Prezident İlham Əliyev Soçidə bir sıra görüşlər keçirib
Prezident İlham Əliyev Soçidə bir sıra görüşlər keçirib

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçidə Çex Respublikasının Prezidenti Miloş Zeman ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında münasibətlərin son vaxtlarda inkişafından məmnunluq ifadə olundu. Azərbaycan Respublikası ilə Çex Respublikası arasında siyasi əlaqələrin yaxşılaşmasının müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə də əlverişli şərait yaratdığı bildirildi.
Daha sonra görüşdə kənd təsərrüfatı, ticarət, səhiyyə, əczaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə ətraflı fikir mübadiləsi aparıldı.Daha sonra isə Litvanın Baş naziri Alqirdas Butkeviçius ilə görüşmüşdür.Görüşdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafından məmnunluq ifadə edildi, bu əlaqələrin yaxşı perspektivlərinin olduğu bildirildi. Ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Soçidə Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğu bildirildi, əlaqələrin dinamik inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin gücləndirilməsinin əhəmiyyəti vurğulandı.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin, xüsusilə ticarət, sərmayə qoyuluşu, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.