Ermənistan: xalqına əmlak kimi baxanla nə etməli?
Ermənistan: xalqına əmlak kimi baxanla nə etməli?

Yerevandakı rejim hələlik özünü pis hiss etmir

Ermənistan prezidenti Serj Sarkisyan Fövqəladə Hallar Nazirliyində fövqəladə və təcili toplantı keçirmişdi. Bu toplantı son vaxtlar ermənilərin dövlət başçısının sözügedən nazirliyə baş çəkmələri zamanı artıq ənənəyə çevrilib.

Son toplantıda ənənə pozuldu. Çünki S.Sarkisyanın toplantısı ilə bağlı rəsmi açıqlamalarda onun daxili və xarici siyasətlə bağlı kəlmələri yoxdur. Daha doğrusu, toplantıda nazirlik əməkdaşlarının suallarına cavab verilsə də, Sarkisyanın nəyi necə deməsi barədə bir kəlmə də söylənməyib.
Halbuki indiyədək Serj Sarkisyanın nazirliyə "səfər"ləri əsnasında bu qurumun əməkdaşları "tam müstəqil və spontan şəkildə" davranır, daxili və xarici siyasətlə bağlı suallar verirdilər. Sarkisyan da guya həmin suallara cavab verərkən sözügedən sahələrlə bağlı bəyanatlar verirdi.
Son toplantıdan sonra Yerevan iqtidarının nəzarətindəki mediada belə bəyanatlar yayılmayıb, səsləndirilməyib, dərc olunmayıb.
Suallar var, amma cavablar bəlli deyil. Nə olub, nələr baş verir? Ermənistanın daxili və xarici siyasətində heç bir problem həll olunmadığı halda Serj Sarkisyan nə üçün həmişəki kimi boşboğaz, mənasız və daha açıq yazsaq, idiotik bəyanatlarını səsləndirməyib?
Axı heç nə dəyişməyib. Aktual və həllini tələb edən problemlər qalır, daha da böyüyür, əksəriyyəti də fəlakət səviyyəsinə çatır. Deyəsən, dəyişikliklər daxildədir və o, iç siyasi konyunkturadır.
Yəni indi hakimiyyət düşərgələri arasında aşkar qarşıdurma müşahidə olunmur. Halbuki son günlərədək davam edən didişmələr artıq ictimailəşmişdi və Serj Sarkisyanın iqtidar komandasının mənsublarının qarşılıqlı nifrətləri, ölkənin sürətlə tükənməkdə olan resursları, vətəndaşların qarət olunması vasitələri uğrunda çarpışmaları kuluarlardan çıxaraq hər kəsin asanlıqla sezə biləcəyi proseslər olmuşdu.
Sabiq prezident Robert Köçəryan da aktivləşmiş, iqtidar komandasındakı sadiq fiqurlarını hərəkətə gətirərək mövqelərinin gücünü bir daha nümayiş etdirmişdi. Lakin bir müddətdir ki, nisbi sakitlik var.
Serj Sarkisyanın da sükutunun səbəbi budur. Hakimiyyət daxilində müvəqqəti atəşkəs əldə olunması Ermənistan prezidentinin Fövqəladə Hallar Nazirliyindəki toplantısı ilə bağlı rəsmi məlumatların siyasilik həddinin aşağı olmasını şərtləndirdi. Atəşkəsin müddətinə gəldikdə isə o, çox davam etməyəcək.
İş ondadır ki, hakimiyyət daxilindəki mübarizə və ayrı-ayrı qruplarla düşərgələr arasındakı boğuşmalar Serj Sarkisyanla yanaşı, mübarizə aparan tərəflərin özlərinə də gərəkdir. Çünki əks təqdirdə bir qrup mövqelərini, istəklərini və niyyətlərini başqa qrupa anlada bilmir. Anlamsızlıq isə hakimiyyət üçün təhlükəlidir.
Qruplar arasında mövqe bəlirsizliyi, mübarizənin kor-koranə şəkildə aparılaraq qarşıdurmaların spontanlıq səviyyəsinə enməsi hakimiyyətin özü üçün çox təhlükəlidir. Axı belədə istənilən başıpozuq və cinayətkar mahiyyətli, idarə etdiyi fərdlərin nifrət bəslədiyi iqtidar cəmiyyət qarşısında zəifləyir.
Məhz bu səbəbdən Serj Sarkisyan hakimiyyətinin daxilindəki mübarizələri mütəmadi olaraq, dövri şəkildə fəallaşdırır və öz təhlükəsizliyi ilə yanaşı, iqtidarının dayanıqlılığını təmin edir.
Yerevandakı rejim hələlik özünü pis hiss etmir. İqtidardakı qruplaşmalar arasındakı didişmələrdən nəticə çıxararaq faydalana bilməyən, qarşısına qoyduğu məqsədə çatmaq üçün bütün gərəkli vasitələrdən yararlanmağa öyrəşməyən və ətalətini sakit etiraz kimi qələmə verən cəmiyyət ayılıb fəallaşmadığından Serj Sarkisyanın komandası 2017-ci ildəki parlament, 2018-ci ildəki prezident seçkilərinə hazırlığa başladığı dövrdə real təhlükələr görmür. "Rusiyanın istədiyi qədər nüvə bombaları, həmin bombaları daşıyan raketləri buraxmaq üçün düymələri ola bilər. Amma rus məmurların milyardları Qərbin banklarındadır və həmin məmurların əslində hansı ölkənin elitasını təşkil etdiklərini müəyyənləşdirmək gərəkdir". Bu sözlər amerikalı politoloq, Birləşmiş Ştatların xarici siyasət doktrinasının "xaç atası" Zbiqnev Bjezinskiyə məxsusdur.
Bjezinski açıq şəkildə bildirir ki, Rusiyanın quyruğu Qərbin dabanı altındadır.
Məhz bu səbəbdən də Rusiya postsovet məkanında Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqını yaratmaqla quyruğunu o dabanın altından çıxarmaq istəyir.
Zəncirvari proses davam etdiyindən, özlərini müstəqil sayan erməni oliqarxlarının pullarının harada olduqlarını və kimin dabanları altında qaldıqlarını təxminləmək çətin deyil.
Oliqarxların pulları Ermənistan hakimiyyətinin məhvəri, bel sütunu və dayaqları olduğundan Serj Sarkisyanın komandası daim asılıdır.
İstənilən an devrilə biləcəyindən və hakimiyyətdən məhrum olacağından qorxaraq Qərbdən, birbaşa asılı olduğu və köləsinə çevrildiyi Rusiyadan çəkinən Yerevan məmurları hər iki tərəfə sədaqətlə xidmət etdiklərini göstərməyə çalışır, əslində isə hər iki tərəfi aldadırlar.
Mövcud situasiyada Yerevandakı siyasi elitalar və hakimiyyət qruplaşmaları özləri üçün ən optimal variant qismində maliyyə resurslarının böyük qismini Qərb ölkələrindəki biznes-layihələrə və bank hesablarına yatırmaqla bütün problemlərinin həll olunduğunu, təbii ki, düşünmürlər. Onlar Ermənistanın mövcud durumunu real dəyərləndirir və Serj Sarkisyanın iqtidarının dayanıqsız, kənardakı rejissorlarla maliyyə mənbələrindən asılı olduqlarını bilirlər.
Erməni oliqarxların biznes strukturlarının əksəriyyəti Ermənistandadır və başqa variant praktiki olaraq mümkün deyil: çünki onlar heç bir başqa ölkədə öz vətənlərindəki təki qanunları rahat şəkildə pozaraq milyonlar qazana bilməzlər.
Yerevanda hakimiyyət oliqarxlardan ibarətdir və oliqarxlar da iqtidarın tərkib hissəsi olduğundan, təbii ki, onların cinayətləri araşdırılmır, istənilən qanunsuz əməli asanlıqla legitimləşdirilir, əldə olunan vəsait süni inhisarların nəzarətindəki iqtisadiyyatın əvvəlcədən müəyyənləşdirilmiş sahələrinə yatırılır. Seçkilər yaxınlaşanda hakimiyyət bu "pul kisələri"nə üz tutur, saxtakarlıqların maliyyələşdirilməsi üçün büdcə bəlirləyir və ənənəvi proses təkrarlanır.
Vətəndaş azadlıqları, azad rəqabət ideyası, seçim hüququ prinsipi, ictimai həyatın əsas dəyəri qismində qanunun tapdandığı ölkədə hakimiyyətin və onun idarə etdiyi fiqurların belə quldur davranışının qarşısını alan yoxdur.
İllüziyalar və sadəlövhlük dövrü artıq arxada qalmalıdır.
Ermənilər kimlər tərəfindən, necə idarə olunduqlarını anlamalıdırlar artıq. Serj Sarkisyan nələrisə gizləməyə çalışsa belə...
Elçin Alıoğlu