“Bu gün Bakı əhalisi qışdan deyil, ağır bir məşəqqətdən keçir”
“Bu gün Bakı əhalisi qışdan deyil, ağır bir məşəqqətdən keçir”

Mais Güləliyev: “İstənilən ölkədəki ekoloji durum sırf siyasi problemdir”

Planetdə gedən iqlim prosesləri və Bakı şəhərinin yaşadığı ağır qışlama ilə bağlı suallarımızı Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev cavablandırır.

-Mais müəllim, planetdə havaların qəflətən soyuması hansı amillərlə bağlıdır?
-Doğrusu, Azərbaycan şəraitində iqlimin soyuqlaşması deyil, bir qədər istiləşməsi baş verməkdədir. Yadımdadır, 1969-70-ci illərin əvvəlində anadan olduğum Şamaxıda dekabrın ortalarında qar yağar və ta martın əvvəlinə qədər yerdə qalardı. Amma 10-15 ildir, nadir hallarda qar yerdə qalır. Yəni Azərbaycan kimi ölkələrdə ciddi soyuqlaşma getmir. Qolfstirm cərəyanı zonalarında soyuqlaşma hiss edilir. Çünki Meksika körfəzindəki qəzadan sonra okeana tökülən böyük miqdarda neftdən sonra İngiltərəyə sarı gedən isti su axını istiləşməyə başlayıb. Qərbi Avropa ərazilərində havanı müəlayimləşdirən su axını müəyyən qədər dəyişilib. İqlimin qlobal şəkildə dəyişilməsi, əsasən, ekoloji proseslərlə bağlıdır. Amma ümumən götürəndə planetdə hava istiləşir. Hətta ekspertlər deyirlər ki, növbəti 25-30 ildə havanın bir dərəcə istiləşməsi Antraktidadakı buz kütləsinin əriməsinə və nəticədə Yer kürəsində həm quru sahənin azalmasına, həm də dünya okeanının səviyyəsinin qalxmasına, Rusiya ərazisində böyük bataqlıqların yaranmasına, Amerikanın bir hissəsinin su altında qalmasına səbəb ola bilər. Bu proseslər isə planetdə iqlimin kəskin şəkildə dəyişməsinə aparacaq. Havaların birdən istiləşməsi və yaxud əksinə, qəflətən soyuması bununla bağlıdır. Məsələn, Bakıda on gün bundan əvvəl hava necə idi, indi necədir? Artıq Azərbaycanda kontinental iqlim hiss edilir. Yəni yayda ciddi istilik, qışda isə sərt soyuqlar. Artıq yaz və payız fəsilləri hiss edilmir, qışla yay arasındakı aralıq mərhələlər yox olmağa başlayıb. Bunun ölkəyə mənfi təsirləri çox olacaq. Xüsusən kənd təsərrüfatına və insanlarımızın sağlamlığına. Son dövrlərdə payız əkinlərinin, praktik olaraq, sudan məhrum olması yazda bitkilərin göyərməsinə xeyli dərəcədə mənfi təsir göstərir. İndiki qarın əkinə xeyli faydası var, ancaq qəfil soyuqlaşma və qəfil istiləşmə canlı orqanizmlərə mənfi təsir edir.
-Bəzi iqlimşünaslar deyirlər ki, planetdə buzlaşma dövrü başlaya bilər. Amma bu proses min illərlə deyil, qısa bir dövrdə olacaq. Doğrudanmı, belə bir hal ola bilər?
-Mən buzlaşmadansa daha çox istiləşmə ilə bağlı ekspert rəylərinə rast gəlirəm. Bu rəylər daha məntiqlidir. Çünki planetdəki karbohidrogen ehtiyatlarının böyük miqdarda istehlaka məruz qalması istixana qazlarının yaranmasına səbəb olur, bu da istiləşməyə gətirib çıxardır. Biz bunu praktikada da görürük. Son yüz ildə temperaturun qalxması hamı tərəfindən etiraf edilir və getdikcə qalxacağını da proqnozlaşdırırlar. Hazırda alternativ enerji mənbələri yetərincə olmadığından istixana qazları sürətlə çoxalır. Ona görə də planetdə buzlaşma ehtimalı çox zəifdir.
-İstilikxana effekti bu qədər təhlükəlidirsə, niyə dünya dövlətlərinin başçıları, nəhayət, ağıllanıb müştərək bir qərar qəbil etmirlər ki, planeti aşkar fəlakətdən xilas etmək mümkün olsun? Yaşadığımız planeti məhv etmək olmaz axı!
-Dünya dövlətlərinin başçıları hərdən deyil, mütəmadi şəkildə ağıllı olduqlarını gözə soxurlar. Məsələn, Kioto protokoluna görə hər bir ölkənin sənayeni nə qədər inkişaf etdirəcəyi ilə bağlı müəyyən kvota təyin edilib. Ekspertlərin rəyləri əsasında bu məsələ dünyanın gündəminə gətirilib və həmin protokol imzalanıb. Azərbaycan da bu sənədə imza atıb. Amma dövlət başçıları bir qədər də irəli gedib daha “ağıllı” işlər görməyə cəhd edirlər. Məsələn, Birləşmiş Ştatlar bu protokola imza atmayıb və onun tələblərinə əməl də etmir. Çünki bu sənədi imzalasa, Amerika sənayesinin yarısı ləğv edilməlidir. Dünyanın enerji ehtiyatının istehlakının 26 %-i bu ölkənin payına düşür. Dünya əhalisinin 4 %-i onun payına düşür, ancaq dünyadakı enerjinin 26%-ni sərf edir. O da istehlakı 26-dan 4-5%-ə endirmək istəmir. Bu o deməkdir ki, Amerika birdən-birə rifah dövlətindən acınacaqlı bir ölkəyə çevrilə bilər. Ona görə də həmin protokola qol çəkmir və “ağıllı” tərpənib digər ölkələrin kvotasını satın alır. Tutaq ki, Azərbaycan sənaye istehsalı ilə məşğul olmadığından ətraf mühitə ata biləcəyi tullantının miqdarını başqa ölkəyə satır.
-Deməli, belə alver də var?
-Əlbəttə. Hazırda belə alver geniş yayılıb. Təsəvvür edin, Amerika yoxsul ölkələrə deyir ki, “Sən sənayeni inkişaf etdirmə və tullantı kvotasını mənə sat”. Beləliklə də, digər ölkələrin inkişafına imkan vermir və zəhərli qazlar buraxan zavodları həmin ölkələrə köçürdür. Deməli, ağıllı tərpənib Kioto protokolunu imzlayırlar və ikinci dəfə “ağıllı” davranıb həmin kvotanı satın alırlar.
-Beş gündür ki, Bakı şəhəri qar və şaxtanın cəngindədir. Bakı sakini, ekoloq və siyasətçi kimi Bakıda yaranmış durum Sizdə hansı təəssüratı doğurur?
-Bilirsiniz, açığı, Bakının belə mənzərəsi təsadüfi deyil. Biz dəfələrlə demişik ki, ekoloji problemlər dövlət idarəçiliyinin tərkib hissəsidir. Bəzən deyirlər ki, ekoloji maarifçilik genişləndirlməlidir və s. və i.a. Bunların hamısı cəfəngiyyat söhbətlərdir və məsul şəxslərin, cavabdeh qurumların məsuliyytdən yayınma cəhdləridir. Ekoloji səbəblərlə bağlı min problem varsa, bunlardan ən axırıncısı ekoloji maarifləndirmə ilə, 999-u isə idarəetmə ilə bağlıdır. Yəni dövlət idarəçiliyi, şəhər idarəçiliyi, qəsəbə idarəçiliyi və nəhayət, kənd idarəçiliyi ilə. Yəni istənilən ölkədəki ekoloji durum sırf siyasi problemdir. Buna görə də ekoloji problemlər siyasi səviyyədə həll edilməlidir. Bakının problemi nədədir? Bu şəhərin problemi birbaşa idarəçiliklə bağlıdır. Şəhər elə bir formada idarə edilməlidir ki, ekoloji problemlərdən tutmuş təchizatı, tullantıların idarə edilməsi, qaz, su, ərzaq, istiliklə təminatı, uşaq bağçalarının işi, tikinti məsələləri həmin idarəçiliyə daxil olmalı və optimal şəkildə həll edilməlidir. Bakı şəhərinin meri, şəhərin rayonlarının icra başçıları bu günə qədər əhali tərəfindən seçilməyib. Bu qurumlar seçkili olmadığından özlərini əhali qarşısında hesabatlı hiss etmirlər. Seçilmiş şəxs özünü cəmiyyət qarşısında hesabatlı hiss etməsə, yuxarıda sadaladığım problemlərlə heç zaman ciddi şəkildə məşğul olmayacaq. Fikir verin, Bakı şəhər İcra Hakimiyyətinin nə qədər xərcləri var? Əhalinin bundan xəbəri varmı ki, bu pullar nələrə sərf edilir? Və ümumiyyətlə, effektli şəkildə xərclənirmi? Bunların hamısı onunla bağlıdır ki, Bakı şəhərinin idarə edilməsi olduqca bərbad vəziyyətdədir. Bir də görürsən ki, şəhərin hansısa küçəsini qazdılar və eləcə də buraxıb çıxıb getdilər. Bunun cavabını kim verməlidir? Əhali bu vəziyyətin cavabını kimdən soruşsun? Əhali şəhərin idarə edilməsində, doğrudan da, iştirak eləyərsə, onun nümayəndəsi, yəni məhəllə komitəsi gedib narazılığını bildirər və bu komitədən seçilmiş icra başçısı da onlardan çəkinərək problemi həll edəcək. Bu sistem yoxdur. Yəni yuxarıların aşağılara tabeçiliyi təşkil edilməyib. Belə bir nəzarət mexanizmi yalnız o vaxt mümkün olur ki, həmin icra strukturları aşağıdan asılı vəziyyətdə olsun və icra başçılarının seçim prosesi aşağının nəzarəti və iradəsi ilə gerçəkləşsin. Yoxsa, indiki vəziyyətdə Bakı şəhər İcra Hakimiyyətinin başçısı kimdən çəkinəcək ki? Ona lazımdır ki, dövlətin yuxarı qurumları ilə əlaqə saxlayıb onları razı sala bilsin. Aşağılar soyuqdan ölürlərsə, cəhənnəmə ölsünlər. Aşağılar susuz, istiliksiz qalırlarsa, qalsınlar da! Baxın, elə ki, Bakıda bir dərəcə şaxta olur və yaxud güclü külək başlayır, şəhərin əksər rayonlarında qaz sönür. Dünən Bakının bir çox yerlərində qaz kəsilib və nəticədə də evlərdə istilik olmayıb. Bunların hamısı nə ilə bağlıdır? Dövlətin şəhərin idarə edilməsi ilə bağlı mexanizmləri effektli deyil. Şəhərin idarə edilməsində əhalinin iştirakı təmin edilməyib. Hətta kəndlərin idarə edilməsində də əhalinin iştirakı təmin edilməlidir ki, insanlar öz həyat səviyyələrinin artırılmasında maraqlı olsunlar. Evlərə su gətirən boruların hamısı buz bağlayıb, su yoxdur və heç bir qurum bununla maraqlanmır. Biz hazırda Mehdiabad qəsəbəsində susuz qalmışıq. Çünki su boruları vaxtlı-vaxtında izolyasiya edilməyib. Xülasə, bu gün Bakı əhalisi qışdan deyil, ağır bir məşəqqətdən keçir.

Söhbətləşdi:
Fərzuq Seyidbəyli