Ollandın Amerikaya qəfil səfərinin səbəbləri
Ollandın Amerikaya qəfil səfərinin səbəbləri

Obama hansı məsələlərdə Fransa prezidentinin dəstəyini almağa çalışır?

Fransa prezidenti Fransua Olland fevralın 10-da ABŞ-a rəsmi dövlət səfəri edib. Bu Fransa prezidentinin son 20 ildə Vaşinqtona etdiyi ilk səfərdir.
Rəsmi məlumatlara əsasən, səfərin əsas məqsədi iqtisadi münasibətlərin inkişaf etdirilməsidir. Hər iki ölkə prezidentinin danışıqlarında əsas mövzu məhz iqtisadi münasibətlər olub. İkitərəfli münasibətlərlə yanaşı ölkə rəhbərləri ABŞ və Avropa Birliyi arasında azad ticarət haqqında müqaviləni və Suriya problemini müzakirə ediblər.
Təbii ki, Fransua Ollandın Amerikaya gözlənilməz səfəri heç də Vaşinqtonla Paris arasında olan cari məsələlərin müzakirəsi məqsədilə həyata keçirilməyib. Fransanın birdən-birə Amerika üçün belə əhəmiyyətli dövlətə çevrilməsinin səbəbləri var. İki ölkə arasındakı ani yaxınlıq hətta bir çox xarici mətbu orqanların nümayəndələrində çaşqınlıq yaradıb və onlar belə bir ehtimal irəli sürməyə başlayıblar ki, Amerikanın Avropadakı əsas tərəfdaşı artıq Böyük Britaniya deyil, Fransadır. Bu barədə hətta ABŞ prezidenti Barak Obamaya keçirilən mətbuat konfransı zamanı sual da ünvanlandı. Barak Obama isə suala cavab olaraq iki qızının olduğunu, onların heç birini bir-birindən seçmədiyini və hər ikisini də sevdiyini bildirmiş, ardınca isə Avropadakı bütün tərəfdaşlarına eyni münasibət bəslədiyini söyləyib.
Fransanın Amerikaya üçün əhəmiyyətinin artması isə Yaxın Şərqdəki vəziyyət və Ollandın regiondakı məsələlərə gözləniləndən daha artıq müdaxilə etməsi ilə bağlıdır. Belə ki, Amerikanın keçən ilin sonlarından etibarən Suriyaya, ardınca isə İrana qarşı yumşalması və hər iki problemin həllində güc tətbiq edilməsinə deyil, danışıqlar yoluna üstünlük verməsi maraqlı tərəflərin təəccübünə səbəb oldu desək, yanılmarıq. Təbii ki, regionda şiələr üzərində üstünlük əldə etmək istəyən sünni ərəb dövlətləri - əsasən isə Səudiyyə Ərəbistanı bununla razılaşa bilməzdi.
Məhz belə bir məqamda, Fransa ərəblərə silah satmağa razı oldu. Hətta 2013-cü ilin sonunda Olland Səudiyyə Ərəbistanına səfər edərək orta hesabla 4 milyard dollarlıq silah satışı barədə müqaviləyə də imza atdı. Həmin silahların Suriyada Əsəd rejiminə qarşı mübarizə aparan müxalifətçilərə göndərilməyəcəyinə heç kim təminat verə bilməz. Olland Ərəbistan səfərindən sonra Türkiyəyə yollandı və baş nazir Ərdoğanla yanaşı, müxalif CHP-nin lideri Kemal Kılıçdaroğlu ilə də görüşdü. Bu görüşlər Fransanın regionda uzunmüddətli planlar həyata keçirmək niyyətindən xəbər verirdi.
Amerikanın müvəqqəti olaraq regionda gərginliyin azaltmaq istəməsinin bir sıra səbəbləri ola bilər. Lakin Fransanın proseslərə müdaxilə etməsi Vaşinqtonun planlarını poza bilər və amerikalıların regiondakı təsirini azalda bilər. Məhz bu səbəbdən Obama Ollandla məsələləri razılaşdırmaq məcburiyyətində qalıb.
Amerika üçün bu mənada ən təhlükəli məqam ondan ibarətdir ki, Fransa Türkiyə ilə Yaxın Şərqdə iş birliyi qursun. Onsuz da Vaşinqton Ankaranın müstəqil siyasət yürütməsi və regionda liderliyi ələ alması niyyətlərindən narahatdır. Vaşinqtondan artıq əvvəlki dəstəyi ala bilməyən Ərdoğan hökuməti Fransa ilə separat iş birliyinə qoşula bilər. Məsələn, İranla münasibətlər normallaşdırıla bilər və bundan həm Fransa həm də Türkiyə böyük iqtisadi və siyasi səmərə əldə edə bilərlər.
Artıq Türkiyə ərazisindən İran qazını Avropaya çıxaracaq boru kəmərinin çəkilişi barədə razılıq əldə olunub. Prezident Barak Obama isə, Ollandla görüşündə fransalı iş adamlarının İrana səfərlərindən narahat olduğunu bildirib. Bütün bu məqamlar onu göstərir ki, region ölkələri nəhayət ki, Amerikanın təsirindən çıxmağa can atırlar.
Fransanın dəstəyi isə bu prosesi sürətləndirə bilər. Təbii ki, Vaşinqton i hər vəchlə buna mane olmacaq.
Prezident Barak Obamanın fransalı həmkarı Ollanda görüş zamanı yeni gəlirli iqtisadi əməkdaşlıq imkanları təklif etməsi güman ki, Parisi iqtisadi səmərə bəhanəsi ilə Yaxın Şərq oyununa müdaxilə etməkdən çəkindirmək istəyi ilə bağlıdır.
Fransa tarixən dəyişkən və proqnozlaşdırılmayan xarici siyasi mövqeyti ilə seçilmiş dövlətdir və Amerika üçün hazırki məqamda Parisi özünə yaxın saxlaması çox vacibdir. Unutmaq olmaz ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və veto hüququna malikdir. Suriya ilə bağlı hazırlanan BMT qətnaməsinə Fransanın dəstək verməsi xüsusi əhəmiyyət daşıyır. Məlumdur ki, Suriyaya humanitar yardımın daşınmasını və buna maneçilik törədəcək qüvvələrə qarşı sərt tədbirlərin görülməsini nəzərdə tutan qətnamənin qəbuluna Rusiya etiraz edib. Fransanın da, Vaşinqtondan incik düşərək bu qətnaməyə qarşı çıxması Vaşinqtonun beynəlxalq müstəvidə uduzması anlamına gəlir.
Odur ki, Obama bu məsələdə də Ollandın dəstəyini almağa çalışır.

Tofiq Əsgərov