Yaralıyam, dəymə...
Yaralıyam, dəymə...

Orqanizmi zədələrdən necə xilas etməli?

Xarici təsir nəticəsində insan orqanizmindəki toxumaların zədələnməsi yara sayılır. Yüngül zədələnmə zamanı yaralanan dəri səthi bir-iki günə sağalır.

Ancaq ağır zərbədən yara alan toxuma və dəri gec bərpa olur. Bu səbəbdən də yara çətin sağalıb günlərlə insana əzab-əziyyət verir.

Zədəli dəri

Cərrah Ayxan Səmədov deyib ki, insan orqanizminin zədələnməsi iki cür olur - birinci halda (məsələn, küt alətlə zərbə vurulduqda) dəriyə heç bir şey olmur, o, öz bütövlüyünü saxlayır, lakin daxildə, qatlarda yerləşən toxuma və üzvlər zədələnir. Belə zədələnməyə qapalı zədələnmə deyilir. İkinci halda dərinin bütövlüyü pozulmaqla yanaşı, dərində yerləşən toxumalar da zədələnir. Lakin burada dərin toxumalara heç bir şey olmayıb, təkcə dəri özü də zədələnə bilər. Belə zədələnməyə yara deyilir. Daxili üzvün bütövlüyü onun örtüyü ilə birlikdə pozulduqda, bu cür yaranı daxili üzv yarası adlandırırlar.

Kor yara

A.Səmədovun sözlərinə görə, yaralar sadə və mürəkkəb olur. Birinci halda yalnız örtük, üst qat, ikincidə isə örtüklə bərabər dərin toxumalar da (əzələlər, sümüklər və sair) zədələnir. Bundan başqa, deşib keçən və deşib keçməyən və ya kor yaralar da var. Orqanizmin boşluqlarına keçməyən yaralar deşib keçməyən və ya kor, boşluqlara keçən yaralar isə deşib keçən yaralar sayılır (başın, qarnın, döşün, oynağın deşib keçən yaraları). Yaralar yaralanmanın xassələrinə görə iki hissəyə ayrılır. Zədələnmə sahəsi kiçik olan (kiçik zonalı) - kəsilmiş, çapılmış, deşilmiş yaralar və zədələnmə sahəsi böyük olan (böyük zonalı) əzilmiş, parçalanmış, çapılmış, dişlənmiş yaralar.

Balta, bıçaq,
xəncər, ülgüc...
kəsəndə

Cərrah bildirib ki, kəsilmiş yara iti alətlə (məsələn, bıçaq, ülgüc) vurulan zərbədən əmələ gəlir. Belə yaraların ağzı və kənarları hamar olduğu kimi, yaranın üstü də hamar olur. Toxuma, demək olar ki, heç zədələnmir. Kəsilmiş yaranın ağzı o biri yaralardan böyük olur, ona görə burada qanaxma da şiddətli olur. Belə yaranın yarığı (ağzı) kəsilmiş hissələrin normal elastik qabiliyyətindən, yaralanmış toxumanın quruluşundan və kəsiyin istiqamətindən asılıdır. Kəsilmiş yara uzunsov, köndələn, əyri və bir neçə parçadan ibarət ola bilər. Kəsilmiş yara balta, xəncər və qılınc kimi alətlərlə vurulan zərbə nəticəsində əmələ gəlir. Belə yaralanmalarda adətən yara kənarları bir qədər zədələnmiş və müəyyən dərəcədə çapılmış olur. Yaranın ətrafında olan toxumalara qan sızır. Yara kəsilməklə bərabər, eyni zamanda zərbə aldığı üçün çox vaxt dərin olur və sümüküstlüyünü, yaxud sümüyün özünü də zədələyir. Belə yaralarda qanaxma da şiddətli olur. Sinirlər də qan damarı kimi kəsilməkdən başqa, eyni zamanda, sıxıntıya, əzilməyə uğradıqları üçün, belə yaralarda şiddətli ağrılar olur. Deşilmiş yara isə deşən, batan, sancılan alətlərlə zədələnmə nəticəsində əmələ gəlir. Belə yaralarda toxumanın zədələnmiş sahəsi kiçik olur, yaranın kənarları deşən alətin qalınlığından asılı olaraq genişlənir. Deşilmiş yaranın ağzı böyük olmur. Deşilmiş yaralanmada iri qan damarları adətən sürüşüb kənara çəkildikləri və beləliklə zədələnmədən xilas olduqları üçün qanaxma da az, zəif olur. Deşilmiş yaranın ağrısı az olur.

Parçalanan toxumalar

A.Səmədovun dediyinə görə, əzilmiş və parçalanmış yaralar kənarları dilik-dilik olması və ağır zədələnməsi, toxumaların parçalanması ilə fərqlənir. Belə yaralar küt alət, yaxud çomaqla vurulan zərbədən, travma, yaxud avtomaşın altında qalıb əzilməkdən, yıxılmaqdan, təzyiqə uğramaqdan və başqa səbəblərdən əmələ gəlir. Bu zaman yaranın kənarları uzun bir sahə boyu zədələnir, didik-didik və qanla örtülmüş olur. Çox vaxt belə yaranın kənarlarında göyərmə və çürümüş yerlər də müşahidə edilir. Yerli şok halları müşahidə edilmədikdə sinirlər geniş sahədə zədələndikləri üçün ağrı şiddətli olur. Ağrı, zədələnmə sahəsi kiçik olan yaralara nisbətən, uzun müddət davam edir. Cırılmış yara toxumaların kobud surətdə və mexaniki olaraq pozulması, üzülməsi nəticəsində əmələ gəlir. Bu zaman dəri örtüyünün yaralanması və əzilməsindən başqa, mexaniki təzyiq, mexaniki travma nəticəsində toxumaların parça-parça qoparılması da müşahidə edilir: “Dişlənmiş yaralar isə heyvanların, yaxud insanın dişləməsi nəticəsində əmələ gəlir. Belə yaraların ən ağırı iri heyvanların buynuz zərbəsi ilə toxumaları parçalamasından törəyir. Dişlənmiş yarada heyvanın, yaxud insanın tüpürcəyindən infeksiya əmələ gəlir. Yaranın cırılmış, əzilmiş kənarlarında çox vaxt kəskin iltihablı dəyişikliklər əmələ gəlir və yara çox gec sağalır”.

Silah yarası

Cərrah vurğulayıb ki, odlu silahlar müxtəlif olduqları üçün, bunların yaraları da öz xüsusiyyətləri ilə bir-birindən çox fərqlənir. Odlu silah yaraları üç növ olur. İkitərəfli, kor və toxunma yarası. İkitərəfli yaranın iki ağzı olur. Bunların biri güllənin daxil olduğu, ikincisi isə çıxdığı yerdən ibarətdir. Güllənin insan bədənindəki toxumalara göstərdiyi təsir onun en kəsiyindən, quruluşundan, sürətindən, uzaqdan, yaxud yaxından atılmasından və nəhayət, yaralanmış toxumanın xüsusiyyətindən asılıdır. Məsələn, tüfəngin lüləsindən çıxan güllə 500 metrə qədər məsafəni gedənə kimi parçalayıcı qüvvəyə malik olur. Belə güllə orqanizmə daxil olub, yaranın kanalı boyu dərinə getdikcə toxumaları daha artıq dağıdır, ona görə güllənin çıxdığı yer onun daxil olduğu yerdən böyük olur. Sümüklər qəlpələnib qırıq-qırıq olur. 500 metrdən 1000 metrə qədər məsafədə güllə dar və düz kanalı olan, giriş-çıxış yeri eyni ölçüdə olan yara əmələ gətirir. Sümüklər yalnız deşilib yaralanır. Odlu güllə yaralanmasında paltarın da böyük əhəmiyyəti var. Paltarın üzülmüş və güllə ilə bərabər yara kanalına daxil olmuş parçaları onu çirkləndirib infeksiya ocağına çevirə bilər.

Müalicə

A.Səmədovun söylədiyinə görə, yaralar əsasən iki növə bölünür - yüngül və ağır növ. Yüngül növ yaralar hidrogen-peroksidlə təmizlənir və antiseptik məhlulla silindikdən sonra tənziflə yüngül sarğı qoyulur. Sıyrıq, cızıq kimi yüngül yaralara sarğı qoyulmur. Ağır növ yaralara isə hətta cərrahi əməliyyat da tələb olunur: “Hər bir yaranı adi operasiya yarası kimi təmizləməyin böyük əhəmiyyəti var. Yara vurulandan sonra 6 saat ərzində onu işləmək lazımdır, çünki bakteriyalar bu müddətdə yaranın səthində olub, hələ toxumaarası boşluqlara və limfa yollarına keçə bilmir. Vaxtında lazımi tədbir görülmədikdə yaranın içərisinə əvvəlcə anaeroblar, sonra isə streptokoklar və stafilokoklar daxil olur. 12-24 saatdan sonra infeksiya artır, yaranın dərinliyinə və daha uzaq yerlərə yayılmış olur. Qeyd edim ki, bütün növ yaraları müalicə edərkən əsas diqqət travmaya uğramış, əzilmiş, çirklənmiş toxumaların, qan laxtalarının yaradan kənar edilməsinə yönəlməlidir. Bununla da yaranın sağalması üşün əlverişli şərait yaranar”.

Sağalma dövrü

Cərrah qeyd edib ki, hər bir yara onun daxilində inkişaf edən birləşdirici toxuma vasitəsi ilə, yəni örtüyün əmələ gəlməsilə sağalır: “Yara əsas etibarilə iki cür sağalır. Birinci və ikinci dərəcəli sağalma. Birinci dərəcəli sağalma yaranın kənarları arasında heç bir əlavə maddə olmadan birləşməsi, sağalması deməkdir. Yaranın belə sağalması üçün onun kənarları yaşamaq qabiliyyətini itirməməli və sıx birləşməlidir. Yəni onların arasında ifraz olunan mayenin, yaxud ölü toxumaların qalmasına yol verən boşluq olmamalıdır. Belə yaralar qısa müddət içərisində sadə və mükəmməl surətdə birləşir. Toxumalar ağır zədələndikdə, yaranın arasına duru yara ifrazatı, qan və ölü toxumalar yığıldıqda yara ikinci dərəcəli sağalır. Yara vurulan kimi onun üstü nazik qan laxtası ilə örtülür. Yaralanmadan 24 saat keçdikdən sonra yaranın kənarları, dibi qızarır və bir qədər şişir. Yaradakı toxumaları bir-birindən ayırmaq mümkün olsa da, şişmə əmələ gəldiyi üçün, onların arasını, sərhədlərini ayırmaq müəyyən dərəcədə çətinlik törədir. İkinci dərəcəli sağalmada toxumalar çox zədələndiyindən onları bərpa etmək üçün çoxlu embrional damar-hüceyrə toxuması inkişaf edir. Yaraların müəyyən hissəsi qartmaq altında da sağalır. Qartmaq altında sağalmaya əksər hallarda çox da böyük olmayan, lakin müəyyən miqdar maddə itirən səthi yaralar zamanı təsadüf edilir”.

Yaraya qulluq

A.Səmədovun sözlərinə əsasən, bütün növ yaralara düzgün qulluq olunması vacib şərtlərdəndir. Bu, yaranın tez bir zamanda sağalmasına kömək edir: “Həm yüngül, həm də ağır yaralar tam sağalana, üzəri qartmaq bağlayana kimi hər gün hidrogen-peroksidlə təmizlənməli, antiseptik məhlulla silinməlidir. Lazım olduğu təqdirdə yaranın üzərinə qartmağı əmələ gətirən xüsusi dərman preparatları vurulmalıdır. Sarğı gündə iki, lazım olduğu təqdirdə 3-4 dəfə dəyişdirilməlidir. Bu işlər həyata keçirilən zaman xüsusi gigiyena qaydalarına əməl olunmalıdır. Əks təqdirdə yaraya mikrob keçər və bu xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olar”.

Zəhra