“Azərbaycan xalqı həmişə vahid ailədə yaşayıb və bu ənənə indi də davam etməkdədir”
“Azərbaycan xalqı həmişə vahid ailədə yaşayıb və bu ənənə indi də davam etməkdədir”

Əlməmməd Nuriyev: “Fərqli mədəniyyət daşıyıcıları bu ölkədə milli dövlət quruculuğunda çiyin-çiyinə iştirak edirlər”

Ölkədəki milli tolerantlığın ümumi durumu və inkişaf perspektivləri ilə bağlı suallarımızı “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əlməmməd Nuriyev cavablandırır.
-Əlməmməd bəy, ölkədəki milli tolerantlığın səviyyəsi dünya standartlarına cavab verirmi?
-Azərbaycan hər zaman bir ölkə olaraq tolerantlıq mədəniyyəti ilə digər ölkələrdən ciddi şəkildə fərqlənib. Ümumiyyətlə, Güney Qafqazda və keçmiş SSRİ-də, indiki dünyamızda ən tolerant ölkələrdən biri də Azərbaycandır. Çünki burada bütün dinlərin nümayəndələri və eyni zamanda bir çox xalqlar tarixboyu çox mehriban yaşayıblar. Azərbaycanda fərqli mədəniyyətlərin müxtəlifliyi mövcud olub və onlar sanki bir-birlərini həm tamamlayıb və bir-birinin inkişafına həm də imkan yaradıblar. Azərbaycan ərazisində hər hansı bir xalqa qarşı heç zaman zorakılıq və yaxud aşağılmaq cəhdləri qeydə alınmayıb. Bu gün Azərbaycanda yaşayan onlarla xalq hətta artıq qohumluq, ailə münasibətləri qurub qaynayıb-qarışıblar. Azərbaycana qonaq və yaxud turist kimi gələn hər hansı bir əcnəbi istənilən rayonumuzda çox rahat şəkildə gəzib dolaşmaq imkanına malikdir. Bəzən elə olur ki, bizim vərdiş etdiyimiz geyimlərdən fərqli bir geyimlərdə gəzirlər, amma bu zahiri qəribəliyə fikir verən də yoxdur. Bunu normal qarşılayırıq. Bu baxımdan həm mədəniyyət, həm də dini cəhətdən ölkəmizdə tolerantlıq, başqa xalqların nümayəndələrinə və onların inanclarına, həyat tərzlərinə həmişə loyallıqdan daha çox sayğılı münasibət sərgilənib. Fərqli mədəniyyət daşıyıcıları bu ölkədə milli dövlət quruculuğunda çiyin-çiyinə iştirak edirlər.
Bir məqamı da xüsusi vurğulamalıyam. Dünyanın bir çox ölkələrində qədim və zəngin tarixə malik olan yəhudilərə qarşı həmişə dirsək göstəriblər. Amma Azərbaycan yeganə ölkədir ki, bu xalqın nümayəndələrinə qarşı yüksək səviyyədə münasibət bəslənilir. Yəhudilər Azərbaycanın digər xalqları ilə heç bir ölkədə mövcud olmayan bir birgəyaşayış praktikası nümayiş etdirirlər. Bu da onu göstərir ki, bizim ölkəmizdə dini-milli tolerantlıq dünya standartları səviyyəsindədir və bir çox hallarda əksər ölkələrə nümunə də ola bilər. Bizdəki dini və milli dözümlülük, həqiqətən də, Azərbaycan xalqının milli sərvətidir. Cəmiyyətimiz sosial baxımdan da digər xalqların təmsilçilərinə qarşı yüksək dözümlülük nümayiş etdirir.
-Siz ölkənin cənub bölgəsində doğulub boya-başa çatıbsınız və bu müddətdə millətlərarası münasibətin canlı şahidi, iştirakçısı olubsunuz, bu taleyi yaşayıbsınız. Eyni zamanda işinizlə bağlı digər xalqların yaşadığı bölgələrimizlə də sıx təmasdasınız. Ölkəmizdəki xalqların iç münasibətləri Sizdə hansı təəssüratı yaradır?
-Bəli, mən cənub bölgəsində doğulmuşam. Amma biz orada hiss etməmişik ki, kimsə talışdır və yaxud kimsə türkdür. Biz yanaşı yaşamaqla bərabər bir-birimizə o qədər qaynayıb qarışmışıq ki, mən deyərdim ki, dünyanın heç bir guşəsində, heç bir dövlətində bu cür qarşılıqlı mehribanlıq, doğma ünsiyyət qeydə alınmayıb. Mənim doğma kəndimi talış kəndləri əhatə eləyirdi. Amma onlara çox normal və son dərəcə gözəl münasibətlərimiz var idi. Bu münasibətlər qohumlaşmağa qədər inkişaf eləmişdi və indi də davam edir. Yəni talışlara qız verib qız almaq bizdə adi bir qohumluq münasibətinə çevrilmişdi. Hamı bir-birinin toyunda, yasında ellikcə iştirak edir. Talışlarla biz bir-birimizə həmişə səmimi hörmətlə yanaşmışıq. Aramızda belə bir anlam yox idi ki, filankəs talışdır, filankəs də türk. Mən belə şeylər görməmişəm, hiss etməmişəm.
Mən eyni zamanda öz fəaliyyətimlə bağlı Azərbaycanın ən müxtəlif rayonlarında olmuşam. Bu rayonlarda ən müxtəlif xalqların qarşılıqlı hörmət və səmimiyyət sayəsində birgə yaşadığının şahidi olmuşam. Məsələn, Qubaya, Qusara və yaxud əvvəllər Dağlıq Qarabağa gedəndə bu bölgələrdə yüz illərdən bəri məskunlaşmış xalqlarımız arasında hansısa bir problemin olduğunu müşahidə etməmişəm. Sovet vaxtında Bakıda nə qədər müxtəlif xalqlar yaşayırdı? Mənim yadımdadır ki, tələbəlik illərində bir neçə dostum ermənilərin evlərində kirayənişin olurdular. Bu zaman da hər hansı bir problem görməmişdim. Bizim tərəfimizdən, yəni ölkədə çoxluq təşkil edən Azərbaycan türkləri tərəfindən digər xalqlara qarşı həmişə mehriban bir qucaq açılıb. Sonrakı dövrlərdə isə yalnız və yalnız xaricdən olan təsirlər nəticəsində erməni vətəndaşlarımız bizə kəc baxmağa başladılar və ərazimizin bir qismini işğal etdilər. Qeyd etməliyəm ki, işğalçılıq hərəkətlərində iştirak etməyən ermənilərə qarşı normal münasibətimiz indi də qalır. Kim ki, torpaqlarımızın işğalında, soydaşlarımızın doğma yurd və yuvalarından didərgin düşməsində, insanlarımızın bu savaşda qətlə yetirilməsində birbaşa iştirak edibsə onları qəti şəkildə qəbuledilməzlik gözləyir. Azərbaycan xalqları həmişə vahid ailədə yaşayıblar və bu ənənə indi də davam etməkdədir.
-“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti kimi dövlət müstəqilliyi qazanandan bəri Azərbaycanın ölkədəki xalqlara qarşı yürütdüyü siyasəti necə dəyərləndirirsiniz? Bu iyirmi üç ildə bu yöndə hansı işlər görülüb və daha nələr edilməlidir?
-Azərbaycandakı xalqların inkişafı üçün hər bir şərait yaradılıb. Ölkədə çoxluq təşkil edən Azərbaycan türkləri ilə yanaşı digər xalqların nümayəndələrinin də dövlət idarəçiliyində təmsil edilməsi adi normaya çevrilib. Etniklərin dövlət orqanlarında çalışması ilə bağlı heç bir problem yoxdur. Hətta əgər dövlət vəzifələrində təmsil edilənlərin ümumi nisbətinə baxılsa, etniklərin nümayəndələrinin bu postlarda çoxluq təşkil etdiyinin şahidi olarıq. Hesab edirəm ki, bu da normal bir haldır. Hər kəs milli-dini mənsubiyyətinə görə deyil, bacarığına və qabiliyyətinə görə layiq olduğu postu tutur. Azərbaycanda qüvvədə olan kriteriya buna imkan verir.
Hətta ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarında da etniklərin nümayəndələri üstünlük təşkil edir. Bu qurumların üzvlüyündə də digər xalqlar yetərincə təmsil olunur. Mən sizə deyim ki, çox-çox sonralar lap təsadüfən bilmişəm ki, bizim fondda çalışanlardan bəziləri ölkədəki digər xalqların nümayəndələridir. Yəni bizdə belə şeylə soruşulmur ki, “Sən kimsən və yaxud hansı millətdənsən?” Buna adi norma kimi yanaşırıq. Bizdə bu yoxdur, mən görməmişəm. Bacarığın və istedadın varsa, cəmiyyətimizdə layiqli yerini tutacaqsan.
-Sizcə, ölkədə millətlərarası münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün daha hansı işlər görülməlidir?
-Fikrimcə, bu istiqamətdə təbliğat işlərinin daha yüksək səviyyədə qurulmasına ehtiyac duyulur. Mənə elə gəlir ki, ölkəmizdəki xalqlar arasında yüz illərlə formalaşdırılmış isti münasibətlərin kökləri, tarixi taleyimizin şəriklik və birgəli məqamları təbliğat məqamlarında daha da qabardılmalıdır. Hesab etmirəm ki, bu işləri görmək üçün hansısa bir qanunlar qəbul edilməlidir. Bu, sadəcə, bizim vətəndaşlıq borcumuzdur, vətənə olan müqəddəs borcumuzdur. Cəmiyyətimizdə təbii bir nizamlanma prosesi gedir və fikrimcə, hər kəs layiq olduğu bir yüksəklikdədir.
-Milli tolerantlığımızın biçimlənməsində dini tolerantlığımız hansı rolu oynaya bilir?
-Ölkədəki dini tolerantlıq adi həyat tərzidir. Azərbaycanda müxtəlif dinlər var. İslamın, xristianlığın müxtəlif təriqətləri ölkədə yanaşı fəaliyyət göstərir və bu proses normal şəkildə davam edir. Ən önəmlisi budur ki, bu dinlərin yüksək rütbəli xadimləri də öz aralarında işgüzar münasibətlər təşkil edə biliblər. Bu münasibətlərin təşəkkülündə dövlətin tutduğu xətt və xüsusən də Şeyx həzrətləri (Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam A. Paşazadə nəzərdə tutulur – red.) önəmli rol oynayıb. Dini xadimlər arasındakı münasibətlər nə qədər səmimi və yüksək olacaqsa, onların ardıcılları və xalqlar arasında da səmimiyyət daha da artacaq. Və yaxud əksinə, ölkədəki dinin daşıyıcıları nə qədər səmimi münasibətlərdə olsalar, onların dini liderləri də bir o qədər yaxından təmasda olacaqlar.