Ukraynada nə baş verir?
Ukraynada nə baş verir?

Hakim partiiyadan sensasion xəbərdarlıq: "Ölkədə "qəddar qoçaqlar" dövrü qayıdır"

Ukrayna Regionlar Partiyası Baş Prokurorluqdan müxalifət liderlərinin hərəkətlərinə hüquqi qiymət verməyi tələb edir. Bu ölkə mətbuatının verdiyi məlumata görə, partiyanın mətbuat xidmətinin bugünkü bəyanatında müxalifətin "hərbiləşdirilmiş qruplaşmalar" yaratmasından narahatlıq ifadə olunur.
Regionlar Partiyasında hesab edirlər ki, Ukraynada vəziyyət hazırda daha çox Liviya hadisələrini xatırladır. "Demokratiyanın qələbəsindən sonra orada özünə hörmət edən hər diktatura əleyhinə mübariz sadiq silahlı tərəfdarlardan ibarət dəstə yaratmağı zəruri hesab edirdi. Ukrayna müxalifət rəhbərlərinin cəhdləri sayəsində "qəddar qoçaqlar" dövrü qayıdır",- bəyanatda bildirilir.
Regionlar Partiyası silahlı qruplaşmaların yaradılmasının Ukrayna Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə məsuliyyəti daşıdığını xatırladır. Bəyanatda beynəlxalq ictimaiyyət tərəfindən də müxalifətin hərəkətlərinə reaksiya veriləcəyinə ümid ifadə olunur. "Amerika, Avropa və Avstraliyada qanun pozuntuları heç vaxt siyasi motivlərlə əlaqələndirilmir. Anarxiyaya tam icazə orada demokratiya hesab edilmir və milli təhlükəsizliyi təhdid edir. Hər bir Ukrayna vətəndaşı hadisələrə obyektiv qiymətini verə bilər. Avropanın heç bir qətnaməsi və ya müxalifət KİV-nin biclikləri hər şeyin öz adı adlandırılmasına maneə olmayacaq", - Regionlar Partiyasının bəyanatında deyilir.
Bu arada məlum olub ki, Ukraynanın müxalif UDAR Partiyasının lideri Vitali Kliçko və parlamentin "Batkivşina" fraksiyasının lideri Arseniy Yasenyukun Konstitusiya düzəlişləri haqqında qanun layihəsi ilə bağlı mövqeləri üst-üstə düşmür. Bu barədə Ukraynanın "unian.net" saytı yazıb.
Əsas fikir müxtəlifliyi isə Konstitusiyanın IV-XII bölmələrinə aiddir. Bu bölmələrdə dövlət hakimiyyəti orqanlarının arasında səlahiyyətlərin yenidən bölüşdürülməsi əksini tapıb. Xatırladaq, ötən həftənin cümə axşamı Ali Radada Konstitusiya dəyişikliyi üzrə qeyri-formal işçi qrupu yaradılıb. Müxalifət 2004-cü il Konstitusiyasının qəbulu üçün təkid edir. Belə ki, həmin Konstitusiyada parlamentin və hökumətin xeyrinə prezidentin səlahiyyətləri əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
"Batkivşina" fraksiyasının təkliflərində Ali Radanın səlahiyyətlərinin əhəmiyyətli dərəcədə genişləndirilməsi əksini tapıb. Təklifə görə, Ali Radada 225 + 1 formatında parlament koalisiyası formalaşdırılır. UDAR parlament fraksiyasının təkliflərində isə parlament koalisiyası ilə bağlı qeyd yoxdur. Kliçkonun rəhbərlik etdiyi fraksiya qanun layihələrinin verilməsinin prosedurunun dəyişdirilməsini təklif edir. "Ali Radada qanunvericilik təşəbbüs hüququ prezident, 15-dən az olmayan deputat qrupuna və Nazirlər Kabinetinə məxussdur", - UDAR-ın təklifində deylir. Hazırkı Konstitusiyada isə bu məsələdə hər hansı bir məhdudiyyət yoxdur.
Müxalifətin irəli sürdüyü təkliflərin əhəmiyyətli hissəsi Konstitusiyanın "Ukrayna prezidenti" adlanan V bölməsinə aiddir. Hazırkı Konstitusiyaya görə, prezidentliyə namizədin seçki gününə kimi ən azı 10 il ölkədə yaşaması məcburidir. UDAR bu müddəanı götürməyi təklif edir. Partiya yaşı 35 olan, seçki hüququna malik olan və seçki gününə kimi 10 il Ukrayna vətəndaşı olan şəxsə prezidentliyə namizəd olmaq hüququnun verilməsini təklif edir. V.Kliçkonun silahdaşları isə bu müddəanın xüsusi olaraq onların lideri üçün təklif edildiyi fikrini inkar edirlər. Bildirilir ki, Almaniyada yaşamaq üçün sənədi olduğuna görə, Kliçko prezident seçkilərindən kənarda qala bilər.
Müxalifət həmçinin prezidentin impiçmenti prosedurunun da əhəmiyyətli dərəcədə sadələşdirilməsini təklif edirlər. Təkliflərə əsasən, dövlət başçısının istefası təşəbbüsünü 150 ("Batkivşina") və ya 226 deputat verə bilərlər. Bundan sonra isə parlamentdə müvəqqəti xüsusi komissiya yaradılmalıdır. İmpiçment haqqında qərar Konstitusiya Məhkəməsinin (UDAR-ın təklifii) və ya müvəqqəti xüsusi komissiyanın ("Batkivşina"nın təklifi) olduğu halda 300 deputat tərəfindən qəbul edilır.
UDAR və "Batkivşina"nin hər ikisi təklif edir ki, bir şəxs dövlət başçısı postunu iki dəfədən çox tutmamalıdır. Qüvvədə olan Konstitusiyada da bir şəxsin iki dəfədən daha çox Ukrayna prezidenti seçilməməsi nəzərdə tutulur.
"Batkivşina" fraksiyasında isə Konstitusiyaya düzəlişləri üzrə fikir ayrılıqlarını əhəmiyyətsiz hesab edirlər. UDAR-da isə onların təkliflərinin "Batkivşina" tərəfindən rədd ediləcəyindən ehtiyat edirlər. "Əgər bu olacaqsa, o halda təkliflərimizi şəkildə müdafiə edəcəyik", - Vitali Kliçkonun silahdaşlarından biri söyləyib. Konstitusiyanın dəyişikliyi ilə bağlı qanun layihəsinə təkliflər üzərində iş bu gün və sabah davam edəcək. Çərşənbə günü isə bütün fraksiyalar tərəfindən qəbul olunan sənəd muxtariyyət məsələləri üzrə parlament komitəsinə göndəriləcək.

Kənan Rzaquliyev