Əvəz Ələkbərovdan üçbaşlı açıqlamalar
Əvəz Ələkbərovdan üçbaşlı açıqlamalar

Keçmiş maliyyə nazirinin yeni bəyanatlarının pərdəarxası

Azərbaycanın sabiq maliyyə naziri (1999-2006) Əvəz Ələkbərov uzun fasilədən sonra yeni və ilginc açıqlamalarla çıxış edib. Sabiq nazir publika.az-a müsahibəsində önəmli mesajlar verib.

"Hazırda nə işlə məşğulsunuz" sualına cavab olaraq Ələkbərov deyib ki, Türkiyəyə tez-tez gedib gəlir: "Hazırda Türkiyədə kiçik biznes işi ilə məşğulam. Türkiyədə özəl şirkətin Müşahidə Şurasında təmsil olunuram. Digər şirkətdə isə baş məsləhətçiyəm. Eyni zamanda elmi işlərim də var. Dünyada gedən maliyyə böhranı ilə bağlı yeni kitab yazıram. Kitabım "Dünya maliyyə böhranı: səbəb və nəticələr" adlanır. Yəqin ki, kitab bu ilin may ayında 3 dildə - Azərbaycan, ingilis və rus dillərində çap olunacaq. Kitab xarici ölkədə çapdan çıxacaq. Azərbaycanda az - demək olar, 1 ayda cəmi 1 həftə Azərbaycanda oluram. Başqa vaxtları Türkiyədə oluram. Demək olar ki, İstanbulda yaşayıram. Həyat yoldaşım da tez-tez Türkiyəyə gəlib gedir".
"Hazırda YAP-la əlaqələriniz qalır" sualına cavab olaraq keçmiş maliyyə naziri deyib: "Mən bu komandanın üzvü olmuşam, uzun müddət mərhum Heydər Əliyevlə işləmişəm. Vicdanım təmizdir, heç bir qruplaşmaya girməmişəm, hər zaman başımı aşağı sallayıb işimlə məşğul olmuşam. Nə edə bilərəm? Hər kəsin öz qisməti və taleyi var. Mən vəzifədən çıxandan sonra iqtisad elmləri doktorluğunu müdafiə etmişəm. Çoxlu elmi əsərlərim, monoqrafiyalarım çıxıb. İnsan öz gücündən çox iş görə bilməz.
Yeni Azərbaycan Partiyasından (YAP) da çıxarılmamışam, mənim YAP Siyasi Şurasında üzv qalmağımı məsləhət görmədilər. YAP-a da hərdən gedib gəlirəm.
Azərbaycanla bütövlükdə əlaqələrim azalıb. Hətta nazir olduğum zaman dövlət vəzifəsində çalışmış keçmiş dostlarla da əlaqələrim yoxdur".
Maliyyə naziri postundan kənarlaşdırıldıqdan sonra bahalı xarici avtomobillərin biznesiylə məşğul olmağı barədə iddialara isə Ələkbərov belə aydınlıq gətirib: "Kaş ki, elə olaydı. O zaman nə gözəl olardı (gülür). Mən heç bir maşın biznesi ilə məşğul olmuram".
"Bəs Azərbaycanda hər hansı dövlət işiniz var" sualına keçmiş nazirin cavabı belə olub: "Xeyr, heç bir dövlət işim də yoxdur. Dediyim kimi, Türkiyədə kiçik bizneslə məşğulam. Eyni zamanda elmi işlərim var. Bu deyilənlərin hamısı boş söhbətlərdir. Qoyun yazsınlar ki, Əvəz Ələkbərov sağ-salamatdır".
"Azərbaycanda sizə dövlət vəzifəsi təklif olunsa, bunu necə qiymətləndirərdiniz" sualına da sabiq maliyyə "şef"inin cavabı maraq doğurur: "Vallah, hər yaşın öz gözəlliyi var da. Vəzifə üçün 40-50 yaş yaxşıdır. Artıq yaşım 60-ı ötüb. Digər tərəfdən isə indi mənə vəzifə təklif olunmasına inanmıram. Mən düşünmürəm ki, belə bir şey olsun".
"Sizinlə eyni vaxtlarda çalışmış həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov bu gün məhkəmədən hakimiyyəti Qərbi Azərbaycandan olan şəxslərin vəzifədən alınmasında ittiham edir. Ümumiyyətlə, bu yanaşma ilə razısınızmı" sualına isə Əvəz Ələkbərov belə cavab verib: "Bilirsiniz, mən siyasi xətlərdə ehtiyatlı davranıram. Ancaq bu gün o qədər Ermənistandan olan insanlar Azərbaycanda böyük vəzifələrdə çalışır. Hətta indi onların sayı daha da artır. Bu barədə ayrı-seçkilik var və sairə söyləmək doğru deyil. İndi Azərbaycanda yüksək vəzifələrdə çalışanlar bütün zonalardan təmsil olunur. Tədricən, bunlar gənclərlə əvəz olunur. Mən kiminsə yerlisi olduğuma görə də bu məsələ barədə xüsusi təhqiqat aparmıram. Bu gün Ermənistandan olan və yüksək vəzifədə çalışan şəxslər çoxdur. Xeyli nazirlər və komitə sədrləri Ermənistandandır. Misal üçün deyim ki, hətta yeni təyin olunan kənd təsərrüfatı naziri Heydər Əsədov, baş nazirin müavini İsmət Abbasov, Milli Məclisin sədri Oqtay Əsədov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov və digərləri də ermənistanlıdır".
Keçmiş nazirin açıqlamalarında önəmli məqamlar var. Əvvəla, o, bu müsahibəsində hakimiyyət daxilində qruplaşmaların olduğunu dolayısı ilə təsdiqləyir. Onun vəzifədə ikən heç bir qrupda təmsil olunmadığını deməsi məhz bu mənada diqqətçəkicidir.
İkinci məqam, keçmiş nazirin Əli İnsanovla bağlı tənqidi fikir səsləndirməməsi, onun dediklərini qəti şəkildə təkzib etməməsi, hakimiyyət əleyhinə çıxışlarına ən yumşaq şəkildə neqativ münasibət ifadə etməməsidir. Bu, Ələkbərovun YAP-dakı təmsilçiliyindən məhrum edildikdən sonra iqtidarla ipləri əməlli-başlı qopardığı anlamına gəlir.
Üçüncü məqam, vəzifə gözləntisi barədə Ələkbərovun dedikləridir. Sabiq nazir özünə yenidən vəzifə təklif olunacağına qəti şəkildə inanmır, halbuki ötən ilin yayında prezident seçkiləri ərəfəsində Ələkbərov saytlardan birinə kiçik açıqlamasında vəzifə gözləntisində olduğunu açıq ifadə etmiş, hətta onun buna xeyli ümidli olduğu da hiss olunmuşdu.
İndi görünən odur ki, keçmiş maliyyə naziri artıq qətiyyən belə gözləntidə deyil. Bu da onun hakimiyyətlə heç bir ilişkisinin qalmadığını, biznesinin isə Türkiyədə olması və Azərbaycana az-az gəlməsi səbəbindən sabiq maliyyə "şef"inin gələcəkdə əvvəlki illərdən fərqli siyasi istiqamətə meyllənə biləcəyini göstərir.
Son vaxtlar Əli İnsanov azadlığa çıxarsa, yeni müxalif birləşmənin meydana gələ biləcəyi barədə proqnozları və Əvəz Ələkbərovun yuxarıdakı açıqlamalarının məzmun və tonunu nəzərə alsaq, sabiq səhiyyə nazirlə eyni bölgənin təmsilçisi olan keçmiş maliyyə nazirinin də həmin gözlənilən müxalif cinahda yer almaq ehtimalının olduğunu söyləmək mümkündür.
Azad Mehdi