Azad Rəhimova bəd xəbər
Azad Rəhimova bəd xəbər

Nazirin fəaliyyətinin yoxlanılmasına qərar verildi

Gənclər və idman naziri Azad Rəhimov üçün bəd xəbər var. Belə ki, onun rəhbərlik etdiyi nazirliyin fəaliyyətinin təftiş edilməsinə qərar verilib.

Məsələ burasındadır Ki, Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Kollegiya iclasında Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsində (VÖEN 6400126081) vergi qanunvericiliyinə riayət edilməsi vəziyyəti, Kənd Təsərrüfatı Nazirliyinin "Aqrolizinq" ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına alınan aktivlərin (əsas və dövriyyə vəsaitlərinin) struktur bölməsi olan Horadiz Aqroservis filialı tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmalar, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə ayrılan vəsaitlərin istifadəsi və dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Gənclər və İdman Nazirliyinə tikintisi başa çatmış obyektlərə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı audit tədbirlərinin nəticələri üzrə hesabat və rəylər geniş müzakirə olunaraq təsdiq edilib.
Burada ən diqqəti çəkən məqam məhz Gənclər və İdman Nazirliyində aparılacaq auditdir: məsələ burasındadır ki, son vaxtlar Rəhimovun nazirliyinin inşası ilə məşğul olduğu obyektlərlə bağlı mətbuatda davamlı tənqidi materiallara rast gəlmək mümkündür.
Mətbuat hesab edir ki, ölkədə ən uğursuz layihələr həyata keçirən dövlət qurumlarından biri də Gənclər və İdman Nazirliyidir. Əvvəla, hər il qurumun tikdirdiyi olimpiya komplekslərinin effektiv olmadığı tənqid mövzusu olsa da, bu istiqamətdə ayrılan xərclər daha da şişir. Bu da Rəhimovun rəhbərlik etdiyi sahədə mənimsəmələrin olduğuna dair KİV-in yazdıqlarının və müstəqil ekspert rəylərinin əsassız olmadığını ortaya qoyur.
Eyni zamanda başqa bir çox faktlar da var ki, Gənclər və İdman Nazirliyinin dövlət vəsaiti hesabına il ərzində həyata keçirdiyi və ya həyata keçirməyə davam etdiyi layihələrə ayrılan pulların taleyindən ciddi narahatlıq keçirməyə əsas verir.
Xatırladaq ki, ötən il Rəhimovun nazirliyinə ölkənin idman hazırlığına əsaslı vəsait qoyuluşundan 336 milyon 421 min manat ayrılması proqnozlaşdırılmışdı. Belə ki, 2013-cü ildə bu nazirliyə:
- Bakı şəhərində Su İdman Sarayının layihələndirilməsi və tikintisi üçün 40 milyon manat, Prezidentin Ehtiyat Fondundan isə 5 milyon manat ayrılıb.
- Gimnastika Kompleksinin tikintisinə cari ildə 30 milyon manat yönəldiləcək. 2008-ci ildən 2012-ci ilədək 56,4 milyon manat artıq xərclənib.
- Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmiri və yenidən qurulmasına qoyulan vəsait 80 milyon manata yaxınlaşıb.
Olimpiya Komplekslərinə gəlincə, aşağıdakı rayonlar üzrə vəsait ayrılıb:
- Qax rayonunda Olimpiya İdman Kompleksinin tikintisinə 4 milyon manat, 2008-2012-ci illərdə 7,3 milyon manat;
- Şirvan şəhərində Olimpiya İdman Kompleksinin tikintisinə 6,6 milyon manat. Ötən il 7,5 milyon manat xərclənib.
- Göygöl şəhərində kompleks tikintisinə ötən il də daxil olmaqla 13,2 milyon manat;
- Xaçmaz rayonunda İdman Kompleksinin tikintisinə 4,2 milyon manat. Ötən ilə isə 9 milyon manat;
- Abşeron rayonunda Olimpiya İdman Kompleksinin tikintisinə 3,5 milyon manat;
- Ağcabədi rayonunda Olimpiya İdman Kompleksinin tikintisinə 3,5 milyon manat;
- Tərtər, Neftçala, Goranboy rayonlarında Olimpiya İdman Komplekslərinin hər birinin tikintisinə 1 milyon manat;
- Lənkəran Olimpiya İdman Komplekslərinin yenidən qurulmasına 2,5 milyon manat;
- Respublika İdman Tibb Mərkəzinin tikintisinə isə 5 milyon manat ayrılması nəzərdə tutulub.
Bundan əlavə, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması və tikintisi xərcləri üçün GTN-yə 4,7 milyon manat ayrılıb.
Yaxın keçmişlə bağlı bir neçə fakt isə ötən ilki 336 milyon manatdan artıq dövlət vəsaitinin Gənclər və İdman Nazirliyi tərəfindən tamamilə təyinati üzrə xərcləndiyini şübhə altında qoyur. Məsələn, Bakı milyonçusu Murtuza Muxtarovun 1911-12-ci illərdə cəmi iki ilə tikdirdiyi və son illərə qədər Səadət sarayı kimi tanınan paytaxtın ən gözəl binalarından birinin təmir-bərpasını xatırlayaq. Bu işi Azad Rəhimov şəxsi nəzarəti altında saxlayıb, proses 7 ilə yaxın davam edib, külli miqdarda dövlət vəsaiti xərclənib. Bu qədər uzunmüddətli təmir-bərpanın özü korrupsiya barədə şübhələnməyə əsas verirdi. O dövrdə mətbuat yazdı ki, Gənclər və İdman Nazirliyinin əvvəlki tender siyahısından belə məlum olur ki, sarayda bərpa işlərini "Sehrbaz" layihə-tikinti şirkəti aparıb. Bildirilirdi ki, bu şirkət gənclər və idman naziri Azad Rəhimova məxsusdur. Sarayda bərpa işlərini bu şirkətə tendersiz verdilər. Həmin şirkət də nazirliyin binasında yerləşir. Lakin sonradan təmir işlərini Almaniyaya məxsus olduğu deyilən şirkət aparmağa başladı. "Sehrbaz" şirkəti milyonları yedikdən sonra guya sarayda yeni üslub yaratmaq üçün yenidən vəsait ayırdılar. Əslində hər iki şirkət nazirə məxsus idi. Eyni zamanda burada çalışan əcnəbi fəhlələrin maaşı verilmədiyi də bildirilirdi. Bütün bunlar sarayın təmir-bərpasında ciddi maxinasiyalardan danışanların sözlərində həqiqət payının çox olduğunu söyləməyə kifayət edir.
Və yaxud, 40 milyon manata təmir edilən Tofiq Bəhramov adına Respublika stadionunda açılışdan üç ay sonra problemlər yaranması, - məsələn, media sektorundakı plitələrin çökməsi! - Rəhimovun nazirliyinin iri pullar hesabına həyata keçirdiyi layihələri necə bitirdiyinin əyani təsdiqidir.
Hesab etmək olar ki, məhz bu cür iddialar Hesablama Palatasının aparacağı auditin əhəmiyyətini daha da artırır. Auditin hansı neqativ halları ortaya çıxaracağını və bunun gənclər və idman nazirinin vəzifə karyerasına hansı təsirlərinin olacağını isə zaman göstərəcək.
Ülviyyə Qasımlı