Abid Şərifov Şəkidə böyük ticarət mərkəzi tikdirib
Abid Şərifov Şəkidə böyük ticarət mərkəzi tikdirib

Baş nazir müavini haqqında yeni iddia ortaya atıldı

Bir neçə gün əvvəl Şəkidəki əşya bazarında yanğın baş verdi. Yanğın nəticəsində xeyli sahibkara ciddi ziyan dəyib.

Artıq Şəki rayon icra hakimiyyəti başçısı əşya bazarında mağazaları yanan sahibkarları qəbul edib. İcra başçısı dövlətin ticarətçilərə əlindən gələn köməyi edəcəyini vəd edib.
Lakin obyektlərin sığortalı olmadığını nəzərə alaraq, mağaza sahiblərinin və icarəçilərin ziyanının hansı mənbə hesabına ödəniləcəyi aydın deyil.
Bir çox tacirlər yanğını maraqlı qüvvələrin törətdiyindən şübhələnirlər.
Belə ki, şəhər kənarında yeni ticarət mərkəzi tikilib və dəfələrlə əşya bazarından ticarətçiləri oraya köçürməyə çalışıblar, amma onlar etiraz edirdilər.
İndi əli boş qalan ticarətçilərə yeni mərkəzdəki mağazaları icarəyə götürmək təklif olunur. Belə söz-söhbət ortaya atılıb ki, yeni ticarət mərkəzi əslən Şəkidən olan baş nazirin müavini Abid Şərifova yaxınlığı ilə seçilən şəxslərə aiddir. Amma bu iddianın nə qədər doğru olduğu məlum deyil. İstisna edilmir ki, sözügedən ticarət mərkəzini Şərifovla bağlamaq istəyənlər özlərinin güclü himayəyə malik olduqlarını nümayiş etdirmək üçün belə bir söz-söhbətin ortaya çıxmasında maraqlı ola bilərdilər.
Başqa bir versiyaya görə isə baş nazir müavininin adı həmin ticarət mərkəzi ilə tamamilə başqa çevrələrlədə birgə hallandırılır. Məqsəd Şərifovu tənqid hədəfinə gətirməkdir. Son prezident seçkisi ərəfəsində sözügedən baş nazir müavini ilə bağlı çoxsaylı tənqidi yazılar dərc edilir və onun yeni formalaşdırılacaq hökumət kabinetində yer almayacağı bildirilirdi.
Amma bu ehtimallar özünü doğrultmadı. Şərifov postunu qoruyub saxlaya bildi. İndi istisna deyil ki, bundan xoşlanmayan və vitse-premyerlə gizli, yaxud aşkar ixtilafda olan dairələr baş nazir müavininin adının neqativ planda gündəmə gətirilməsində maraqlıdırlar.
Bu arada, belə məlumatlar da yayılıb ki, yanan bazarın ticarətçiləri ağır maliyyə vəziyyətinə düşüblər. Onların əksəriyyəti topdansatış yerlərindən nisyə mal alıblar, bəzilərinin bank kreditləri var.
Xatırladaq ki, yanğın nəticəsində 100-ə yaxın mağaza yanıb.
Günel Əkbər