavan ikən dəyişmiş şair Alı Babanın və bir çox şair dostların kitablarının nəşrində də onun əvəzsiz xidmətləri olub. Bu yerdə, haqqı ayrıca bir yazının mövzusu olan, bu cür işlərdə heç vaxt bizdən köməyini əsirgəməyən dəyərli elqızımız, Oka-Ofset nəşriyatını direktoru Nayma xanım Qaramanlının adını çəkmədən, ona olan sayğımızı bildirmədən ötüşmək sadəcə mümkünsüzdür. Nayma xanıma söyləyəciyimiz ürək sözlərimizi onun yubiley gününə saxlayırıq...
Maraqlı burasıdır ki, Çingiz müəllimin dostluq coğrafiyası geniş olduğu kimi, xeyirxahı və naşiri olduğu kitab müəlliflərinin coğrafiyası da yetərincə genişdir. Cani-dildən dünyaya göz açdığı İncə Dərəsinə bağlı olduğu qədər də bütöv Azərbaycana və bütün türk qövmünə ürəyində böyük sevgilər bəsləyən millətpərvər, vətənpərvər, sazımızı-sözümüzü dərindən duyan və onun təəssübünü çəkən bir aydınımızdır Çingiz Eyyuboğlu. Buna görə də məmləkətimizin hər obasında, hər oymağında mütləqa bir dostu, bir ərk qalası var Çingiz müəllimin...
Çox təqdirəlayiq bir haldır ki, onun əsasını qoyduğu bu mübarək ənənəni indi çağdaş biçimdə onun övladları - "Qələm" nəşriyatının rəhbərləri olan Pərviz və Hafiz Çingizoğlu qardaşları davam etdirirlər. Əsası halallıqdan, düzgünlükdən, dürüstlükdən, millətə xidmət istəyindən yoğrulduğundandır ki, indi "Qələm" nəşriyatı ölkəmizdə aparıcı, öncül nəşriyatlardan biri kimi tanınmaqdadır. Məhz bu nəşriyatın çap etdiyi kitablar oxucular, əsasən də körpələr və uşaqlar tərəfindən böyük sevgiylə, sayğıyla qarşılanır, ən çox oxunan kitablar siyahısına daxil olur.
Təbii ki, "Qələm"in bu uğurlara imza atmasında yönəltmən olaraq Çingiz müəllimin də böyük xidmətləri var. Çingiz Eyyuboğlu indi də, onun üçün sevimli bir peşə olan naşirlik fəaliyətini davam etdirir, dəyərli tövsiyələri və məsləhətləri ilə insanlarda kitab sevgisinin artmasına yardımçı olur. İnsanlara bu cür sevgi aşılamaq dünyada ən savab işlərdən biridir. Onu tanıdığım gündən qələmə sevgiylə yaşayan gördüm. İndi də belədir. Bu gün əməkdaşı olduğum doğma nəşriyatımızın da məhz QƏLƏM adlanması bir təsadüf deyil. Çingiz Eyyuboğlu qələmdən "Qələm"ə, "Qələm"dən qələmə yol gedən bir mübarək yol adamıdır.
Ömrün, günün ilahi eşqlə süslənmiş kitablar qədər mənalı olsun, Çingiz Eyyuboğlu! 60 illik yubileyin kutlu, hər anın umutlu olsun, əziz dost, dəyərli eloğlu! Uca Tanrıdan sənə bir daha möhkəm can sağlığı, könül xoşluğu diləyirik! Allah bütün arzularına qovuşdursun səni! Biz dostların bu gecikmiş təbrikini qəbul etməyini təmənna edirik!
70-ində, 80-ində, 90-ında, 100-ündə görüşmək arzusuyla yaxın-uzaq dostlar adından:

İbrahim İlyaslı