“Türk dostlarım dedilər ki, “Biz kilsəyə ayaq basmarıq!”
“Türk dostlarım dedilər ki, “Biz kilsəyə ayaq basmarıq!”

Fəxrəddin Salim: “Azərbaycan insanı dinə xürafat səviyyəsində bağlı olmadığı üçün tolerantlığı ilə önə çıxıb”

Azərbaycan xalqının dini tolerantlığının tarixi-mədəni kökləri barədə suallarımızı AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Salim cavablandırır.
-Fəxrəddin bəy, Azərbaycan mədəni-coğrafi məkan və eyni zamanda bir ölkə kimi dünyanın unikal guşələrindən biri hesab edilir. Bu ərazidə müxətlif mədəniyyətlər, çeşidli dinlər, müxətlif batini təriqətlər tarixboyu paralel şəkildə fəaliyyətdə olub və bir-birini zənginləşdirib. Sizcə, ölkəmizdəki bu mənəvi-dini, ruhsal, milli tolerantlıq, xalqların bir-birinə münasibətindəki səbirlilik haradan qaynaqlanır?
-Bu fenomenin kökünü araşdırmaq söhbətimizin çərçivəsini xeyli genişləndirərdi. Mənə elə gəlir ki, söhbətimizi daha çox bu fenomenin səbəbləri üzərində qurmaq lazımdır. Başlıca səbəb ondan ibarətdir ki, Azərbaycan insanı dinə, dini rituallara, müqəddəs mətnlərə fanatik düşüncəsi ilə yanaşmır. İnsanlarımız dinə, dini dəyərlərə məqsədli şəkildə yanaşmırlar. Keçmiş sovet respublikalarının bütün sakinlərinin şüurunda, psixologiyasında dini ruhsal aclıq var idi. Amma həm də bu insanlar sovet təhsil sitemi sayəsində müəyyən dünyagörüşə də yiylənmişdilər. Bu dünyagörüş qəflətən cəmiyyətə qaytarılmış dini dəyərlərə sağlam təfəkkürlə yanaşmaq imkanı verdiyindən dindən alət kimi istifadə edilməsi halları qeydə alınmadı. Azərbaycan insanı dinə xürafat səviyyəsində bağlı olmadığı üçün tolerantlığı ilə önə çıxıb. Bu baxmdan yanaşarkən Türkiyədə vəziyyət bizdəkindən xeyli acınacaqlıdır. Toleranatlıq baxımından biz Türkiyədən xeyli üstünük. Bunun da səbəbi odur ki, Türkiyədə biri, tutaq ki, İslamın və yaxud xristianlığın hansısa bir məzhəbinə mənsubdursa və yaxud sufidirsə, mövləvidirsə, onun üçün dünyada bundan uca, bundan başqa bir həqiqət yoxdur. Bu həqiqətə bağlılıq ənənə, stereotip halına keçib. Hətta elə olur ki, bir ailədə yeddi nəsil boyu eyni təriqətə xidmət edilir. Belə fərdlər başqa dinin mövcudluğuna bir qədər dözümsüz yanaşır. Çünki onun təəssübünü çəkir. Azərbaycanda isə fərqli durum yaranıb. Azərbaycan insanı bir qədər dinamik düşüncəyə, çevik psixologiyaya sahiblənib. Ölkəmizdə İran, Səudiyyə Ərəbistanı və yaxud Pakistan insanı tipində dindar yoxdur. Mən təəssübkeşlyin də tərəfində deyiləm və nəticə gözəldir. Tolerant bir ölkədə yaşamaq, doğrudan da, gözəl bir nemətdir.
-Müqəddəs Qurani-Kərim özündən əvvəlki müqddəs kitabları təqdis edib və yəhudilərin Musasını, xristianların İsasını İslamın da peyğəmbərləri kimi tanıdıb, təsdiq edib. Sizcə, bu amil ölkəmizdəki dini tolerantlığın formalaşmasına nə dərəcədə təsir edə bilib?
-Qeyd etdiyiniz məqam dini dözümlülüyümüzün biçimlənməsində çox böyük bir təməl rolunu oynayıb. Amma bu qənaətin başqa İslam ölkələrində deyil, niyə məhz Azərbaycanda bu qədər dərindən kök atması çox qəribədir. İslam dininin təməl prinsiplərindən biri nübuvvətdir, yəni yüz iyirimi dörd min peyğəmbərin, eyni zamanda Qurani-Kərimdə adı çəkilən 28 peyğəmbərin hamısının bərhəqq olduğuna inancdır. Müsəlman olmağın önəmli şərtlərindən biri də budur. Amma Azərbaycanda bu qənaətin bu qədər geniş yayılmasının səbəbini anlamaq bir qədər çətindir. Maraqlıdır ki, heç bir müsəlman ölkəsində İsa, Musa, İbrahim, Davud adlarına rast gəlmək mümkün deyil. Halbuki onlar da Allahın peyğəmbərləridir. Lakin Azərbaycanda ata-babadan bu adlar geniş yayılıb. Məsələn, Türkiyədə və yaxud İranda birinin adı Davuddursa, mütləq şəkildə şübhə yaranır ki, yəqin, bu adamın nəslində bir yəhudilik var. Ya da kiminsə adı İsadırsa, hesab edilir ki, xristianların peyğəmbərinə məhəbbətdən bu ad qoyulub. Və yaxud başqa bir məqama diqqət yetirək: biz Azərbaycanda istənilən kilsəyə rahatca gedib gəlirik. Mən Fransada olanda kilsəyə getmişdim. Amma yanımda türkiyəli musiqiçilər də var idi, nə qədər etdimsə, onlar kilsəyə girməkdən imtina etdilər. Onlar sanki murdar bir şey görmüş kimi qorxdular, çəkindilər. Mən almanların Bakıdakı katolik kilsəsi Kapelhusda solo konset verirdim. Azərbaycanlı dostlarım konsertə gəlmişdilər, ancaq dəvət etməyimə baxmayaraq, türk dostlarm konsertə gəlmədilər. Dedilər ki, “Biz kilsəyə ayaq basmarıq!” Dediyim kimi, onların kilsəyə bu cür münasibətlərinin bir səbəbi dini tolerantlığın zəifliyidirsə, başqa bir səbəbi məscidə olan ifrat bağlılıqdan qaynaqlanır.
-Fanatikcəsinə bağlılıq?
-Biz buna fanatiklik deyə bilmərik, haqqımız çatmır. Çünki bu adamlar beş yüz il öncə gəlib dünyanın fəlsəfəsini dəyişdiriblər. Konstantinopolu dəyişdirib adını İstanbul qoyublar. Konstantin Bizans çarının adıdır, “pol” isə şəhər deməkdir. Yəni Konstantinin şəhəri. Bizim türklərə fanatik deməyə haqqımız çatmır. Türklərin fəthindən sonra bu şəhərdə böyük mədəniyyət və dərin elm formalaşıb. Astronomiyadan, fizikadan tutmuş məntiq elminə qədər. Amma şəriət ehkam səviyyəsində çox güclü olduğu üçün sanki bir az ehtiyat edirlər. Hazırda Türkiyənin baş naziri Ərdoğan ölkədə ruhsal okulların, yəni rahib məktəblərinin açılmasına icazə verib. Nəticədə Türkiyənin həm dini, həm də millətçi kəsimləri tərəfindən çox böyük təpgilərə məruz qaldı. Sanki bu adam həmin qərarı verməklə böyük bir günaha batmışdı. Halbuki xristianlar da bu ölkədə yaşayır. Hətta müsəlman türklərdən xeyli əvvəldən. Elə Konstantinopol onların şəhəri olub. Qibləni müsəlmanlar Qüdsdən Məkkəyə çevirdilər, haqlı da etdilər. Amma Konstantinopol onların şəhəri idi. Di gəl, onlar üçün okulların açılmasına tab gətirmirlər. Amma Azərbaycanada belə bir addım atılsa, kimisə narahat etməz.
-Etiraf edərsiniz ki, Azərbaycan xalqı dünyaduyumuna, ətraf mühiti hiss etməyinə görə bir qədər batini qavrayışa malikdir. Sufizm təlimi bizim mədəniyyətin biçimləməsinə güclü şəkildə təsir edib. Digər tərəfdən, dini tolerantlığımızın folklorumuzla sıx bağlılığı var. İstərdim ki, bu istiqamətdə daha geniş şərh verəsiniz...
-Dini tolerantlığımzn yüksək səviyyəyə qalxmasına bir neçə faktor təsir edib. Biri Azərbaycanın yerləşdiyi coğrafi arealdır. Azərbaycan Avrasiya materikinin uc nöqtəsindədir, İpək Yolunun üzərindədir. Ölkəmiz müxtəlif sivilizasiyalaırn qovuşduğu məkandır. İkinci mühüm səbəb ölkəmizdəki etnik mozaikanın zənginliyidir. Əlbəttə, söhbət Şimali Azərbaycandan gedir. Arazın bu tayından. Şah İsmayıl Xətaidən sonra yaranmış Azərbaycan məfkurəsi bu məqamda xüsusi vurğulanmalıdır. Dini tolerantlıq anlayışı XX yüzillikdə yaransa da, Azərbaycan xalqı tarixboyi bütün olaylara və digər xalqlara, o cümlədən başına gələn müsibətlərə də böyük səbirlə yanaşıb. Buna görə də Azərbaycan da heç zaman məzhəb qarşıdurması, dini zəmində savaşlar qeydə alınmayıb. Hazırda Azərbaycanda İslamın sünni və şiə məzhəbləri daha geniş yayılıb. Vaxtilə Nadir şah sünni və şiə məzhəblərini birləşdirmək yolunda cəsarətli addımlar atıb. Söhbət onda deyil ki, onun bu ideyası gerçəkləşmədi. Elə bu ideyanın özünün ortalığa atılması ölkədəki xalqların sosial psixologiyasına, qarşılıqlı münasibətlərinə təsir etməmiş deyildi. Dini tolerantlığın başlıca özəlliyi dini təəssübün olmamasıdır. Roma papası Azərbaycana gəlmişdi, halbuki bizdəki katolikləri barmaqla saymaq olar. Və ölkədəki katoliklər üçün kilsə tikildi. Heç kim də buna əcaib bir addım kimi yanaşmadı.
-Azərbaycan xaqının digər xalqlara və dinlərə münasibətindəki həlimliyin foklorumuzla bağlılığı nə dərəcədədir?
-Bu mənəvi keyfiyyətin folklorla bağlılığı yoxdur, əksinə onun folklora və ədəbiyyata, incəsənətimizə təsiri böyük olub. Yəni Azərbaycan xalqının zatında, mayasında başqa xalqlara, özgə mədəniyyətlərə qarşı dözümlülük kök salıb. Bu keyfiyyət xalqımızın folklorunda da öz əksini tapıb. Məsələn, dastanlarımızdakı “gavurqızı” ifadəsi qətiyyən neqativ mənada işlənməyib. “Əsli və Kərəm” dastanı isə bu baxımdan daha böyük önəm daşıyır. Azərbaycan xalq folklorunun ən böyük həqiqəti budur ki, pak məhəbbət hər cür dini maneəelərdən, dini şərtiliklərdən yuxarıda durur. Sonralar bu ənənə əsasında Hüseyn Cavidin dahiyanə “Şeyx Sənan” faciəsi və “Mənim dinim gözəllikdir, sevgidir” fəlsəfəsi təşəkkül tapdı.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə əsasında. Söhbətləşdi: Fərzuq Seyidbəyli