Azərbaycanda neft erası başa çatır
Azərbaycanda neft erası başa çatır



Qeyri-neft sektoru bu boşluğu doldura biləcəkmi?

Bu barədə fikirlər çoxdan səsləndirilir. Yada salaq ki, sentyabrın 20-də transmilli şirkətlərlə “Əsrin kontraktı” adlandırılan neft kontraktlarının imzalanmasının 20 ili tamam olacaq. Bu müddətdə ölkənin əsas neft ehtiyatı transmilli şirkətlər tərəfindən tamamilə tükədilib.
Düzdür, son vaxtlar Dövlət Neft Şirkəti ölkə ərazisi boyu ehtimal olunan neft yataqlarının axtarışına başlamaq qərarına gəlib və AMEA-nın müvafiq institutlarıyla birlikdə Azərbaycanın şimal-qərb zonasında geoloji kəşfiyyat işlərinə başlanılıb.
Bununla belə ekspertlər hesab edirlər ki, Abşeron yarımadasında və Xəzərin dibində istismar olunan neft yataqlarına bənzər, yaxud heç olmasa, neft istehsalının kəskin azalmasının qarşısını almaq iqtidarında olan neft yatağı kəşf etmək müşkül məsələ olacaq.
Alimlərin dediyinə görə, hələ sovetlər dövründə də ehtimal olunan bütün ərazilərdə geoloji-kəşfiyyat işləri aparılıb və demək olar ki, Azərbaycanın bütün əraziləri cikindən-bikinə yoxlanılıb və potensial neft yataqlarının aşkarlanması perspektivsiz görünür.
Belə olan halda yaxın onilliklərdə dövlət büdcəsini formalaşdırmaq üçün daha hansı resurslardan istifadə edilə bilər?
İqtisadçı ekspert Samir Əliyevin “Unikal”a verdiyi açıqlamaya görə, “Həqiqətən də, Azərbaycanda neft erası başa çatmaq üzrədir. Bu o deməkdir ki, hökumət, ən azı, bu ildən başlayaraq dövlət büdcəsinin gəlirlər hissəsini doldurmaq üçün alternativ yollar axtarmalıdır. Atılan addımlar ondan xəbər verir ki, bu zərurəti hökumət də dərk edir. Lakin mənim müşahidələrimə görə, bu tədbirlər ala-yarımçıqdır və sistemli təsir bağışlamır”.
Ekspertin müşahidəsinə görə, “Hökumət yaxın perspektivdə kənd təsərrüfatını, informasiya texnologiyalarını və yüngül sənaye sektorunu imkanlar daxilində inkişaf etdirmək istəyir. Fikrimcə, fermerlərə subsidiyalar ayırmaqla və yaxud hansısa bölgəyə kreditlər buraxmaqla aqrar sahəni inkişaf etdirmək olmaz. Aqrar sahənin inkişafı üçün dövlət səviyyəsində sanballı proqram qəbul edilməli və bu sənədin gerçəkləşməsi üçün əməli addımar atılmalıdır. Aqrar sahənin inkişafı üçün həm də daxili bazarın qorunması məqsədilə ölkənin gömrük siyasətində fundamental dəyişikliklər edilməlidir. Yəni fermer əmin olmalıdır ki, onun hasil etdiyi məhsul əlində qalmayacaq, maya dəyərindən əlavə gəlir də gətirəcək”.
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu “Unikal”a açıqlamasında bildirdi ki, “Qeyri-neft sektorunun rəsmən elan olunan artımı da şübhə doğurur. Yəni illərdir ki, biz qeyri-neft sektorunun artımı ilə bağlı statistik məlumatlarla rastlaşırıq. Amma son 5 ildə dövlət büdcəsində qeyri-neft sektorundan daxilolmalar, demək olar, eyni səviyyədədir. Baxmayaraq ki, hər il orta hesabla 8-10 faizlik artımdan söhbət gedir. İxracatda qeyri-neft sektorunun payı çox azdır. Hətta adambaşına düşən qeyri-neft məhsulunun ixracatının dəyəri 150 dolları ötmür. Bu da qonşu Gürcüstandan azdır. Azərbaycan iqtisadiyyatının həm miqyasını, həm potensialını nəzərə alsaq, bu iqtisadiyyatın inkişafında neft amilinin əhəmiyyətini dəyərləndirsək, qeyri-neft sektorunun adambaşına düşən məbləği daha çox olmalı idi. Bir sözlə, bu müşavirədə bəzi rəqəmlər müəyyən siyasi məqsədlər üçün istifadə olunub, son 10 ilin kontekstində müqayisəli şəkildə təqdim olunub. Onların bəziləri ilə razılaşmaq olar, bəziləri ilə razılaşmaq mümkün deyil. Iqtisadiyyatda önəmli olan həm qiymətlərin, yoxsulluğun, işsizliyin statistikası şübhə doğurur. Yenə də bununla bağlı açıqlanan məlumatlar mövcud gerçəkliyi təhrif edir. Son müşavirədən sonra büdcə ilə bağlı məlumatlara ümumi də olsa, çıxış imkanları qazandıq. Gördük ki, həqiqətən də müşavirədə deyilənlərlə təqdim olunan büdcənin parametrləri arasında kifayət qədər ziddiyyət var”.

Nurlan Gündüzlü