GEMO təhlükəsi rəsmən etiraf edildi
GEMO təhlükəsi rəsmən etiraf edildi

Və daxili bazarın yaxşı qorunmadığı bildirildi

Ölkə mətbuatında GEMO (genləri dəyişdirlmiş ərzaqlar) barədə dəfələrlə yazılması və bu problemin üstünə gedilməsi real nəticələr verməyə başlayıb. Belə ki, Millət vəkili Vahid Əhmədov ölkədə xaricindən geni dəyişdirlimiş meyvə idxalının azaldılması ilə bağlı dövlət başçısının tələblərini şərh edərkən deyib: “Prezident İlham Əliyev dünənki çıxışında bu məsələyə toxunduğu üçün burda müəyyən dəyişikliklər və irəliləyişlər gözləməyə dəyər.

Hər şey dövlət qurumlarından asılıdır. Kənd Təsərrüfatı Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Sərhəd Xidməti bu cür məsələlərdə daha ciddi mövqe sərgiləməlidirlər. Sərhəddə normal laboratoriya yaradılarsa, Azərbaycana heç bir geni dəyişdirilmiş məhsul buraxılmayacaq. Rusiyada da bununla əlaqədar çox ciddi tədbirlər həyata keçirilib. Məsələ ilə bağlı qanunlar da qəbul etmək istəyirlər. Bizdə isə bu məsələ ilə bağlı qanunlar var. Sadəcə, o qanunları icra etmək lazımdır. Biz hələ də daxili bazarımızı qoruya bilmirik. Son vaxtlar geni dəyişdirilmiş məhsullar həddindən artıq çoxalıb. Belə məhsullar insan sağlamlığı üçün çox təhlükəlidir. Bunun da nəticəsi olaraq dəhşətli xəstəliklər meydana gəlir”.
Xatırladaq ki, ölkəyə qanunsuz şəkildə gətirlən GEMO ilə bağlı problemi ən kəskin şəkildə qoyanlardan biri Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov olub. Onun məsələ ilə bağlı ölkə mediasına, o cümlədən qəzetimizə verdiyi açıqlamalar həmiş diqqətçəkən olub.
Onun “Unikal”a dediyinə görə, “İllərboyu bu problemlə bağlı cəmiyyətə və müvafiq dövlət qurumlarına etdiyimiz xəbərdarlıqlar, nəhayət, təsirini göstərmiş olsa da, artıq gecdir, cin şüşədən buraxılıb. Bəli, təsadüfi deyil ki, ölkədə dəhşətli xəstəliklər meydana çıxıb. Amma hesab edirəm ki, problemi aradan qaldırmaq mümkündür. Bunun üçün birinci növbədə ölkə prezidenti İlham Əliyevin bu yöndə imzaladığı sərəncamlar yerinə yetirlməli və ölkədə aborigen bitkilərin kultivasiyası ənənəsi bərpa edilməlidir. Bir çox yerli qarpız, kartof, pomidor, kələm, çuğundur növləri artıq dövriyyədən çıxmaq üzrədir. Onların əkini və becərilməsini təmin etmək lazımdır”.
Ekspertin sözlərinə görə, “GEMO meyvə və tərəvəzlərin birinci xüsusiyyəti budur ki, onların toxumlarından gələn il istifadə etmək mümkün olmur, yəni bu toxumlar daha cücərmir. Buna görə GEMO-ları təyin etmək çox asandır. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Azərbaycan beynəlxalq Kartogen protokoluna imza atıb. Bu protokolu imzalamış 153 dövlət mövcud biomüxtəlifliyi qorumaq barədə öhdəlik götürüb. Bu protokolun müddəalarına əməl edilsə, vəziyyət xeyli yüngülləşər”.
Hüseyovun verdiyi məlumata görə, “Hazırda GEMO qidaların istehsalı və ixracatı ilə məşğul olan ən məşhur qurum Amerikanın “Monsarto” şirkətidir. Məndə olan mlumata görə, bu şirkətin əsas sahiblərindən biri də Birləşmiş Ştatların keçmiş prezidenti Corc Buşdur. Təəssüflər olsun ki, Ümumdünya Ticarət Təşkilatı “Monsarto” şirkətinə kifayət qədər dəstək verir. Təşkilatın ekspertləri Bakıda olarkən hətta bizim ofisə də baş çəkiblər. Ən qəribəsi budur ki, həmin ekspertlər ciddi-cəhdlə məni inandırmağa çalışırdılar ki, GEMO qidalar heç bir baxımdan insan bədəni üçün ziyanlı deyil. Bu cür nüfuzlu beynəlxalq qurumun ekspertlərinin belə mövqeyi insanda bir sıra şübhələr doğurur. Təbii ki, biz həmin ekspertlərə faktlar və dəlillər əsasında lazımi səviyyədə arqumentli cavablar verdik. Yəni sözümün canı budur ki, GEMO qidaların arxasında geniş şəbəkəyə malik olan beynəlxalq mafiya durur və onların planetə və bəşəriyyətə vurduğu ziyanlar artıq hamı tərəfindən etiraf edilir. Çox yaxşıdır ki, Sədərək və Qusar gömrük-keçid məntəqələrində GEMO qidaları müəyyən edə biləcək laboratoriyalar quraşdırılıb. Lakin məndə olan məlumatlara görə, bu laboratoriyalar lazımi şəkildə fəaliyyət göstərə bilmir. Ümid etmək olar ki, ölkə prezidentinin problemə məlum reaksiyasından sonra gömrüklərdəki vəziyyət qaydaya düşəcək”.

Nurlan Gündüzlü