Türkiyədəki rüşvət qalmaqalının “baş qəhrəman”ından şok hədə
Türkiyədəki rüşvət qalmaqalının “baş qəhrəman”ından şok hədə
Rza Zərrab: "Məni burada saxlasanız, bildiklərimi danışacağam"

Türkiyədə ana müxalifət olan Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kılıçdaroğlu dünən səhər saatlarında kimsənin gözləmədiyi açıqlama ilə çıxış edib.
Ötən ilin dekabrın 17-də həbs olunan azərbaycanlı milyarder, əslən Güney Azərbaycandan olan Rza Zərrab barədə danışarkən K.Kılıçdaroğlu deyib: "Orada, həbsxanada saxlanan İran əsilli Rza Zərrab var. Ona deyirlər ki, "səni buraxacağıq, sən danışma". Çünki Rza Zərrab "Məni burada saxlasanız, danışacağam, bildiklərimi deyəcəyəm", - söyləyib.
Rza Zərrab xəbər yollayıb. Dediyinə görə, onun danışmasını istəmirlər. Rza Zərrabı bir müddət sonra buraxacaqlar. Hələlik onun əmlakına qoyulmuş həbs və müsadirə qərarları ləğv olunur".
Bu arada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Qaziantəpdən olan millət vəkili Şamil Tayyar qonağı olduğu “24 TV”də “dərin əməliyyat”ın pərdə arxasını izah edib. Millət vəkili “dərin əməliyyat”ın son hədəfinin baş nazir Rəcəb Tayyib Ərdoğansız bir Türkiyə olduğunu vurğulayıb. “Türkiyə həm bölgədə, həm dünyada güclü bir dövlət olmaq istəyir. Türkiyənin bölgədə və dünyada üzərinə götürdüyü bu yeni roldan narahat olanlar və yeni bir qlobal tənlik qurmaq istəyənlər Ərdoğansız bir Türkiyə proyektini həyata keçirmək istəyirlər. Ona görə də yeni dövrdə Ərdoğanı Türkiyənin siyasətindən silmək üçün əllərindən gələni edəcəklər”, - Ş.Tayyar söyləyib.
Millət vəkilinin sözlərinə görə, bunun üçün birinci addım Ərdoğanın prezident olmaq fikrindən imtina etməsinə nail olmaqdır:“Əgər bunu bacara bilsələr, ikinci addım olaraq deyəcəklər ki, üçüncü dövr qaydasından əsla imtina etmə, siyasətdən gedəcəksən. 2015-ci ildə seçkilər var. Əgər onlar üçün hər şey yolunda gedərsə, 2015-ci ildən etibarən Ərdoğansız bir Türkiyə olacaq. Amma bunlar 2015-ci ilə qədər dözə bilmirlər. Deyirlər ki, dərhal gedəcəksən. Çünki, sabah şərtlərin nə olacağını bilmirlər. Bunun üçün xaotik mühit yaratmaq lazımdır. Bu xaotik mühitin nəticəsində siyasi sabitlik pozulsa iqtisadi sabitlik də pozulacaq və Rəcəb Tayyib Ərdoğan dövlət başçısı ola bilməyəcək”.
“Gəzi Parkı hadisələrində istədikləri olmadı. 17 Dekabr əməliyyatından da ümidlərini kəsdilər. Bura qədər gəldilər, geri də qayıtmayacaqlar. O halda başqa alətlərə ehtiyac var”, - türkiyəli millət vəkili bu planı bir il əvvəl oxuduqlarını bildirib.

Murad İbrahimli