Bayram Səfərov: “Dağlıq Qarabağda olan ermənilərlə Azərbaycan dövlətinin vətəndaşı kimi birgə yaşamağa hazırıq”
Bayram Səfərov: “Dağlıq Qarabağda olan ermənilərlə Azərbaycan dövlətinin vətəndaşı kimi birgə yaşamağa hazırıq”
Milli Azlıqların Problemlərinə dair Avropa Mərkəzi Azərbaycan və erməni icmaları arasında görüş keçirilməsini təklif edib
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının qərargahında baş qərargahı Almaniyada yerləşən Milli Azlıqların Problemlərinə dair Avropa Mərkəzinin araşdırmaçıları Zora Popova, Raul Carstocea və layihələr üzrə əlaqələndiricisi Tamari Bulia ilə görüş keçirilib.
İcmadan verilən məlumata görə, görüşdə İcmanın rəhbəri Bayram Səfərov, Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov və icma əməkdaşları iştirak ediblər.
B. Səfərov Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının bu münaqişənin həlli istiqamətində gördüyü işlər haqqında danışıb, bir sıra beynəlxalq qurumların ikili standartlara yol verdiyini və münaqişənin həllində qətiyyətli mövqe göstərmədiklərini vurğulayıb. Milli Azlıqların Problemlərinə dair Avropa Mərkəzinin araşdırmaçıları isə bildiriblər ki, beynəlxalq hüquq baxımından bu münaqişənin həllində Azərbaycanın haqlı mövqeyi heç kəsə sirr deyil. Lakin bir çox Avropa ölkələrində sadə xalqın münaqişə ilə bağlı kifayət qədər məlumatı azdır və bu istiqamətdə yeni layihələr həyata keçirmək vacibdir. Araşdırmaçılar hesab edirlər ki, bu baxımdan iki icma arasında görüşün təşkil olunması çox vacibdir və bu cür görüşlər həm münaqişənin həlli istiqamətində, həm də münaqişənin həll olunmasından sonra iki xalqın birgə yaşamasında çox müsbət rol oynayacaq. B. Səfərov isə nəzərə çatdırıb ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması bu görüşün təşkili istiqamətində bir çox addımlar atıb, amma Ermənistan hökumətinin tutduğu destruktiv mövqe bu görüşlərə mane olur. Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağda yaşayan ermənilərə ölkənin ərazi bütövlüyü çərçivəsində ən yüksək statusun verilməsinə hazırdır: “Biz də Dağlıq Qarabağda olan ermənilərlə Azərbaycan dövlətinin vətəndaşı kimi birgə yaşamağa hazırıq”.
Görüş tərəfləri maraqlandıran məsələlər və gələcəkdə həyata keçirilən biləcək ortaq layihələrin müzakirəsi ilə davam edib.
Qeyd edək ki, Milli Azlıqların Problemlərinə dair Avropa Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Stabil gələcək naminə əməkdaşlıq: millətlərarası və mədəniyyətlərarası dialoq sülhün və davamlı inkişafın təmin edilməsində alət kimi” layihəsi həyata keçirir. Layihə Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlıq, Almaniya və Danimarka dövlət rəsmiləri, QHT-ləri, KİV nümayəndələri, elm xadimləri və geniş ictimaiyyətin Azərbaycan haqqında biliklərini artırmaq, nəzəri və təcrübi biliklərin mübadiləsini nəzərdə tutur.