"Dini-milli tolerantlıq türk xalqlarının tarixən qazandığı sərvətdir"
"Dini-milli tolerantlıq türk xalqlarının tarixən qazandığı sərvətdir"

Aydın Mirzəzadə: "Azərbaycanın tolerant dövlət olması beynəlxalq aləmdə müəyyən dairələrə sərf etmir"

Azərbaycandakı dini-milli tolerantlıq mühiti Qərbdəki bir sıra qurumları ciddi şəkildə narahat etməyə başlayıb və onlar sistematik şəkildə Qərb və dünya mediasında ölkəmizlə bağlı qara piar kampaniyası aparırlar. Qərbin enerji təhlükəsizliyində önəmli rol oynamağa başlamış Azərbaycana qarşı bu cür qərəzli yanaşmanın kökündə nələr durur? Bununla və o cümlədən ölkədəki dini-milli tolerantlıqla bağlı suallarımızı millət vəkili Aydın Mirzəzadə cavablandırır.
-Aydın müəllim, ölkədəki dini və milli tolerantlığın ümumi səviyyəsi Sizdə hansı təəssürat doğurur?
-Azərbaycan hüquqi və demokratik bir dövlətdir. Ümummilli lider, mərhum prezident Heydr Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda vətəndaşlarımıza dininə, milliyyətinə, irqinə və cinsinə görə hər hansı bir fərqin qoyulması qəti surətdə qadağan olunub. Və qeyd edim ki, konstitusiyamızın bu bəndi həyatımızın bir reallığıdır. Azərbaycanda bu gün dini əlamətlər üzrə vətəndaşların fərqləndirilməsi praktikası qeydə alınmır. Hazırda ölkəmizdə bir neçə dildə orta və ali məktəblər fəaliyyət göstərir. Ölkəmizdə dünyanın bütün səmavi dinlərini təmsil edən məbədlər mövcuddur. Hətta ölkədə xristianlığın cəmi yüz əlliyə yaxın katolik məzhəbindən ardıcılı olmasına baxmayaraq, prezident Heydər Əliyevin dövründə Bakıda İslam dünyasında ilk dəfə olaraq katolik kilsəsi inşa edildi. Ölkədəki bütün dinlərin ardıcılları öz dini bayramlarını açıq və təntənəli şəkildə qeyd edirlər. Dövlət başçısı bunu həmişə diqqətdə saxlayaraq onların bayramlarını təbrik edir. Bir sözlə, ölkədə bütün dinlərin inkişafı və praktik fəaliyyəti, bütün xalqların öz adət və ənənələrinə uyğun şəkildə yaşaması üçün bütün şərait yaradılmışdır. Qeyd edim ki, Azərbaycandakı bu reallığı eyni zamanda ölkəmizdə yaşayan xarici səfirlər və xarici ölkələrin müvafiq dövlət strukturları da vaxtaşırı öz hesabatlarında xüsusilə vurğulayırlar.
-Həqiqətən də, Azərbaycan dini və milli tolerantlıq zəminində bir çox ölkələrdən fərqli səviyyə nümayiş etdirir. Müsahiblərimizdən bəziləri bu tolerantlığın səbəblərini coğrafi şəraitlə, bir başqaları tarixi-mədəni amillərlə, digərləri xalqımızın qədimliyi ilə və bəziləri İslam dinindəki müddəalarla əlaqələndirirlər. Siz necə hesab edirsiniz, bu keyfiyyət nələrdən qaynaqlanır?
-Sadaladığınız amillərin hamısının bu keyfiyyətə şübhəsiz təsiri var. Amma eyni zamanda bu amillərin içində Azərbaycan xalqının türk etnosuna məxsus olması həlledici rol oynayır. Türk xalqlarının yaşadıqları bütün ərazilərdə və malik olduqları bütün dövlətlərdə tarixən digər xalqların və dinlərin mövcudluğu və çiçəklənməsi, onların sıxışdırlmaması, əksinə, qayğıya məruz qalmaları mübahisəzi faktlardır. Azərbaycanda tarixən mövcud olmuş dövlətlərin hamısında və o cümlədən Osmanlı İmperiyasında bərqərar olmuş reallıqlar və bu gün altı türk dövlətindəki milli və dini tolerantlıq baxımından müşahidə etdiyimiz mənzərə bunu bir daha təsdiq edir. Mən deputatlıq fəaliyyətimlə bağlı türk dövlətlərinin, demək olar ki, hamısında olmuş və onların hər birində qeyd etdiyim gerçəkliyin şahidi olmuşam. Hesab edirəm ki, bu özəllik türk xalqlarının tarixən qazandığı sərvətdir. Azərbaycanlılar isə türk xalqlarının əsas qollarından biri kimi bu mühüm dəyəri özündə yaşada və daha da inkişaf etdirə bilmişdir. Amma bu keyfiyyət Azərbaycan xalqının heç də öz dinindən, milli-mədəni dəyərlərindən imtina etməsi hesabına qazanılmayıb. Digər xalqların dinlərinə, adət və ənənələrinə böyük sayğı ilə yanaşan Azərbaycan xalqı özünə məxsus olan anoloji dəyərləri də həmişə qoruyub saxlamağa çalışıb.
-Sizcə, ölkədəki dini və milli tolerantlığı daha yüksək səviyyəyə qaldırmaq üçün dövlət, vətəndaş cəmiyyəti qurumları, ziyalılar və media mənsubları tərəfindən daha hansı işlər görülməlidir?
-Hesab edirəm ki, bu istiqamətdə mümkün olan nə varsa, bu gün hamısı edilir. Yəni dünyada demokratik ölkə təcrübəsində dini, irqi, milli tolerantlığı tətbiq etmək üçün hansı normalar, reallıqlar varsa, bunların hamısı Azərbaycanda əməli ifadəsini tapa bilib. Bu səviyyəni qoruyub saxlamaq və bu dəyərimizi eyni zamanda xaricdə lazımi şəkildə nümayiş etdirmək kifayət edir.
-Son zamanlar Avropa qurumları ölkəmizdəki talışlarla ləzgilərin "problemlərinə" diqqət ayırmaq və bunları gündəmə çıxartmaq cəhdləri nümayiş etdirir. Avropa qurumları həmişə olduğu kimi Azərbaycanda qaşınmayan yerdən qan çıxartmağı və bu çıxmayan qan barədə dünyaya car çəkməyi, maraqları, mənafeyi baxımından istifadə etməyi xoşlayır.Avropa bizdən nə istəyir?Təəssüf doğuran budur ki, Qərb dövlətləri bizimlə həddindən artıq "rusca" danışmağa başlayıb...
-Təəssüf ki, Qərbin bəzi demokratik qurumları Azərbaycanda yaşayan milli və dini azlıqlarla bağlı məsələlərin müzakirəsini olduqca qeyri-obyektiv şəkildə keçirtməyə çalışır. Məsələnin demokratik müzakirəsini təşkil etmək və bu müzakirələrdə həmin xalqların nümayəndələrinin iştirakını təmin etməklə obyektiv, mühitin yaradılmasını Azərbaycan dövləti normal hal hesab edir. Amma yalnız özlərinə sərf edən şəxsləri, onlara yaxın olan baxışların tərəfdarlarını bu müzakirələrə dəvət edib sonda ölkəmizlə bağlı yanlış qərarların qəbulu Azərbaycana qarşı xüsusi niyyətin olduğundan xəbər verir. Görünür, Azərbaycanın tolerant dövlət olması beynəlxalq aləmdə müəyyən dairələrə sərf etmir. Azərbaycanı ittiham etməyə, Azərbaycanı hansısa beynəlxalq proseslərdən kənarlaşdırmağa cəhd göstərirlər. Onlar olmayan bir məsələni Azərbaycanın adına yazmaq üçün belə qaraniyyətli tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verirlər. Amma qeyd edim ki, bu cür tendensiyalı tədbirlər xaricin özündə də elə bir əks-səda doğurmur və mətbuatda gedən qısa bir məlumatdan sonra tamamilə unudulur.
-Sizə elə gəlmir ki, xariclə bağlı olan bəzi dini təriqətlər ölkədəki dini tolerantlıq mühitindən və qüvvədə olan dini azadlıq haqqında qanunun mötədilliyindən sui-istifadə etməyə can atır və ölkədə zaman-zaman kriminal tərkibli problemlər yaradır? Bəlkə, bu yöndə bir qədər sərtliyə ehtiyac var?
-Mənə elə gəlir ki, qanunların elə bu formada saxlanması və icrası kifayət edir. Qəbul etdiyimiz qanunlar həm Avropa və dünya təcrübəsinə, həm də Azərbaycan reallıqlarına uyğun olaraq hazırlanıb. Bu qanunlar vətəndaşların özəl hüquqlarını pozmadan dini etiqad azadlığını və eyni zamanda bu azadlıqların digər vətəndaşların maraq və mənafelərinə ziyan vurmadan bərqərar olmasını təsbit edə bilib. Bu baxımdan Azərbaycanda görülən işlər ancaq və ancaq həmin qanunların tətbiqi ilə bağlıdır. Və qeyd edim ki, daha sərt variantlara heç bir ehtiyac yoxdur. Azərbaycanda fəaliyyət göstərən dini qrupların mütləq əksəriyyəti Azərbaycan qanunlarına diqqətlə riayət edirlər. Qanuna riayət etməyənlər isə bir qayda olaraq əsas dinlərdən - İslamdan, xristianlıqdan və iudaizmdən kənarda qalan, dini xarakteristikaya cavab verməyən qruplardır. Onlar isə qanunu pozduqda qanunların sərtliyi ilə üzləşməli olur.
-Sizə elə gəlmir ki, ölkədə bütün dinlərlə bağlı olaraq dini maariflənmənin artmasına KİV-də və xüsusən də telekanallarda daha çox fikir verilməlidir?
-Tarixən bütün dövlətlərdə dini maariflənmə dövlətin başlıca qayğılarından biri olub. Amma bunu da unutmayaq ki, din məcburən qəbul etdirilə bilməz. Həm də dini inancı olan insanlara qarşı inzibati tədbirlər görülə də bilməz. Din bir vicdan məsələsidir və hər kəs dinə münasibətini özü müəyyənləşdirir. Mən hesab edirəm ki, Azərbaycanda dini fəaliyyətin tənzimlənməsi ilə bağlı qəbul edilən qanunlar dinlərin azad şəkildə mövcudluğuna, eyni zamanda vətəndaş-din münasibətlərinin düzgün qurulmasına xidmət edir. Bu gün Azərbaycan vətəndaşı sərbəst şəkildə mətbuatdan dinlə və onu maraqlandıran məsələlərlə bağlı istədiyi məlumatı ala bilir.