Azərbaycanda ruhi
xəstələrin sayı niyə artır?
Deputat: “Cəmiyyətdə stress, gərginlik var”

Psixoloji problemlərin artması bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da “Psixoloji Xidmət”lə bağlı qanunun qüvvəyə minməsinin zəruriliyini göstərir. Milli Məclisin Sosial-siyasət daimi komitəsinin sədr müavini Musa Quliyev “Psixoloji Xidmət”lə bağlı qanunun qəbul edilməsini təklif edir.
O qeyd edir ki, cəmiyyətdə baş verən dəyişikliklər, həyat ritminin artması, urbanizasiya və s bu kimi proseslər psixoloji gərginliyə səbəb olur: “Cəmiyyətdə stress, gərginlik var. Həyat ritmi artıb, insanların asudə vaxtı azalıb. Asudə, istirahət zamanı da insanlar vaxtlarını daha çox komputer önündə keçirməli olur. Canlı ünsiyyətin azalması, virtual ünsiyyətə meylin artması, urbanizasiyanın sürətlənməsi, böyük şəhərlərdə sıxlığın, həyat ritminin artması, ənənəvi ailə institutunun yavaş-yavaş sıradan çıxaraq yeni ailə modeli ilə əvəzlənməsi, ünsiyyət vaxtının azalması, qidaların tərkibinin, ekologiyanın dəyişməsi və s bu kimi səbəblər insan psixologiyasına mənfi təsir göstərir, ciddi depressiya yaradır. Bu cəhət xüsusən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün xarakterikdi. Avropada artıq 20 ildən artıqdır ki, insanlar həyatlarını psixoloqun nəzarəti altında yaşayırlar. Avropanın elə ölkələri var ki, insanlar həftədə ən azı 3 dəfə psixoloqun məsləhətinə gedirlər”.
Əlillik, qaçqın həyatı, müharibələr nəinki Avropa ölkələrinə, o cümlədən də Azərbaycana təsirsiz ötüşmür. M.Quliyev qeyd edir ki, vaxtında psixoloqa müraciət etmədikdə probolmlər daha da böyüyür: “Ailədaxili konfliktlər artır, insanların müxtəlif məkanlara adaptasiyası çətinləşir. Çətin tərbiyə olunan uşaqların sayı artır. Hərbidən tərxis olunanların, həbsxanadan çıxan şəxslərin həyata adaptasiyası çətinləşir. Əlillik, qaçqın həyatı, müharibələr nəinki Avropa ölkələrində, o cümlədən də ölkəmizdə psixoloji xidmətin vacib olmasını aktuallaşdırır. Bu da onun göstəricisidir ki, vaxtında profilaktik tədbirlər görə bilmirik. Ehtiyacı olduqda psixoloq yardımına getməyən insanlar 5 ildən sonra psixiatr yanına gedəcək. Artıq dünya təcrübəsində də psixoloji xidmət mərkəzləri, müxtəlif yaş qrupları, sahələr üzrə psixoloqlar var. Dünya təcrübəsində bu xidmət özəl, bələdiyyə və dövlət müəssisələri tərəfindən həyata keçirilir. Bu xidmətin bir qismi pullu, bir qismi isə pulsuzdu. Azərbaycanda da bu xidməti, onun fəaliyyət prinsiplərini, hüquqi əsaslarını yaradaraq lisenziyalaşdırmaq olar. İnsanlara göstərilən psixoloji yardımı həm hüquqi, həm də elmi cəhətdən əsaslandırmaq üçün belə qanunun qəbulunu təklif etdim”.
Psixoloji sarsıntılar, gərginliyin artmasında medianın da aparıcı rola malik olduğunu vurğulayan millət vəkili qanun və onun prinsiplərinin hazırlanmasının aparıcı məqsədlərdən biri olduğunu qeyd edir: “Televiziya məkanında falçılar, ekstrasenslər, cindarlar, şarlatanlar insanların zəif psixoloji durumundan istifadə edərək özlərini elə təqdim edirlər ki, guya onlara yardım əli uzadırlar. Aparılan xidmətə, görülən işlərə görə məsuliyyət də müəyyənləşməlidi. Ölkədə bu baxımdan vəziyyətin tənzimlənməsi üçün belə qanunun qəbul edilməsinə ehtiyac var. Kadr çatışmazlığı, bu sahədə bizim müvafiq instituların olmaması qanunun qəbuluna hələlik maneə yaradır. Amma mən hesab edirəm ki, qanun və onun prinsipləri hazırlanmalı, universitet daxilində kadrlar yetişdirilməlidi. Bu gün “Psixoloji Xidmət” haqda qanunu qəbul edə bilməsək, düşünürəm ki, yaxın beş il də qanun qüvvəyə minər”.
M.Quliyev deyir ki, “Psixoloji Xidmət”lə bağlı qanun hazırlanarkən dünya təcrübəsindən yararlanacaqlarını söyləyir: “Qanunlar hazırlanarkən dünya təcrübəsindən yararlanmaq olar, amma həmin qanunları olduğu kimi Azərbaycanda tətbiq edə bilmərik. Hər bir ölkənin öz qanunları, tələbləri var”.
M. Quliyev psixolji sarsıntının nəticəsi kimi dünyada və Azərbaycanda ruhi xəstələrin sayının artdığını deyir: “Tək Azərbaycanda deyil, bütün dünyada ruhi xəstələrin sayı artmaqdadı. İnsanın tənhalaşması, depressiyanın artması, zamanın yüksək ritmi qarşısında insan orqanizminin müqavimətsiz qalması cəmiyyətdə belə arzuolunmaz halların artmasına səbəb olur. Əlbətdə belə halların qarşısının alınması üçün vaxtında düzgün psixoloji xidmət göstərilməlidi. Qanuna sosial sifariş, ehtiyac varsa o qanun işləyəcək. Qanunun qəbulu üçün normaları tənzimləyib, iş mexanizmini hazırlamaq lazımdı”.
Nigar Məhərrəm