Pullu hərbi xidmətə ehtiyac varmı?
Pullu hərbi xidmətə ehtiyac varmı?

Dünyanın bir çox ölkələrində ordu sisteminin daha peşəkar olması üçün pullu hərbi xidmət mövcuddur. Yəni vətəndaş istədiyi məbləği verməklə ordudan yayına bilir. Bu bir tərəfdən də ölkənin büdcəsinə müsbət təsir edir. Bəs Azərbaycan ordusunda pullu hərbi xidmətə ehtiyac varmı?
Politoloq Zərdüşt Əlizadə "Ünikal"a verdyi açıqlamada alternativ hərbi xidmətin qanuna görə həyata keçrilməli olduğunu bildirib: "Amma Konstitusiya hüququnun gerçəkləşməsi üçün qanunlar icra edilməlidir. İcra orqanları da işləmir. Bildiyiniz kimi, Bəxtiyar Hacıyev alternativ xidmət etmək istədiyini demişdi və onu həbs etmişdilər. Ümumən bütün mədəni ölkələrdə hərbi xidmətə getmək istəməyən insanlara imkan yaradılır ki, cəmiyyətə alternativ əsaslarla xidmət etsin. Bizdə hələ ki bu mümkün deyil".
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Ünikal" a açıqlamasında hərbi xidmətin alternativ variantının hələ sovet dövründə mövcud olduğunu bildirib: "Baxsaq görərik ki, alternativ xidmət dünyanın əksər ölkələrində tətbiq edilir. Demək, yaxşı təcrübədir ki, bunu dünya ölkələri qəbul ediblər. Elə düşünürəm ki, Azərbaycanda da bunun tətbiqi lazımdır".
Ədalət Partiyası Aparatının rəhbəri Mütəllim Rəhimli "Ünikal"a verdiyi açıqlamada dünyanın aparıcı ölkələrində alternativ hərbi xidmətin təsis olunduğunu bildirib: "Azərbaycan gələcəkdə bu xidmətdən kənarda qala bilməz. Bu həm dövlət büccəsinin doldurulması baxımından yaxşıdır, həm də orduda peşəkarların yetişməsinə xidmət edir. Amma indiki vaxtda təbii ki, ölkəmiz adı çəkilən sistemə keçə bilməz. Çünkü müharibə şəratində yaşayırıq, torpaqlarımızın 20 faizi işğal olunub. Belə olacağı halda bir çox insanlar bu xidmətdən bəhrələnərək hərbi xidmətdən yayına bilərlər. Ona görə də düşünürəm ki, hal-hazırda alternativ hərbi xidmət haqqında qanunun qəbulu Azərbaycana sərf etməz. Mən elə düşünürəm ki, alternativ hərbi xidmət haqqında qanunun qəbulunu işğal olunmuş torpaqlarımızı azad edənə qədər yubatmaq olar".
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı "Ünikal"a açıqlamasında alternativ hərbi xidmət haqqında hələ on il bundan əvvəl Milli Məclisə qanun layihəsi təqdim olunduğunu bildirib: "Lakin buna baxmayaraq ortada hələ ki, bir şey yoxdu. Çünki cəmiyyət tərəfindən buna əks-təhlükə vardır. Hesab edirəm ki, nə qədər ki, müharibə vəziyyətindəyik, hər hansı bir alternativ xidmətdən söhbət gedə bilməz. Ona görə də ancaq torpaqlar işğaldan azad olduqdan sonra bu addım atıla bilər. İstər Avropa Şurası və başqa beynəlxalq təşkilatlar nə buyurur, özləri bilərlər".
Abbas Qəmli