Suriyada məşhur komandir öldürüldü
Suriyada məşhur komandir öldürüldü
Vətəndaş müharibəsi ölkəni yox olmağa doğru aparır

Suriyada prezident Bəşər Əsəd hakimiyyətinə qarşı vuruşan "Əl Qaidə" yaraqlılarından biri həlak olub.
Al Jazeera bildirir ki, Hələb şəhərindəki mərkəzi həbsxanaya yaraqlıların hücumu zamanı "əl Qaidə" yaraqlılarından biri, "Üsud ül Şam" qruplaşmasının komandiri, "Seyfullah ən Şişani" kimi tanınan çeçen Ruslan Maçalikaşvili həlak olub.
R.Maçalikaşvili Gürcüstanın Pankis dərəsinin sakini idi.
Hücumu "Cəbhat ən Nüsra" və "Cihadül Muslimin" qruplaşmaları hazırlamışdılar.
Hücuma bilavasitə rəhbərliyi isə "Cünd əş Şam" qruplaşmasının lideri Müslüm ən Şişani həyata keçirib.
Hücum səhər saatlarında həbsxananın darvzası qarşısında içi partladıcı maddə ilə dolu olan yük maşınının partladılmasından sonra başlayıb.
"Əl Qaidə" yaraqlıları üç tərəfdən hücuma keçsələr də, Suriya qoşunlarının artilleriyası və təyyarələrir yaraqlıları bombalayıblar.
Suriyada hökumətə qarşı 110-120 min nəfərlik ordu vuruşur. Bu barədə isə "İnterfaks"a Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib.
Mənbə deyib ki, Suriyada hökumətə qarşı döyüşən qüvvələrin sayının artması çox təhlükəlidir: "ABŞ-ın açıqladığı hesabatda hökumətə qarşı vuruşanların sayının 75-115 min nəfər olduğu, bunlardan 26 mininin terror təşkilatının üzvü olduğu bildirilib. Bizim apardığımız araşdırmalar nəticəsində bu rəqəmin daha çox olduğu müəyyənləşib. Suriyada hazırda bir sıra Avropa və Orta Şərq ölkələrindən 7 min silahlı döyüşür".
Xaricdən gələn silahlıların sayının artması nəticəsində Suriyada Əfqanıstanda yaşananların təkrarlana biləcəyi barədə xəbərdarlıq edən Müdafiə Nazirliyi rəsmisi bildirib ki, vaxtilə Əfqanıstanda mücahid qruplar arasında 35 min əcnəbi sovet ordusuna qarşı vuruşub.
Bu arada politoloq Vəfa Quluzadə Cenevrədə növbəti dəfə Suriya probleminin həll edilməsinə dair keçirilən toplantıya münasibət bildirib. V.Quluzadə hesab edir ki, Cenevrə Konfransı Suriya probleminin həll edilməsi üçün heç bir effekt verməyəcək.
Vətəndaş müharibəsinin Suriyanın dağılması prosesini sürətləndirdiyini deyən politoloq qeyd edib ki, ölkə tamamilə yox olmağa doğru gedir. Vəfa Quluzadənin sözlərinə görə, vəziyyətin hər keçən gün bir az da gərilməsi Suriyanın gələcəyi üçün pozitiv nəticə ortaya qoymağa ümid vermir. Suriya vətəndaş müharibəsinin uzanması məsələsinə toxunan V.Quluzadə vurğuladı ki, bu ölkəni uzun müddət diktator rejimi idarə edib: "Xalq üsyanı başlayandan sonra rejim tərəfindən təzyiq altında saxlanılan qüvvələr aktivləşdilər. Suriyada bu gün baş verən vətəndaş müharibəsində həmin qüvvələr əsas pay sahibidirlər. Sünnilərin üstün olduğu ölkədə hökumət şiələrdən təşkil edilib. Bu faktor isə şiə-sünni narazılığını gücləndirir. Məzhəb qruplaşmalarından başqa xarici qüvvələr də müharibədə aktiv şəkildə iştirak edirlər. Dünyanın bütün dövlətlərindən Suriya vətəndaş müharibəsində iştirak edən döyüşçülər var. Həmin qüvvələri istiqamətləndirən və maliyyələşdirən təşkilat, həmçinin xarici ölkələr var. Radikal terror təşkilatlarının arxasında hegemon dövlətlər dayanır. Həmin təşkilatların Suriyaya özbaşına yönəlməsi inandırıcı deyil. Xarici faktorlar Suriyanı çökdürüb bu ölkədə öz ideologiyasına xidmət edən hökumət formalaşdırmaq istəyirlər. Dünyanı idarə edən qüvvələrin Suriya ilə bağlı əsas strategiyası bu ölkəni öz siyasi iradəsinə tabe etməkdir".
Kənan Rzaquliyev