Dünyanın 200-dən çox yazıçısı Putindən nə istədi?
Onların arasında planetin ən tanınmış imzaları da var

Soçi Olimpiadası ərəfəsində dünyanın 200-dən çox yazıçısı Rusiya hökumətinə açıq məktubla müraciət edib.
Britaniyanın "The Guardian" qəzeti xəbər verir ki, "Rusiyada ifadə azadlığının boğulmasına qarşı" yönələn açıq məktuba imza atanlar arasında Salman Rüşdi, Orxan Pamuk, Elfriede Jelinek, Julian Barnes, Günter Qrass, Conatan Franzen, Costein Gaarder kimi məşhur yazarlar da var.
Onlar həm "anti-gey qanunu"nun, həm "təhqirə qarşı qanun"un, həm də "böhtana görə cinayət təqibini mümkün edən" qanunun Rusiyada ifadə azadlığına zərbə olduğunu vurğulayırlar.
Rusiya hökuməti bu yaxınlarda qəbul edilmiş "homoseksuallığın təbliğini qadağan edən" qanunun heç də geylərə qarşı yönəlmədiyini, sadəcə, uşaqları qeyri-ənənəvi əlaqələr barədə təbliğatdan qorumağa xidmət etdiyini bildirir.
Hökumət gey atletlərin də rahat şəkildə Soçiyə ?gələ biləcəyini, amma hansısa paradlar, yaxud başqa ictimai tədbirlər keçirmələrinin mümkün olmayacağını bildirir.
Açıq məktubun təşəbbüskarı olan Beynəlxalq Pen təşkilatı isə 2012-ci ildə Putinin prezidentliyə qayıtmasından sonra Rusiyada ifadə azadlığının məhdudlaşdırılması yönündə sərt addımların atıldığını deyir. Salman Rüşdi "The Guardian"a açıqlamasında deyib ki, onun açıq məktubu imzalamaqla qoşulduğu kampaniya demokratik dəyərlərə dəstək baxımından üçün çox mühümdür.
Yazıçı Neil Gaiman isə qeyd edib ki, insanın fikirlərinə görə həbsə atılması düzgün deyil. Yəni əgər kiminsə sözü xətrinə dəyibsə, buna sözlə cavab verə bilərsən. "Mən ümid edirəm ki, cənab Putin bu məktubu oxuyacaq və seçilən istiqamət dəyişdiriləcək" - deyə yazıçı qeyd edib.
Məktubu imzalayan rus yazıçısı Lüdmila Ulitskaya isə bildirib ki, Rusiya hökuməti mədəniyyət sahəsini ideologiyaya uyğunlaşdırmağa çalışır, bu da sovet dövrünün təbliğatını xatırladır. "Bir çox Rusiya vətəndaşı kimi mən də ifadə azadlığına qoyulan məhdudiyyətlərin artmasından çox narahatam" - deyən yazıçı dalbadal qəbul edilən yeni qanunların, bundan başqa bürokratiyanın Rusiyada insanların həyatının bir çox sahələrinə ciddi təsir etdiyini vurğulayır.