Hərbi eksperti təhdid edirlər
Hərbi eksperti təhdid edirlər

Ölkə mətbuatında Azərbaycan ordusunun ağır problemləri ilə bağlı tez-tez açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov artıq təhdidlərə məruz qalmağa başlayıb.
Ekspertin "Unikal"a dediyinə görə, "Çoxları kimi mən də ümid edirdim ki, Səfər Əbiyevin yerinə müdafiə naziri təyin edilmiş Zakir Həsənov ordunun təxirəsalınmaz müşküllərini ciddi şəkildə həll etməyə başlayacaq. Təəssüf ki, bu ümidlər puça çıxmağa başlayıb. Mən və ailə üzvlərim naməlum adamlar tərəfindən təhdid edilməyə başlanmışıq. Ancaq bu hədələrlə məni yolumdan döndərmək mümkün deyil. Bunların dişində şirə qalıb. Mərhum Elmar Hüseynovun açılmamış qətli, nə bilim, daha nələr bunları arxayın salıb. Amma zaman gələcək ki, hər şeyin cavabını verməli olacaqlar".
Ekspertin dediyinə görə, Azərbaycan cəmiyyətinə və ölkə rəhbərliyinə müraciət ünvanlayıb: "Mən bu müraciəti bəlkə də yazmazdım, amma artıq 3 gündür ki, bəzi müşahidələrim, aldığım çoxsaylı xəbərlər, xəbərdarlıqlar məni bunları yazmağa məcbur edir. Ötən ilin oktyabrından Müdafiə Nazirliyinin rəhbərliyinə gətirilən general-polkovnik Zakir Həsənovun son vaxtlar kadr islahatı adı altında qəbul etdiyi xeyli sayda əmr və qərarların mətbuatda davamlı müzakirəsi, Müdafiə Nazirliyinin rəhbərliyini, başda özündən xeyli razı nazirin özünü, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovu, həmçinin Prezidentin təhlükəsizlik məsələləri üzrə köməkçisi general-leytenant Vahid Əliyev və onların çevrəsində olan çoxsaylı əlaltılarını hiddətləndirib. Dövlətin ən böyük güc strukturunda ciddi işlərlə məşğul olmalı şəxslər etdikləri qanunsuzluqları və özbaşınalıqları yığışdırmaq əvəzinə mənimlə, ailəmlə bağlı qanundan kənar, insanlıqdan uzaq hərəkətlərə əl atmaq istəyirlər. Mənim və oğlumun ardına öz əlaltılarınızı, cinayət törətməyə hazır olan yaramazları salıb özünüzü rüsvay etməyin. Sizin hələlik vəzifəniz, müxtəlif yollarla əldə etdiyiniz çirkli pullarınızın və imkanlarınızın olmasını mən gözəl bilirəm. Əlinizin altında topunuzun, saysız-hesabsız silah-sursatınızın olmasını da hamı kimi mən də bilirəm. Və tam ciddi demək istəyirəm ki, əgər mənim övladımla, özümlə, ümumiyyətlə yaxın çevrəmlə bağlı hər hansı qanundan kənar hərəkətlərə yol verəcəksinizsə, bunun 3 qat bədəlini ödəməli olacaqsınız. İndiyə kimi dəfələrlə məni haqqı-ədaləti müdafiə etdiyimə, heç nədən çəkinmədən sözümü deməyimə və yazdığıma görə şərləmək, qondarma cinayət işləri, məhkəmə çəkişmələri açmaq, 2007-ci ilin aprelində həyatıma sui-qəsd etmək, daha sonra şəxsi avtomobilimi yandırmaq və digər yaramazlıqlara əl atılıb. Gördüyünüz kimi bütün hədə-qorxulara, şantajlara, qanunsuzluqlara baxmayaraq məni əqidəmdən və tutduğum yoldan heç nə və heç kim çəkindirə bilməyib. 2001-ci ildə mən Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti ola-ola Ermənistana, işğal olunmuş ərazilərimizə çox vacib bir səfərə gedib, dövlətim və xalqım üçün son dərəcə vacib olan hərbi məlumatları da əldə etdim. Bu işlərin canlı şahidləri də var. Həm də Qarabağ savaşının birbaşa iştrakçısı olmuşam. Yəni ölümün içərisinə girib-çıxmış adamam".
Qarabağ Əliləri Birliyinin rəhbəri Firudin Məmmədovun "Unikal"a söylədiyinə görə, "Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanın ordusunda kifayət qədər problemlər var və bunu heç kim dana bilməz. Az qala, hər gün orduda baş vermiş intiharlar, özünəqəsdlər, əsgərlərin hərbi hissədən qaçmaları barədə mətbuatdan məlumatlar alırıq. Bütün bu neqativ faktlar qeyd olunmalı və vəziyyətdən çıxış yolları axtarılmalıdır. Lakin ordu quruculuğunda müsbət hallar da var və buna təqdirlə yanaşılmalıdır. Yəni kimsə orduya güzgü tutub onun vəziyyətini olduğu kimi ictimaiyyətə çatdırırsa, o güzgünü sındırmağa qalxışmaq acizlik əlamətidir. Məgər güzgünü sındırmaqla əyrilik aradan qalxacaq?"
Firudin Məmmədovun sözlərinə görə, "Azərbaycan dövləti açıq cəmiyyət qurduğunu bəyan edib və bu yolda irəliləmək kursu seçib. Bu baxımdan da, söylədiyi fikirlərə görə kimisə təhdid etmək, hədələmək, onu sıxışdırmağa çalışmaq qəbuledilməzdir".
Natiq Oruclu