Siyavuş Novruzov: “Onlar cangüdənləri hansı vəsait hesabına saxlayırlar?”
Siyavuş Novruzov: “Onlar cangüdənləri hansı vəsait hesabına saxlayırlar?”

“Bütün siyasi partiyalar maliyyə hesabatını ictimaiyyətə təqdim etməlidir. “Siyasi partiyalar haqqında” qanununda da yazılıb ki, ildə bir dəfədən az olmamaq şərtilə siyasi partiyalar maliyyə hesabatı verməlidirlər. Həmişə ayrı-ayrı strukturları qeyri-şəffaflıqda ittiham edən partiyalar özlərinin fəaliyyətləri barədə ictimaiyyətə məlumat verməkdən yayınırlar.
Çıxışlarında deyirlər ki, orduya və başqa sahələrə ictimai nəzarət olmalıdır, həmin qurumlarm ictimaiyyət qarşısında hesabat verməlidirlər. Bəs, özləri niyə hesabat vermirlər? Məsələn, Müsavat Partiyası 20 ildən artıqdır fəaliyyət göstərir, bu günə qədər hansı maliyyə mənbələri ilə fəaliyyət göstərdiyi haqda ictimaiyyətə məlumat vermir”.
Bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bəzi siyasi partiyaların maliyyə hesabatı verməmələrinə münasibət bildirərkən deyib. O qeyd edib ki, partiyalarda istər üzvlük haqqı, istərsə də ianələr bank vasitəsilə həyata keçirilməlidir: “Onlar buna əmək etmirlər. Gəlirləri barədə bəyannamə verəndə də “0” rəqəmi yazırlar, guya heç bir gəlirləri yoxdur. Onda bunlar hava ilə dolanırlar? AXCP və Müsavatın qərargahlarında onlarla insan çalışır, bunlar hansı əsasla çalışır? Cangüdənləri hansı vəsait hesabına saxlayırlar? Onların maliyyə mənbələrinin hamısı qaranlıqdır. Qaranlıq mənbə də qaranlıq qüvvələrə xidmət edir. Həmin partiyalar qaranlıq qüvvələr tərəfindən maliyyələşdirildiklərindən Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa, təxribat törətməyə sövq edilirlər. Buna görə də onlar hesabat verməkdə çətinlik çəkirlər. Amma Yeni Azərbaycan Partiyası maliyyə mənbələri barədə hesabat verdi”.
S.Novruzov qeyd edib ki, bütün partiyalar müvafiq orqanlar qarşısında hesabat verməlidirlər: “Dövlət büdcəsindən maliyyələşən partiyalar hər rübdə hesabatlarını təqdim edirlər. Bu, qanunun tələbidir. Digər partiyalar da özlərinin gəlirləri barədə məlumat verməlidirlər. Yeni qanun qəbul etdik. Qanuna görə, əmək müqaviləsini gizlədən hüquqi şəxs məsuliyyətə cəlb olunacaq. Əvvəlcə cərimə, sonra isə cinayət məsuliyyəti nəzərədə tutulub. Orada çalışan insanların əmək haqqlarından Sosial Müdafiə Fonduna pul köçürməlidirlər ki, həmin insanlar təqaüdə çıxanda pensiya ala bilsinlər. Onlar hesabat verməməklə həm də vergidən yayınırlar”.