“Zəlzələni proqnozlaşdırmaq üçün  hansısa bir meyar müəyyən edilməyib”
“Zəlzələni proqnozlaşdırmaq üçün
hansısa bir meyar müəyyən edilməyib”

Tahir Məmmədli: “Biz Azərbaycan seysmoloqları dünyanın bütün seysmoloqları ilə əlaqəli şəkildə fəaliyyət göstəririk”

Ölkədə baş vermiş son zəlzələ və ümumən ölkədəki seysmik durumla bağlı suallarımızı AMEA Seysmik Xidmət Mərkəzinin Seysmologiya Şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru Tahir Məmmədli cavablandırır.

-Tahir müəllim, istərdik ki, əvvəlcə oxucularımıza ölkədəki seysmik durumla bağlı ətraflı məlumat verəsiniz...
-Ölkənin seysmik vəziyyəti deyəndə... Azərbaycanda zəlzələlər həmişə baş verib, indi də baş verməkdədir. Dünyanın istənilən nöqtəsində güclü zəlzələlər, adətən, arabir qeydə alınır. Amma zəif, yəni ziyansız zəlzələlər, demək olar ki, hər gün və yaxud iki gündən bir olur. Azərbaycanda seysmik müşahidə şəbəkəsi çox yüksək səviyyəli Amerika cihazları ilə təchiz edilib. Bu cihazlar yüksək həssaslığa malikdir. Bu cihazlar rəqəmsal avadanlıqlardır. Ona görə də ölkədə baş verən ən zəif zəlzələləri də qeydə aldığına görə ölkə ərazisində baş verən titrəşmələrin hamısı daim nəzarətimiz altındadır. Güclü zəlzələlər təkcə Azərbaycanda deyil, dünyanın hər yerində nadir hallarda baş verir. Ölkədə ümumi seysmik durum bu cürdür. İki gün əvvəl güclü zəlzələ baş verdi. Bu da seysmik baxımdan aktiv ərazilərə xas olan bir hadisə idi.
-Azərbaycanda seysmik baxımdan ən aktiv zonalar hansılardır?
-Ölkəmizdə seysmik cəhətdən ən aktiv bölgələr Şamaxı-İsmayıllı-Gəncə, Zaqatala-Balakən, Lerik-Yardımlı zonalarıdır. Xüsusi olaraq qeyd etməliyəm ki, ən aktiv bölgələrimizdən biri də Xəzər dənizidir. Bakı və Abşeron yarımadası üçün ən təhlükəli zona Xəzərdəki ocaqlarda baş verən zəlzələlər ola bilər. Bu ocaqlardakı aktivlik Bakı üçün ən yüksək təhlükə yaratmaq gücündədir.
-Deməli, aran və qərb bölgələrimiz nisbətən passiv zonalar sayılır?
-Bayaq adını çəkdiyim Gəncə qərb zonasına daxildir. Qarabağ ərazisində tarixən zəlzələlər çox az hallarda qeydə alınıb. Bu da yerin quruluşu ilə əlaqədardır. Yerin dərinlik quruluşu ilə əlaqədar olaraq Böyük Qafqazın cənub yamacı, Kiçik Qafqazın şimal hissəsi və Xəzər dənizi ən yüksək seysmik aktivliyi ilə səciyyələnir.
-Bakıda və Abşeron yarımadasında axırıncı güclü zəlzələ 2000-ci ilin sonunda qeydə alınıb. Amma mənbələrin yazdığına görə, Şamaxıda XIX əsrdə olduqca dağıdıcı zəlzələ baş verib. Ümumiyyətlə, zəlzələlərin baş verməsində müəyyən bir periodiklik hiss olunurmu? Bu baxımdan Sizin müşahidələriniz nə deyir?
-Mənim yox, ümumiyyətlə, dünya üzrə seysmoloqların araşdırmaları göstərir ki, zəlzələlərin baş vermə qrafikində heç bir periodiklik müşahidə olunmur. Ümumi şəkildə desək, zəlzələlər zaman üzrə xaotik qaydada baş verir, burada heç bir qanunauyğunluq yoxdur. Amma elə zonalar var ki, orada güclü zəlzələlər daha çox baş verir, eləsi var, daha az olur. Yəni bu proseslər həmin yerlərin dərinlik quruluşu ilə və orada gedən proseslərlə birbaşa əlaqəlidir. Yerin dərinliyi çox mürəkkəb geoloji quruluşa malikdir. Oradakı proseslər müxtəlif istiqamətli dərinlik qırılmalarının kəsişməsi ilə səciyyələnir və orada deformasiya prosesləri daha aktivdir. Ona görə də həmin səviyyədə dəfələrlə güclü zəlzələlər olub. Şamaxıda axırıncı dəfə 1902-ci ildə güclü zəlzələ baş verib. Ondan sonra 6-7 ballıq zəlzələlər çox olub. Məsələn, mən 1972-ci ildə orta məktəbdə oxuyarkən Şamaxıda zəlzələ baş verərkən evdən çıxıb qaçmışdım. Bu hadisə yaxşı yadımdadır. İki gün əvvəl olan zəlzələ həmin zəlzələnin yanında çox zəif idi. Son zəlzələnin dərinliyi çox olduğuna görə yerüzündə o qədər də güclü şəkildə hiss edilmədi. Amma Şamaxıdakı zəlzələlərin ocaqları dünənki zəlzələ ocaqlarından fərqli olaraq nisbətən səthə yaxın – 8-10 km dərinlikdə yerləşir. Ona görə də bu zəlzələlər yer səthində güclü hiss olunur. Hacıqabuldakı kimi dərin zəlzələlər (buradakı zəlzələ 55 km dərinlikdə baş vermişdi) yer səthinə gəlib çatana qədər seysmik effekt nisbətən azalır və çox da güclü hiss edilmir.
-Son zəlzələ barədə Amerika alimlərinin proqnozları ilə bizim mütəxəssislərin bu barədəki dəyərləndirmələri niyə bir-birinə zidd çıxmışdı?
-Bu başdan xüsusi qeyd edim ki, dünyanın heç bir yerində zəlzələnin proqnozlaşdırılması problemi hələ də həll edilməyib. Bütün saytlar, telekanallar yayırlar ki, Amerika alimləri Azərbaycanda zəlzələ olacağı barədə proqnoz veriblər. Mən nəzərinizə çatdırıram ki, bu informasiyanın hansı mənbədən götürüldüyünü heç kim qeyd etmir. Bilmirəm, bu məlumatı kim və nə məqsədlə yayıb. Amerika alimləri bunu deyiblərsə, birinci biz bilməliydik ki, hansı elmi tədqiqatların nəticəsində belə bir proqnoz verilib. Onlar hətta bunu desəydilər belə, elmi əsasları olmalıydı. Bir daha qeyd edirəm: dünyada zəlzələnin proqnozlaşdırılması hələ də problem olaraq qalır. Düşünmürəm ki, Amerikadakı və yaxud dünyanın başqa ölkəsindəki alim Azərbaycanda zəlzələ olacağı barədə proqnoz versin. Biz Azərbaycan seysmoloqları dünyanın bütün seysmoloqları ilə əlaqəli şəkildə fəaliyyət göstəririk. Onlarla işgüzar əlaqələrimiz çox sıxdır və hələ indiyə qədər eşitməmişik ki, hansısa Amerika alimi belə bir proqnoz verib. Xüsusi olaraq qeyd edirəm: dünyada zəlzələ barədə proqnoz verənlər seysmologiya ilə əlaqəsi olmayan alimlərdir. Seysmoloq alimlər bu işin içində olduqlarından bilirlər ki, proqnoz məsələsi çox çətin yox, mümkünsüz bir işdir.
-Son zəlzələdən sonra ölkədə ümumi seysmik aktivlikdə nələr müşahidə edilir?
-Hələlik təhlükədən xəbər verə biləcək heç nə müşahidə olunmur. Bu barədə nəsə proqnoz vermək də mümkün deyil. Ona görə də sabah və yaxud yaxın gələcəkdə ölkədə nəsə baş verəcəyi barədə proqnozlar vermək üçün elmi əsasımız yoxdur. Buna görə də heç nə deyə bilmərik. Gündəlik olaraq yerin təkində baş verən titrəşimlərin hamısını qeydə alırıq. Hələ ki heç bir anomal dəyişikliklər hiss olunmur.
-Geoloji baxımdan Azərbaycan hansı plitənin üzərində yerləşir? Bu plitənin digər plitələrlə təmaslarını qeydə almaq mümkündürmü?
-Planetdəki materiklər birləşib plitələr təşkil edir. Məsələn, Afrika və yaxud Avrasiya plitələri var. Azərbaycan, o cümlədən bütün Qafqaz və İran, Türkiyənin müəyyən hissəsi Avrasiya plitəsində qərarlaşıb. Cənubdan şimala doğru ildə, təxminən, 1,5-2 sm sürətlə irəliləyən Ərəbistan yarımadası plitəsi Avrasiya tektonik plitəsi ilə təmas zonasında toqquşub deformasiyaya uğrayır və bunun da nəticəsində Azərbaycanda və o cümlədən Qafqazda güclü və yaxud zəif zəlzələlər baş verir. Biz bu iki plitənin kollizə, yəni bir-birini itələmə zonasında yerləşirik.
-Deməli, bizim elm hələlik bu prosesləri əvvəlcədən proqnozlaşdırmaq gücündə deyil?
-Heç bir elm bu səviyyəyə çata bilməyib. Amma biz müşahidələrimizi davam etdirirk. Məsələn, plitələrin sürətini ölçürük ki, ildə neçə millimetr hərəkət edir. İldə nə qədər zəlzələnin baş verməsi və yerin hansı qatında baş verməsi, zəlzələ zamanı hansı proseslərin getməsi və s.-in hamısını öyrənirik. Amma zəlzələni proqnozlaşdırmaq üçün hansısa bir meyar müəyyən edilməyib. Otuz-qırx il əvvəl bu yöndə geniş tədqiqatlar aparılıb. Bəziləri deyirdilər ki, zəlzələdən əvvəl Yer kürəsinin maqnit sahəsində anomal dəyişimlər qeydə alınıbsa, deməli, bu hadisədən sonra zəlzələ olacaq. Sonrakı tədqiqatlar göstərdi ki, bu halların birbaşa əlaqəsi yoxdur. Yəni ola bilər ki, maqnit anomaliyası qeydə alınsın, amma zəlzələ baş verməsin. Və yaxud əksinə. Bu cür yüzlərlə meyarlar axtarılıb. Amma bu mülahizələrin heç biri özünü doğrultmayıb. Ona görə də bu gün zəlzələlərin proqnozlaşdırılması problemi hələ də öz həllini tapa bilməyib.
-Bu gün sizin Seysmik Xidmətin müasir avadanlıqlarla təchizat səviyyəsi nə yerdədir?
-Bizim seysmik stansiyada olan cihazlar nəinki keçmiş SSRİ, həm də ətraf regionda ən yüksək səviyyədə təchiz edilmiş xidmətdir. Bunu təkcə mən demirəm, dünyanın bütün mütəxəssisləri deyirlər. Bizim stansiyalarda Amerikanın “Kinemetik” şirkətinin ən müasir rəqəmsal cihazları qurlub. Ölkədə otuz beş seysmik stansiya fəaliyyət göstərir. Üçünün də avadanlıqları alınıb gətirilib və Xəzər dənizində də quraşdırılacaq. Bu cihazlar peyk rabitəsi vasitəsilə işləyir. Yəni bölgələrdə quraşdırlmış stansiyalarda qeydə alınan məlumatlar peyk vasitəsilə mərkəzə ötürülür və burada hesablanır.

Söhbətləşdi:
Fərzuq Seyidbəyli