Bu gün Vyanada İranla "altılıq" ölkələri arasındakı növbəti nüvə müzakirələri keçiriləcək
Bu gün Vyanada İranla "altılıq" ölkələri arasındakı növbəti nüvə müzakirələri keçiriləcək

Ketrin Eşton: "Nüvə müzakirələri çox mürəkkəb və çətin olacaq"

Bu gün Vyanada İranla "altılıq" ölkələri arasında növbəti nüvə müzakirələri keçiriləcək.
"Fars" xəbər agentliyinin verdiyi məlumata görə, danışıqlarda İran nümayəndə heyətinə bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif, "altılıq" ölkələrinə isə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton rəhbərlik edəcək.

Müzakirələr 2013-cü il noyabrın 24-də Cenevrədə İranla "altılıq" ölkələri arasında əldə edilmiş nüvə razılaşmasına uyğun olaraq bu il yanvarın 20-də qüvvəyə minmiş Birgə Fəaliyyət Planı çərçivəsində həyata keçirilir. Müzakirələrdə məqsəd İran nüvə məsələsi ilə bağlı yaranmış problemin birdəfəlik həlli üçün yekun razılaşmanın əldə olunmasıdır. Nüvə danışıqlarından bir gün əvvəl axşam saatlarında M.C.Zərif və K.Eştonun ikitərəfli görüşü olacaq. Onlar bu görüşdə nüvə müzakirələrinin irəliləməsini necə təşviq etmək barədə danışacaqlar. İran nümayəndə heyəti "altılıq" ölkələri ilə nüvə danışıqları aparmaq üçün artıq Avstriyaya yola düşüb. Müzakirələr üç gün davam edəcək.
Danışıqlar M.C.Zərif və K.Eştonun rəhbərliyi altında BMT-nin Vyanadakı mənzil-qərargahında öz işinə başlayacaq və daha sonra İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidtin rəhbərliyi altında davam etdiriləcək. Bundan əlavə, ABŞ hökuməti öz nüvə müzakirəçilərini müəyyənləşdirib. ABŞ nümayəndə heyətinə yenə də dövlət katibinin müavini Vendi Şerman rəhbərlik edəcək. Eyni zamanda ABŞ nümayəndə heyətinin tərkibinə Bruk Anderson, Ceyms Tyombi, Paul İrvin, Riçard Nefyu və Karlos Doxvana daxildir.
"Altılıq" ölkələri İranla nüvə müzakirələrini ciddi şəkildə davam etdirəcək. Bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib.
Onun sözlərinə görə, Cenevrədə İranla "altılıq" ölkələri arasında yalnız ilkin razılaşma əldə olunub: "Bu baxımdan nüvə müzakirələri çox mürəkkəb və çətin olacaq".
K.Eşton həmçinin İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında konstruktiv əməkdaşlığın yaranmasından da məmnun qaldığını ifadə edib.
"Qarşıda bizləri mürəkkəb və intensiv müzakirələr gözləyir". Bunu isə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən gecə dövlət televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, tərəflər arasındakı nüvə müzakirələrində əsas problem ABŞ başda olmaqla Qərb ölkələrinə İran xalqının etimadsızlığı və onların İran xalqı ilə keçmiş illərdə və son dekadalarda mənfi davranışlarından qaynaqlanır: "Birgə Fəaliyyət Planı, yaxud Cenevrə razılaşması "altılıq" ölkələri üçün bir fürsət meydana gətirib. Yəni etimadsızlıqların azaldılması üçün bu imkandan yararlanmağa hələ də bir neçə ay qalır. Vyanadakı növbəti görüşümüz də Cenevrə danışıqlarının davamı olaraq maksimum bir il ərzində yekun addımların atılmasına gətirib çıxaran müzakirədir. Rəsmi Tehran İran xalqının hüquq və mənafelərini nəzərə alaraq müzakirələrə qatılır. Qarşı tərəfin hazır olacağı təqdirdə, 6 ay içərisində yekun razılaşmanın əldə edilməsi mümkün olacaq".
M.C.Zərif həmçinin deyib ki, ABŞ rəsmilərinin İran əleyhinə təhqir dolu ifadələri yeni deyil: "Son 30 ildə onlar dəfələrlə bu cür mövqe nümayiş etdiriblər. Bu kimi sözlər İran xalqı və rəsmiləri üçün əhəmiyyətsizdir. ABŞ rəsmilərinin sözlərinə çox diqqət yetirilir. Halbuki içi boş və mənasız olan bu kimi sözlərə dəyərinə görə reaksiya vermək lazımdır".
Bu arada İran dövlət televiziyasında (İRİB) "Sərzəmin-e Kohən" ("Qədim torpaq") adlı serialın yayımı Bəxtiyarilər tayfasının böyük narazılığına səbəb olub. "Radiofərda"nın verdiyi məlumata görə, İranın müxtəlif bölgələrində yaşayan Bəxtiyarilər tayfası serialın yayımına qarşı kütləvi aksiyalar keçirib. Əsasən İsfahan, Əhvaz, Məscid Süleyman, Dezful, Əndimeşk, İzə, Şəhrikürd, Əligodərz şəhərlərində geniş vüsət almış mitinqlərdə Bəxtiyarilər tayfasından olan deputatlar, hökumət rəsmiləri, axundlar və yerli sakinlər iştirak ediblər.
Fevralın 14-də başlayan və ertəsi gün də davam etdirilən aksiyalarda iştirakçılar İranın tanınmış azərbaycanlı rejissoru Kamal Təbrizi tərəfindən çəkilmiş serialda Bəxtiyarilər tayfasına qarşı təhqiramiz ifadələrə yer verildiyini açıqlayaraq, dövlət televiziyasının məsuliyyət daşıdığını vurğulayıblar. Bu səbəbdən nümayişçilər "Sərzəmin-e Kohən" serialının yayımınının dayandırılmasını və İRİB rəhbərinin istefasını tələb ediblər.
Məsələyə münasibət bildirən İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli serialın yayımının yenidən nəzərdən keçiriləcəyini söyləyib.
İRİB rəhbəri İzzətullah Zərğami də bununla bağlı öz müavininə xəbərdarlıq edərək, serialların çəkilişi zamanı ölkədəki bütün tayfalara hörmətlə yanaşılması məsələsini dövlət televiziyasının prinsiplərindən biri adlandırıb.
İranla bağlı dünənki bir başqa xəbərə görə, bu ölkənin Ətraf Mühitin Mühafizəsi və Ekologiya Təşkilatının sədri Urmiya gölünün bərpası məqsədilə Araz çayı suyunun axıdılmasına qarşı çıxıb.
İRİB-in verdiyi məlumata görə, Məsumə Ebtekar bu layihənin uzunmüddətli dəyərləndirilməyə ehtiyacı olduğunu bildirib.
Vitse-prezident həmçinin Azərbaycan Respublikasını Xəzər dənizini ən çox çirkləndirən ölkə adlandırıb: "Xəzər dənizinin neft çirklənmələrinin ən əsas mənşəyi Azərbaycan Respublikasıdır. Xəzər dənizi Ekologiyası Konvensiyasına əsasən, çirklənmələrin qarşısı alınmalı və bütün ölkələr bu problemin qarşısının alınmasına yardım göstərməlidirlər. Sahilyanı ölkələr öz standartlarını yüksəltməli və bu sahədə proqrama malik olmalıdırlar".
Xatırladaq ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq edib.
Murad İbrahimli