Ramiz Mehdiyev: "Hər bir dövlət qulluqçusu öz fəaliyyətini yenidən dəyərləndirməlidir"
Ramiz Mehdiyev: "Hər bir dövlət qulluqçusu öz fəaliyyətini yenidən dəyərləndirməlidir"

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dövlət məmurlarını öz fəaliyyətini dəyərləndirməyə çağırıb

R.Mehdiyev şəxsi Facebook səhifəsində bildirib ki, hər bir dövlət qulluqçusu Prezident İlham Əliyevdən nümunə götürməlidir, öz fəaliyyətini yenidən dəyərləndirməlidir.
R.Mehdiyev hesab edir ki, Azərbaycan Respublikasının müasir dövlətçilik fəlsəfəsi dövlət qulluqçusundan Vətən qarşısında öz məsuliyyətini daha dərindən dərk etməyi tələb edir: "Cənab Prezidentin ötən gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda növbəti dəfə bəyan etdiyi mühüm prinsiplər hər bir dövlət qulluqçusu üçün başlıca həyat kredosuna çevrilməlidir.
Cənab Prezidentin söylədiyi kimi, "Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər".