Nərimanov rayonunda Gənclər günü coşğusu
Nərimanov rayonunda Gənclər günü coşğusu

Abdin Fərzəliyev: "Heydər Əliyev həmişə gənclərə böyük inam göstərib"

Nərimanov rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "2 fevral - Azərbaycan Gəncləri günü" münasibəti ilə "Azərbaycan gəncləri - Azərbaycanın gələcəyidir" mövzusunda toplantı keçirilib. Rayon gənclərinin tədbirini giriş sözü ilə açan Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ilk öncə müstəqil Azərbaycan gənclərini bayram münasibətilə təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.

A.Fərzəliyev qeyd edib ki, Azərbaycan dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin birinci forumunun keçirildiyini nəzərə alaraq ümummilli lider Heydər Əliyev 1 fevral 1997-ci ildə "2 Fevral - Azərbaycan gəncləri günü elan edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncam qüvvəyə mindiyi gündən hər il olduğu kimi bu gün də Gənclər günü qeyd edilir. İcra başçısı vurğulayıb ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən, cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlət gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi isə Heydər Əliyevdir.Gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq, Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra gördüyü ilkin və mühüm işlərdən biri gənclərin ilk dövlət təşkilatının - Gənclər və İdman Nazirliyinin yaradılması olub. İcra başçısı qeyd edib ki, Heydər Əliyev həmişə gənclərə böyük inam göstərərək, onların qüvvəsinə güvənərək vurğulayırdı: "Gənclər cəmiyyətimizin əksəriyyətini təşkil edir, onlar bizim bu günümüz, həm də gələcəyimizdir. Biz Azərbaycan dövləti, xalqımız gənclərə böyük ümidlə baxırıq. Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev bu gün bütün sahələrdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə xüsusi diqqət göstərir. Dövlət gənclər siyasəti İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkşaf edir. Bu gün Azərbaycanda gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür əlverişli şərait var". Toplantıda millət vəkili Adil Əliyev, bir sıra dövlət və qeyri-hökümət təşkilatlarının rəhbərləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri, fəal üzvləri çıxış ediblər. Vurğulanıb ki, Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, gənclərin qeyri-hökumət təşkilatlarının, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılıb və hüquqi baza təkmilləşdirilib. Bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam, intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Dövlətimizin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi xoşbəxt və firavan gələcəyə doğru addımlamaqdadır. Tədbirin sonunda Nərimanov rayon İcra Hakimiyyəti adından "2 fevral - Azərbaycan Gəncləri günü" münasibəti ilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir sıra gənclərə hədiyyələr və təhsilində, ictimai fəaliyyətində fərqləndiyinə, həmçinin, ictimaiyyətdə nümunəvi davranışına görə fəal tələbələrə təqaüdlər təqdim olunub.

Toğrul Əliyev