“Taleyimdən razı deyiləm”
“Taleyimdən razı deyiləm”

Salam Sarvan: “Yazarın duyğularıyla dünyanın gerçəklikləri arasında əbədi təzad var”

Tanınmış şair Salam Sarvanla bu günki söhbətimiz onun yaradıcılığı və ümumən şeir barədə olacaq.

-Salam bəy, mərhum jurnalist Ceyhun Nağıya yazdığınız şeir əvvəlkilərdən çox fərqli bir şeir idi – yəni bəlkə də yeganə şeriniz idi ki, sarsıntınızı gizlədə bilməmişdiniz...
- Bəlkə də, adamın həyatında elə adamlar olmamalıdır ki, onları itirəndə yoxluqlarını hər an hiss eləyəsən. Paulo Koelyonun bir sözü var. Deyir ki, əslində heç kim heç kimi itirmir, çünki heç kəs heç kəsə məxsus deyil. Mən bu fikri səhv sayıram. Məncə, adamlar müəyyən məqamlarda bir-birinə məxsusdurlar, hətta bir-birinə şərikdirlər. Bizi çox istəyən adamların sağlığında bizdən ayrılması faciə deyil, amma dünyadan getməsi bizi zədələyir. Ceyhun mənimçün təkcə qohum yox, həm də dostum idi.
- Allah rəhmət eləsin! Yeri gəlmişkən, doğrudanmı, el arasında deyildiyi kimi xeyirlə şər qardaşdır?
- Həyat çox qəribə qurulub – böyük dərdlər adamı büdrədəndə xırda şeylərin sevincləri yıxılmağa qoymur. Belə sevinclər yaşayışımızda həmişə var. Hətta avtobus konduktorunun mənə “siz” müraciətiylə nəzakət göstərməsinin böyük sevincini yaşadığım vaxtlar da olub. Ümumən, həyatımızdakı ziddiyyətlərin çoxu poetikdir. Bu dünyada məsum körpə nəfəsi də var, dəhşətli vulkan püskürmələri də. “Gözəl sığal çəkmək” də var, rinqdə “gözəl zərbə vurmaq da”...
-Şairlər niyə kövrək olur?
-Kövrək olmayan adam yoxdur. Bilirsən, elə hərəkətlər var ki, bəzilərinə yaraşır, bəzilərinə yox. Məsələn, gülüş hər sifətə yaraşmır. Ancaq göz yaşı bəlkə yeganə şeydir ki, istisnasız olaraq bütün simalara yaraşır. Hətta elə adamlar var ki, onların gözləri hazır göz yaşı şəklindədir.
- Şeirlərinizin hamısında bir insan, bir tale kimi varsınızmı?
- Bunu bir dəfə də demişdim. Bilirsən, oxucu şairə nasirdən daha çox inanır. Ona elə gəlir ki, şair bütün şeirlərində özüdür, öz taleyilə, öz yaşantılarıyladır. Ancaq belə ola bilməz. Çünki yazdığımız şeirlər müxtəlif dağınıq düşüncə qatlarının nəticəsidir, bəziləri heç müəllifin öz yaşantıları deyil. Məsələn, sənə misralar deyirəm:
"Kəndiri rezinmiş dar ağacımın –
bəxtəvər başıma, hələ dartılır!.."
"Ana, məni basdırarsan
boyumu soxduğun yerə"
"Dərdin doqquzuncu mərtəbəsində,
bizim gözümüzdə saatladır su"
Bunlar ənənəvi şerimizi bir vaxtlar doldurmuş “ölüm”, “dərd”, “göz yaşı” “sevgi” pafosuna ironiyadır. Amma ironiyasız, müəyyən yaşantılardan yaranan məqamlar da var. Məsələn:
Hər şeyi, hamını unutmaqla
ölü kimi bir şeysən,
Təkcə soyuducunun fasiləli səsidir
həyatı arabir yadına salan.
Elə məqamlar da var ki, həyatilikdən uzaq təxəyyül kombinasiyalarıdır. Onları ədəbiyyat yuxuları da hesab eləmək olar. Məsələn:
Öləsən...
Gözünü qapaya bir qız əlləri -
bu, sənin ilk qadın sığalın ola!
Elə şeirlər də var ki, sadəcə, müşahidədən gəlir. Məsələn:
Zibil qutularında hər gün
çörək tullantılarını yığan bomj
Bu dəfə tullanmış solğun gülləri yığırdı
qadınına bağışlamaqçün.
Nəhayət, məna və söz oyunları:
Sənə deyiləsi deyil
Sənə deyiləsi sözüm.
Yəni iki cür şeir oxucusu var. Biri heç vaxt şeirə sənət meyarlarından yanaşmaq istəmir və məncə, o, bu mənada yarımhaqlıdır. O, şeirdəki enerjinin yarısını almaq istəyir – ruhi-mənəvi zövqü alır, amma estetik zövq barədə düşünmür. O biri isə əksinə, şerin estetik yükünə diqqət yetirir, amma oxuduğunu içinə salmır.
-İlk tanışlıqdan elə görünür ki, sizin şeirlərinizdə ənənəvi şeir anlayışlarının heç biri yoxdur. Nə “yar” var, nə “dost”, nə “insan” var, nə “vətən”... Bu nədir, antivəziyyət?
- Əslində o şeirlərdə bunların hamısı var. Ancaq başqa şəkildə, sənin sadaladıqlarına oxşamayan şəkildə. Yəni sənin bu sadaladığın subyektləri olduğu kimi götürüb şeirin içinə qoysan, şeir çox eybəcər görünər. Divarın gözəl olması üçün kələ-kötül daşları yonmaq lazımdır.
- Sizi Azərbaycan şeirində inqilab eləmiş şair hesab edirlər. Özünüz necə fikirləşirsiniz?
- Heç vaxt belə iddiam, cəhdim olmayıb. Fərqli nə varsa, öz-özünə alınıb.
- Bu gün gündəmdə olan ədəbiyyat məsələlərinə münasibətinizi öyrənmək istərdim. Onlardan biri də budur ki, Azərbaycan yazıçısı ziyalı ola bilirmi?
- Vallah, indi yazıçıdan o qədər əlavə keyfiyyətlər tələb olunur ki, onun əsl yazıçı olmağa vaxtı və enerjisi qalmır. Yazıçıdan ziyalılıqdan tutmuş peyğəmbərliyə qədər hər şey umulur, ciddi əsərdən başqa. Təəssüf ki, yazarlarımız bu tip ictimai basqının altında tez əzilirlər. İki cümlə yazan kimi, “cəmiyyətin ziyalısı”, “xalqın qəhrəmanı” roluna girməyə başlayırlar, çünki kütlə belə tələb edir. Məncə, xüsusi cəhdlərə ehtiyac yoxdur. İnsan və cəmiyyət prizmasından baxanda, onsuz da yazarın duyğularıyla dünyanın gerçəklikləri arasında əbədi təzad var. Və bu mənada o, onsuz da əbədi müxalifətdədir.
- Poeziya haqqında çox fərqli fikirlər deyilib. Onlardan hansını daha çox qəbul edirsiniz?
- Əslində hamısını. Çünki bir az dərinə qazsan, görərsən ki, o fikirlər heç də fərqli deyillər, dərində eyni bir kökdə birləşirlər. Ancaq adını unutduğum birinin poeziya haqqında təsnifatı mənimçün daha maraqlıdır: “Poeziya – Allahla ünsiyyətə girməkçün səmimiyyətin tələb olunan minimumudur. Əsl poeziya – müəllifin hər addımda öz yazdıqlarını təsdiq eləməsidir. Müqəddəs poeziya isə odur ki, müəllif öz yazdıqlarına görə Allahın qarşısında cavab verməyə hazırdır və məşhurlaşmadan ölür”. Ancaq dünya şeiri bu təsnifatdan çoxdan uzaqlaşıb. Şerin dəyərləndirilməsində mənəvi meyarlar demək olar ki, iştirak eləmir. İndi əsas olan ədəbi-estetik meyarlardır.
- Bugünkü gənc şairlərin yaradıcılığını necə xarakterizə edərdiniz?
- Əksəriyyəti sanki eyni bir konveyerdən çıxıblar – bir-birinin təkrarıdırlar. Mən hətta onların bəzilərini həyatda tanıyıram – tamam fərqli dünyagörüşlü adamlardır. Bəs necə olur ki, fərqli hiss-düşüncəyə malik bu gənclər şeir yazanda bir-birinə oxşayırlar? Məncə, bunun əsas səbəbi odur ki, gənclərimiz şeir şablonlarına çox aludə olurlar. Yadımdadır, sovet dövründə şablonlar şairlərimizi necə çulğamışdı. Hətta xanım şairlər də sevgi şeirlərində sevdiklərinə “gülüm, ceyranım”, – deyə xitab eləyirdilər. İndi interneti doldurmuş şeirlərdə hər şey tapmaq olar – müəllifin, cəmiyyətin, insanın əzablarını – ancaq bu mətnlərdə şeirin öz əzabı yoxdur. Məncə, artıq oxucunun ixtiyarına verilmiş mətnin sir-sifətindən müəllifin yox, həmin mətnin yorğunluğu, o mətnin müəllif tərəfindən hansı əziyyətə düçar edilməsi, hansı əzablardan keçib ərsəyə gəlməyi sezilməlidir. İndiki gənclərin şeirlərində romantika demək olar ki, yoxdur. Yəqin, onlar dəbdə olan realist şablonlara çox meyillidirlər. Söhbət romantik pafosdan getmir, ancaq şeirdə gerçək həyatın romantikasına ciddi ehtiyac var. Səngərdə əsgərin Yesenini oxuya-oxuya döyüşərək qələbə çaldığı romantikanın nəyi pis idi ki?! Nitsşe başdan-ayağa romantika deyilmi? Ya elə Elliot, Dostoyevski? Məsələn, oxucunun nə vecinədir ki, Markesi ədəbiyyatşünaslar mistik realizmin banisi sayırlar, oxucunu cəlb eləyən Markesin romantikasıdır, məncə.
- Gənclərdən sizə şeir göndərib rəy soruşan olurmu?
- “Facebook”da çox olur. Normal haldır, özüm də şeiri çap eləməzdən qabaq kiməsə oxuyuram. Ancaq bəziləri bunu qəribə bir hikkəylə edirlər, yəni məhz yaxşı fikir eşitmək istəyirlər. Yəni rəy soruşarkən elə “stoykada” dayanırlar ki, adam qorxur obyektiv fikir desin, belələri o dəqiqə adamı üzünə söyərlər. Şairlər vaxt-vədə ilə doğulmur, şairlər şeirlə doğulur və şeirlə də bu dünyanı tərk edir. Salam Sarvanın isə hələ bir dərdi var - ölmək hələ onluq deyil. Elə bu sualların altından çıxmaq da. Onu da deyəsən, bacarmayıb. Bacardığı şey bacardığı şeirdir, söz oynatmaq da deyəsən, onluq deyil, sözbazların işidir. Salam isə təpədən dırnağa kimi şairdir. Sözbazlar isə “taxta hədəflər dalında gizlənmiş vəziyyətdə” qalıb... Eynən ANS-in “Kökaltı”nda olduğu kimi. Görəsən, ANS-in kökünü yesək, “gizlənmək üçün” hansı meyvəni taparlar. Bəlkə almanı. Yox, almanı “alma”çılar “mənimsəyib”... Həftə sonu “Alma” qəzetini də oxumağa dəyər. Düzdür, Salamın bu şeiri orda dərc olunmayıb... “Kultaz.com”da işıq üzü görüb...
...Aldadırsan özünü ki,
xoşbəxt bir ömür sürmüsən -
guya keçən günlərində hər şey
qəzetlərdən kəsib yığdığın
ulduz fallarındakı kimi olub.
Hər şeyi, hamını unutmaqla
ölü kimi bir şeysən.
Təkcə soyuducunun fasiləli səsidi
həyatı arabir yadına salan...
– İkinci dəfə dünyaya gəlsəydiniz, yenə şair olardınızmı?
– Zarafatla verdiyin suala ciddi cavab verirəm. Mən istəməzdim. Amma ikinci həyat məni yenə şair kimi seçəcəkdi.
– Bəs üçüncü dəfə dünyaya gəlsəydiniz, həyat sizi yenə şair seçəcəkdi?
– Paralel dünyalar, insanın yeni həyat ehtimalları barədə Saramaqo yazırdı ki, adam yüz dəfə də dünyaya gələ bilər, amma bir dəfə doğulur. Yəni ki, o bir dəfəni şair kimi doğulan adam üçün sən deyən mənada yüzəcən saymağa ehtiyac yoxdur.
– Şair taleyinizdən razısınızmı?
– Yox! Razı deyiləm.
– Niyə?
– Bunu şərtləndirən xeyli səbəblər var.
– Məsələn...
– Birinci budur ki, mən şair olaraq heç vaxt həyatın məntiqinə uyğunlaşa bilmədim.
– Bəs ikinci...
– Haradasa oxumuşdum ki, tikanlarla dolu bu dünyada şeir yazmaq gül bitirmək kimi bir şeydir. Ancaq bəzən görürsən ki, yaxşı şeir yazmağı nəinki ədəbi mühitin adamları, heç oxucular da sənə bağışlaya bilmirlər. Və istər–istəməz sənət ərazisində sağlam olmayan rəqabətə düçar olursan. Mən düz 20 ildir dolayısıyla bu rəqabətin içərisindəyəm. Çox çətindir.
– Bəs üçüncü...
– Üçüncü tərəfi başa düşülmək ehtiyacıdır. Şairlərin əksəriyyəti iddia eləsə də ki, oxucu faktoru bizim üçün əhəmiyyətsizdir, ancaq bununla belə hər bir şairin içində duyulmaq, başa düşülmək ehtiyacı var.

Söhbətləşdi:
Fərzuq Seydbəyli